Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanda müxalifət düşərgəsində yeni birliyin yaradılması ilə bağlı müzakirələr passiv şəkildə gedir. Bu barədə Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
Ə.Oruc qeyd edib ki, indiki mərhələ bir qədər yenidən formalaşma mərhələsidir: "Həm Milli Şurada baş verənlərin aydınlaşmaması, həm aktiv siyasi prosesin olmaması yeni birliyin yaranmasını ləngidir".
Partiya sədri əlavə edib ki, Azərbaycan müxalifətində əksər formatlar sınanıb, heç bir ciddi nəticə əldə olunmayıb: "Birliklərin hamısında eyni şəxslər prosesləri dalana gətirib çıxarıb. İndi istəyirik ki, yeni bir model ortaya qoyaq. Gərək bu birlik şəxsləri, partiyaları o qədər bağlamasın ki, onlar digər fəaliyyətlərini əsas gətirərək burada fəaliyyətlərindən imtina etsinlər".
Qeyd edək ki, Ə.Oruc bir müddət öncə Azərbaycanın müxalifət düşərgəsində yeni birliyin yaradılması ilə bağlı müzakirələr getdiyini bildirmişdi.