Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.Tariverdiyeva/
Qara dəniz regionunda təhlükəsizliyin qorunub saxlanması yalnız Ukraynanın gələcək hökumətinin balanslaşdırılmış mövqeyi olacağı zaman mümkündür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda öz işinə başlayan, "Şimal-Cənub" Politoloji Mərkəzinin təşkil etdiyi "Qara dəniz-Xəzər regionunun geosiyasəti: təhlükəsizlik problemləri" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı Kiyev Siyasi Araşdırmalar və Konfliktologiya Mərkəzinin eksperti Anton Finko deyib.
A.Finko bildirib: "Əgər Krım problemi sonralar da parçalanmanın səbəbi olacaqsa, bu, bütün regiona mənfi təsir edəcək. Ona görə də bu gün ölkə daxilində vəziyyətin stabilləşməsi üçün beynəlxalq oyunçuların müdaxiləsi vacibdir".
Ekspertin sözlərinə görə, bu gün Ukraynada idarə olunan demokratiya modeli məhv edilib, ölkəyə kənardan gətirilən model, idarə olunan xaos qalib gəlib.
A.Finko hesab edir ki, ölkədəki vəziyyət bu qüvvələrin səhvə yol verdiklərini göstərir. Çünki sabitliyin pozulmasından və rejimin süqutundan sonra "ərəb baharı"ndan sonra olduğu kimi, ölkədə xaos qalmaqda davam edir: "Ukraynada vəziyyəti stabilləşdirəcək və tənzimləyəcək subyekt yoxdur, ona görə də sistemin stabilləşməsi üçün xarici oyunçuların müdaxiləsi vacibdir".
Xatırladaq ki, Ukraynada etiraz aksiyaları nəticəsində Prezident Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb. Hazırda yeni hökumətin formalaşması işi aparılır və növbədəkənar seçkilərin keçirilməsinə hazırlıq gedir.