...

Litva parlamenti: Bəzi deputatların fərdi təşəbbüsləri Seymin rəsmi mövqeyi deyil (FOTO)

Siyasət Materials 20 Mart 2013 15:05 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu gün Litva Seyminin sədri Vidas Gedvilas ilə görüşüb.
Litva parlamenti: Bəzi deputatların fərdi təşəbbüsləri Seymin rəsmi mövqeyi deyil (FOTO)

Azərbaycan, Bakı, 20 mart /Trend/

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu gün Litva Seyminin sədri Vidas Gedvilas ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Litva parlamentləri arasında münasibətlər, iki ölkə əlaqələrinin inkişafı məsələləri müzakirə olunub. Seymdə bu əlaqələrin gücləndirilməsinə kölgə salan qondarma "Dağlıq Qarabağ"la "dostluq qrupu"nun yaradılması ətrafında mövqelər bir daha bəyan edilib. Səfir sözügedən qrupun Litva ali qanunverici orqanında yaradılmasının Azərbaycan tərəfindən ölkənin ərazi bütövlüyünün, suverenliyinin pozulması, eyni zamanda, separatçılığın dəstəklənməsi və beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik kimi qiymətləndirildiyini bildirib.

Seymin sədri Vidas Gedvilas Litva dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdıqlarını bir daha bəyan edərək, bəzi deputatların fərdi təşəbbüslərinin Seymin rəsmi mövqeyi olmadığını bildirib. O, Litva hökumətinin qəbul olunan fəaliyyət planında xarici siyasət kursunun dəyişməz olaraq qaldığını bir daha təkrar edib.

Görüşdə iştirak edən Seymin Xarci işlər komitəsinin sədri Benediktas Yuodka bu təşəbbüsün ölkənin xarici siyasət kursuna uyğun gəlmədiyini qeyd edib, məsələ ilə bağlı dərhal Seym rəhbərliyinin xüsusi iclasının keçirildiyini və yekdilliklə bu cür addımların yolverilməz olduğunu qəbul etdiklərini bildirib. Artıq "dostluq qrupu"na üzv olanların sayında azalmalar baş verir. Lakin Seymin nizamnaməsinə uyğun olaraq, istənilən millət vəkili fərdi olaraq istənilən məsələ ilə bağlı çıxış edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti