...

Müxalifət düşərgəsində yeni birlik yarandı, köhnə birliyin ləğvi narazılıq doğurdu

Siyasət Materials 16 Noyabr 2013 12:27 (UTC +04:00)
Müxalifət düşərgəsində 11 partiyanın təmsil olunduğu Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) ləğv edilərək əvəzində 7 partiyanın təmsil olunduğu Demokratik Qüvvələrin Birliyi adında yeni təşkilat yaradılıb.
Müxalifət düşərgəsində yeni birlik yarandı, köhnə birliyin ləğvi narazılıq doğurdu

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir E.Mehdiyev/

Müxalifət düşərgəsində 11 partiyanın təmsil olunduğu Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) ləğv edilərək əvəzində 7 partiyanın təmsil olunduğu Demokratik Qüvvələrin Birliyi adında yeni təşkilat yaradılıb. Lakin yeni təşkilatın yaranması DQMM-də təmsil olunan bəzi partiyaların narazılığına səbəb olub.

DQMM-də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc Trend-ə açıqlamasında yeni birliyin onun iştirakı olmadan yaradıldığını bildirib: "Məni dəvət etmədən Demokratik Qüvvələrin Məşvərət Məclisinin yerinə Demokratik Qüvvələrin Birliyi adında qurum yaratdılar. Guya DQMM-dən çıxdılar, ora girdilər. Məqsəd isə faktiki olaraq məni kənarda qoymaq idi. Ondan sonra da onların böyük bir qismi Milli Şurada təmsil olundular. Orada da uğursuzluqdan sonra indi faktiki heç bir fəaliyyətləri yoxdur, bu, oyunbazlıqdan başqa bir şey deyil".

Ə.Oruc qeyd edib ki, yerdə qalan 4 partiyanın DQMM-nin fəaliyyətinin davam etdirilməsi barədə təklifləri olsa da, razılıq verilməyib.

Demokratik Qüvvələrin Birliyində təmsil olunan Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyev isə Əhməd Orucu yalan danışmaqda günahlandırıb: "Əhməd Orucun verdiyi səhv məlumatdır. Bizim qurumumuzdan Milli Şuraya üzv olanlar var, amma DQMB ayrıca bir qurumdur, Milli Şuranın üzvü deyil".

V.Mirzəyevin sözlərinə görə, DQMM əməkdaşlığa keçdi, yəni Demokratik Qüvvələrin Birliyi yaradıldı: "DQMM-də təmsil olunan 11 partiyadan hansı partiyaların əməkdaşlıq yaratması mümkündürsə, seçildilər. Yəni, belə bir qərara gəldik ki, siyasi baxışlara, münasibətlərə görə hansı partiya ilə əməkdaşlıq etmək mümkündürsə, əməkdaşlıq yaradılsın. Müzakirələr əsnasında qərara gəldik ki, 7 partiya eyni fikirdədir və ona görə də DQMM-nin adını dəyişib Demokratiq Qüvvələrin Birliyi qoyduq, yəni siyasi əməkdaşlıq formatına keçdik. Bizim digər dörd partiya ilə münasibətlərimiz yerində durur, sadəcə müəyyən baxışlarda fərqlər olduğuna görə belə alındı".

V.Mirzəyev bildirib ki, hazırda yeni birlik fəaliyyət göstərir və gələcək fəaliyyət planlarını hazırlamaqla məşğuldur.

Qeyd edək ki, yeni birlikdə AMİP, Xalq Azadlıq Partiyası, İslam Demokrat Partiyası, Açıq Cəmiyyət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Liberal Partiyası və Böyük Azərbaycan Partiyası təmsil olunur. Azadlıq, Azad Azərbaycan, Aydınlar, Liberal Demokrat partiyaları isə yeni qurumda yer almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti