...

Zakir Həsənov: İranla əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Siyasət Materials 14 Aprel 2014 16:34 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda İranın müdafiə naziri, general Hüseyn Dehqanla görüşüb.
Zakir Həsənov: İranla əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İzzət, Ü.Niayeş/

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda İranın müdafiə naziri, general Hüseyn Dehqanla görüşüb.

Trend İran İslam Respublikasının Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə İranın müdafiə naziri, general H.Dehqan iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhlükəsizlik və hərbi sahədə böyük əməkdaşlıq potensialının olduğunu vurğulayıb. O deyib ki, ikitərəfli razılaşmalar və muqavilələrlə bu potensialı həyata keçirmək mümkündür.

H.Dehqan qeyd edib ki, iki ölkənin regional və beynəlxalq məsələlərdə ortaq mövqeyi var: "İranın hazırkı hakimiyyətinin xarici siyasətində Azərbaycanla əməkdaşlıq xüsusi yer tutur".

O, həmçinin İran Müdafiə Nazirliyinin Azərbaycanın təhlükəsizlik və müdafiə ehtiyaclarını təmin etməyə hazır olduğunu və azərbaycanlı həmkarının İrana səfəri nəticəsində təhlükəsizlik və müdafiə sahəsindəki əməkdaşlığın səviyyəsinin daha da yüksələcəyinə ümid etdiyini deyib.

İki ölkə arasındakı sərhədləri dostluq və qardaşlıq sərhədi adlandıran iranlı nazir münasibətlərin inkişafının sərhədlərdə təhlükəsizliyin təmin olunması ilə nəticələnəcəyini vurğulayıb.

O, həmçinin terror və ekstremizmə qarşı region ölkələrinin ciddi addımlar atmasının zəruri olduğunu bildirib.

İki ölkə arasındakı mədəni, tarixi, siyasi və dini ortaqlıqları vurğulayan Azərbaycanın müdafiə naziri Z.Həsənov isə İrana səfərindən razı qaldığını və bu səfərin nəticəsində hərbi əməkdaşlığın inkişaf edəcəyinə ümid etdiyini açıqlayıb: "İran regionun böyük ölkəsi, Azərbaycanın dostu və qonşusudur və bu ölkə ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir".

O, əlavə edib ki, iki ölkənin münasibətlərinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib, hazırda isə yeni mərhələyə keçməkdədir.

İki ölkənin Müdafiə nazirlikləri arasında qarşılıqlı inam və anlaşma olduğunu deyən nazir İranın sülhməqsədli nüvə proqramını dəstəklədiklərini vurğulayıb.

Z.Həsənov İranın nüvə sahəsində beynəlxalq ictimaiyyətlə əməkdaşlığının bu sahədə yekun razılığa gətirib çıxaracağına inandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti