...

Azərbaycan və Çexiya əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Siyasət Materials 17 Aprel 2013 15:11 (UTC +04:00)
Azərbaycan və Çexiya arasında münasibətlərə yalnız enerji əməkdaşlığı çərçivəsində deyil, daha geniş formatda baxılmalıdır.
Azərbaycan və Çexiya əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Çexiya arasında münasibətlərə yalnız enerji əməkdaşlığı çərçivəsində deyil, daha geniş formatda baxılmalıdır. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov Çexiya Deputatlar Palatasının Xarici əlaqələr komitəsinin sədr müavini Yan Hamaçeklə görüşdə bildirib.

O qeyd edib ki, Azərbaycan və Çexiya arasında iqtisadi, enerji və digər sahələrdə çox intensiv əməkdaşlıq mövcuddur.

İkitərəfli əlaqələrin genişləndirilməsində parlamentlərarası əlaqələrin rolunu vurğulayan Ələsgərov Azərbaycan və Çexiya parlamentlərinin iki ölkə arasındakı əlaqələri daha üstün səviyyəyə qaldıracağına əmin olduğunu bildirib.

"Bizim əlaqələr yalnız enerji üzrə əməkdaşlıqdan ibarət deyil. Bir çox sahələr var ki, əməkdaşlığın səviyyəsini qaldırmaq olar. Bu, sənaye, kənd təsərrüfatı, turizm, mədəniyyət, tibb və digər sahələrdir. Hər birimiz növbəti görüşlərdə yeni nailiyyətlər barədə danışmaq üçün səylərimizi əsirgəməməliyik", - vitse-spiker deyib.

Görüşdə Hamaçek vurğulayıb ki, Çexiya Azərbaycan üçün dost ölkədir.

"Biz Azərbaycanın Avropa məkanına inteqrasiya səylərini dəstəkləyirik. Çexiya bu istiqamətdə Azərbaycana hərtərəfli kömək göstərməyə hazırdır", - o deyib.

Hamaçek ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafını vacib sayaraq azərbaycanlı həmkarlarını Çexiyaya səfərə dəvət edib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələri yalnız enerji məsələləri ilə əlaqələndirmək olmaz, Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin Çexiyaya səfəri iki ölkə arasında turizm sahəsinin inkişafına şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti