...

N.A.Paşayeva: Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşunaslıq Elmi Mərkəzinin yaradılması ilə əlaqədar anlaşma memorandumu imzalanmışdır (FOTO)

Siyasət Materials 30 Oktyabr 2013 05:41 (UTC +04:00)
M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayeva dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetinin dəvəti ilə Oktyabrın 28-də Oksford şəhərinə gəlmişdir
N.A.Paşayeva: Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşunaslıq Elmi Mərkəzinin yaradılması ilə əlaqədar anlaşma memorandumu imzalanmışdır (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayeva dünyanın ən qədim və nüfuzlu universitetlərindən biri olan Oksford Universitetinin dəvəti ilə Oktyabrın 28-də Oksford şəhərinə gəlmişdir. Professor Paşayeva Universitetin Şərqünaslıq fakültəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi haqqında elmi məruzə ilə çıxış etmişdir. Tədbirdə universitetin Şərqşünaslıq fakültəsinin rəhbəri professor Edmund Herziq habelə həmin fakültənin Ərəb dili və ədəbiyyatı üzrə professoru Culiya Brey, Fars dili və ədəbiyyatı üzrə doktoru Dominik Brukşo, klassik Ərəb ədəbiyyatı üzrə professor Geert Yan van Gelder, İslam tarixi üzrə professor Robert Hoyland, Şərqi xristianlıq bölməsinin professoru Teo van Lint və Türk dili və ədəbiyyatı üzrə doktoru Loran Minyon eləcə də Bodleyn kitabxanasında Şərqşünaslıq departamentinin rəhbəri doktor Gilyan Evison, Aşmolean muzeyinin İslam incəsənəti qalereyasının kuratoru doktor Françeska Leoni, Bodleyn kitabxanasının Yaxın Şərq və İslam əlyazmalarının kuratoru doktor Alastar Vatson iştirak etmişdirlər.

Bu tədbirdə həmçinin prof. N.Paşayevanın dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, şərqşunas-alim, BDU-nun ilahiyyət fakültəsinin dekanı V.Məmmədəliyev də iştirak etmişdir.

Prof. N.Paşayevanın çıxışı böyük maraqla qarşılanmış və geniş fikir mübadiləsinə səbəb olmuşdur. Çıxışdan sonra Prof. N.Paşayeva iştirak edən alimlərin suallarını cavablandırmışdır. Çıxışın sonunda Prof. N. Paşayeva demişdir

"Bizim iki qürur mənbəyimiz varsa onlardan biri Nizami Gəncəvidir."

Bu səfər zamanı Prof. N.Paşayeva mühüm bir sənəd imzalamış oldu. Bu "Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi" nin yaradılması ilə əlaqədar Oksford Universitetinin beynəlxalq inkişaf üzrə direktoru x-m Lieyzl Elder ilə Anlaşma Memorandomudur.

Mərkəz Azərbaycanın və onun yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin öyrənilməsi üzrə Böyük Britaniyada Oksford universiteti nəznində Azərbaycanın təsis olunan ilk elmi-tədqiqat ocağı olacaqdır. Nizami Gəncəvinin adını daşıyacaq bu elmi mərkəz, Azərbaycanın tarixi irsinə və mədəniyyətinə aid uzunmüddətli elmi-tədqiqat layihələrini, müxtəlif elmi, mədəni və ictimai tədbirlərin, müntəzəm sürətdə ictimai elmi mühazirələrin və müzakirələrin aparılmasını, və digər tədbirlərin həyata keçirilməsini məqsəd qoyur. Mərkəz həmçinin, M.V.Lomonosov adına MDU-nun Bakı filialı ilə Oksford Universiteti arasında müxtəlif ixtisas sahələri üzrə tələbə və akademik mübadilə proqramlarını həyata keçirməyi də nəzərdə tutur.

Anlaşma memorandumunun imzalanmasının ardınca Oksford Universitetinin rəhbərliyi adından qonağın şərəfinə universitetinin ən qədim Krist Çörç kollecində rəsmi nahar təşkil edilmişdir.

İşgüzar səfər zamanı Oksford Universitetin təhsil imkanları və burada həyata keçirilən təlim-tədris prosesi ilə tanış olan professor N.Paşayeva universitetin Şərqşünaslıq fakültəsinin dekanı Edmund Herzoq və professor Robert Hoylandın müşayiəti ilə dünyanın qədim və ən nüfuzlu universitetləri sırasına daxil olan bu təhsil ocağının nəzdində fəaliyyət göstərən məşhur Aşmolean muzeyində onun üçün təşkil edilmiş İslam və Qədim Yaxın Şərq qalereyasına baxış keçirmişdir.

Sonra qonaq Oksford Universiteti və dünyanın ən qədim və zəngin kitabxanalarından hesab olunan məşhur Bodleyn kitabxanasını ziyarət etmiş, Orta Əsrlər dövrünə aid burada saxlanılan bir sıra dünya, xüsusilə Şərq klassiklərinin, o cümlədən dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin əlyazmaları və onlara aid illüstrasiyalarla tanış olmuşdur. Bu məqsədlə Oksford Universitetinin rəhbərliyinin təşəbbüsü ilə muzeydə qonaq üçün xüsusi ayrılmış Hersoq Hemfri zalında Nizami Gəncəvinin əsərlərindən ibarət nadir əlyazma nüsxələri və dahi şairin "Xəmsə"-sinə aid müxtəlif illüstrasiyalar nümayiş etdirilmişdir. Ardınca Oksford Universitetinin adından professor N.Paşayevaya Nizami Gəncəvinin əsərlərinin əlyazmasının surəti hədiyyə edilmişdir. Prof. N.Paşayeva kitabxanaya Azərbaycan tarixi və mədəniyyətinə aid kitablar hədiyyə etmişdir.

Səfər proqramının sonunda Oksford Universitenin tələbə-müəllim heyəti habelə İngiltərə Azərbaycan Cəmiyyəti üzvlərinin iştirakı ilə Sent Cons kollecinin qonaq zalında qəbul təşkil edilmişdir. Qəbul zamanı Azərbaycan klassik musiqisindən parçalar ifa edilmiş, Baxın və Paqaninin əsərləri səslənmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti