...

Joze Manuel Barrozu: Avropa İttifaqı Azərbaycanın beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edən məsələlərdə tutduğu mövqeyə görə minnətdardır

Siyasət Materials 14 İyun 2014 23:51 (UTC +04:00)
Azərbaycan gündən-günə müasirləşir, eyni zamanda, ölkəniz özünün ənənələri və tarixi irsi ilə fəxr edir. Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının sədri Joze Manuel Barrozu iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə geniştərkibli görüşdən sonra mətbuata bəyanatlarla çıxışında deyib.
Joze Manuel Barrozu: Avropa İttifaqı Azərbaycanın beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edən məsələlərdə tutduğu mövqeyə görə minnətdardır

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycan gündən-günə müasirləşir, eyni zamanda, ölkəniz özünün ənənələri və tarixi irsi ilə fəxr edir. Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının sədri Joze Manuel Barrozu iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə geniştərkibli görüşdən sonra mətbuata bəyanatlarla çıxışında deyib.

Joze Manuel Barrozu bildirib: "Cənab Prezident, çox səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Bizim dialoqumuzun səviyyəsi və keyfiyyətinə, bir qədər əvvəl keçirdiyimiz çox acıq, səmimi və dost xarakterli müzakirəyə görə Sizə təşəkkür edirəm. Prezident İlham Əliyevin dəvəti ilə yenidən Azərbaycanda olmağımdan çox məmnunam. Bu, mənim Azərbaycana ikinci səfərimdir".

Avropa Komissiyasının sədri səfərini Avropa İttifaqının Azərbaycana və vacib ikitərəfli əlaqələrə verdiyi əhəmiyyətin bariz nümunəsi kimi dəyərləndirib: "Bundan əlavə, bu, mənim ölkənizlə bağlı şəxsi mövqeyimlə əlaqəlidir, çünki ölkənizin müasirləşməsi istiqamətində atılan addımlar məni valeh edir. Mən sonuncu dəfə Azərbaycanda 2011-ci ildə olmuşam və üç ildən sonra burada böyük yeniliklərin şahidiyəm. Ölkəniz gündən-günə müasirləşir, eyni zamanda, ölkəniz özünün ənənələri və tarixi irsi ilə fəxr edir. Zənnimcə, bu, çox vacib bir məsələdir. Biz Prezident Əliyevlə bir necə dəfə görüşmüşük - ötən il Brüsseldə və daha sonra "Şərq tərəfdaşlığı" Sammiti çərçivəsində Vilnüsdə".

Joze Manuel Barrozu qeyd edib ki, artmaqda olan bu görüşlər və fikir mübadiləsi Avropa İttifaqı və Azərbaycanın möhkəmlənməkdə olan münasibətlərimizin göstəricisidir: "Bu münasibətlər həm Azərbaycan xalqı, həm də Avropa İttifaqı vətəndaşlarının firavanlığı naminə inkişaf edəcəkdir. Biz bu gün ikitərəfli münasibətlərimizə dair və bir sıra regional məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Biz əlaqələrimizin gələcək inkişaf istiqamətlərinə toxunduq və qeyd etmək istərdim ki, Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır. Məsələn, biz enerji sahəsində strateji etibarlı tərəfdaş əldə etmişik".

Onun sözlərinə görə, Avropa İttifaqı bundan sonra da bu istiqamətdə demokratiya və birgə dəyərlər, xüsusilə də fundamental azadlıqlar üzərində qurulmuş uzunmüddətli əməkdaşlığı davam etdirmək niyyətindədir: "Mən Prezident Əliyevə açıq şəkildə bildirdim ki, çoxpartiyalı demokratiya, açıq cəmiyyət, açıq iqtisadiyyat davamlı sülh və sabitliyin əldə olunması üçün ən yaxşı vasitədir. Biz hesab edirik ki, çiçəklənən vətəndaş cəmiyyəti demokratiya üçün çox vacib məsələdir və uzunmüddətli sabitliyi təmin edir, müasir dövrdə dövlətlərin və cəmiyyətlərin müasirləşməsinin mühüm elementidir. Burada olmağımın daha bir səbəbi yaratdığımız çox güclü enerji tərəfdaşlığıdır. Fəxr edirəm ki, bu tərəfdaşlığın təməli mən və Prezident Əliyev tərəfindən bir neçə il öncə məhz bu salonda qoyulmuşdur".

Avropa Komissiyasının sədri qeyd edib ki, Azərbaycan bu gün Avropa İttifaqının ən böyük və etibarlı enerji tərəfdaşlarından biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə də öz töhfəsini verməkdədir: " Məmnunam ki, biz "Cənub" qaz dəhlizi ilə bağlı irəliləyişi də müzakirə etdik. Mən və Prezident Əliyev bu sahədə bir neçə il ərzində çox fəal çalışmışıq və şadıq ki, biz artıq real addımların atılmasının şahidiyik. Bu gün biz "Şahdəniz" qazının - Avropa istehlakçılarına nəql olunacaq qazın başlanğıc nöqtəsi olan Səngəçal terminalına birlikdə səfər edəcəyik. Bu, ilk mərhələdə 2019-cu ildən etibarən əlavə 10 milyard kubmetr qazın Avropaya nəql edilməsi deməkdir və gələcəkdə qazın həcmi artacaqdır. Biz "Cənub" qaz dəhlizi layihəsinin sürətləndirilməsi və genişləndirilməsi məsələsinə də toxunduq və razılığa gəldik ki, qarşıdan gələn illər ərzində bu məsələ bizim qarşılıqlı prioritetimiz olacaqdır. Mən bu layihənin inkişafı ilə bağlı əlavə imkanların müzakirəsini nəzərdə tuturam".

Joze Manuel Barrozu bəyan edib ki, Avropa İttifaqı "Cənub" qaz dəhlizinin uğurlu inkişafı ilə bağlı öz üzərinə düşənləri edəcəkdir: "Bu, istehlakçılar və mənbələrin şaxələndirilməsi işində mühüm məsələdir. Eyni zamanda, bu, Avropa Komissiyası tərəfindən Şuraya təqdim edilmiş Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasının tərkib hissəsidir. Həmin strategiya bu ayın 27-də Avropa İttifaqı Şurasında müzakirəyə çıxarılacaqdır. Enerji əməkdaşlığına diqqət yönəltməyimin səbəbi odur ki, ötən illərdə bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Lakin Azərbaycan ilə Avropa İttifaqı arasında çox mühüm əməkdaşlığı nəzərə alsaq, biz yalnız enerji sahəsi ilə məhdudlaşmamalıyıq və münasibətlərimizin digər sahələrdə də genişləndirilməsi arzusundayıq. Yeri gəlmişkən, biz ticarət sahəsində də çox vacib tərəfdaşıq. Siyasi sahədə də dialoqumuz genişlənir və dərinləşir. Dediklərimin konkret nümunəsi Azərbaycanın Avropa İttifaqının müxtəlif proqramlarında iştirakını təmin edəcək az öncə burada imzalanan Sazişdir. Bu, elm, təhsil, ətraf mühit və istehlak siyasəti, səhiyyə kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirəcəkdir. Görüşümüzdə Prezident Əliyev təhsilin Azərbaycanın inkişafı və müasirləşməsi üçün nə dərəcədə əhəmiyyətli məsələ olduğunu diqqətə çatdırdı. Mən şadam ki, Azərbaycandan olan çoxsaylı alim və tələbələr Avropa İttifaqının təhsil ocaqlarında, elm mərkəzlərində çalışır və təhsil alırlar. Bu da çox ümidverici sahədir".

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycan ilə əlaqələri genişləndirmək arzusundadır və bu mənada assosiativ üzvlüklə bağlı dəvəti qüvvədədir: "Eyni zamanda, biz anlayırıq və bunu açıq şəkildə müzakirə etdik ki, "Şərq tərəfdaşlığı" çərçivəsində vahid modelin bütün dövlətlərə şamil edilməsinə çalışmamalıyıq. Əminəm ki, əməkdaşlığımızın "Şərq tərəfdaşlığı" dəyərləri üzərində qurulması vacibdir və vaxt yetişib ki, əməkdaşlığımız konkret nəticələrlə ölçülsün. Prezident Əliyevlə belə bir razılığa gəldik ki, Strateji Müasirləşmə Tərəfdaşlığı sənədinin müzakirəsinə təkan verək və onu sürətləndirək. Ümid edirəm ki, bu danışıqlar yaxın aylarda başa çatacaqdır. Çox şad olardım ki, yaxın gələcəkdə Prezident Əliyev Brüsselə səfər etsin və həmin sənədi imzalasın. Bununla da bu, Sizin Brüsselə altıncı səfəriniz olacaq və futbol termini ilə desək, hesab 6:2 Sizin xeyrinizə olacaqdır. Yeri gəlmişkən, çox məşhur bir Avropa komandasının dəstəklənməsi sahəsində Azərbaycanın gördüyü işlərə görə təbriklərimi çatdırıram. Bu, insanlar arasında təmasların qurulması üçün əlavə bir vasitəsidir, çünki futbol sərhəd tanımır və dünyanın hər yerindən olan insanları bir araya gətirir. Zənnimcə, bu, istər idman, istərsə də xalqlar arasında təmaslar üçün vacib məsələdir. Şadam ki, biz, eyni zamanda, mühüm ticarət tərəfdaşlarıyıq".

Avropa Komissiyasının sədri çox şad olduğunu bildirib ki, 2013-cü ildə Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 17,9 milyard avroya çatıb: "Bu isə Azərbaycanın xarici ticarətinin 42 faizi deməkdir. Bu, ölkənizdə Avropa şirkətləri üçün geniş imkanların olduğunu göstərir. Prezident Əliyev burada çox düzgün qeyd etdi ki, Avropa İttifaqı və Avropa Komissiyası ilə əməkdaşlıqla yanaşı, ikitərəfli formatda üzv dövlətlərlə də uğurlu əməkdaşlıq mövcuddur. Biz üzv ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana tez-tez səfərə gəlməsini və yaxınlarda Prezident Əliyevin Avropa İttifaqına üzv dövlətlərə nəzərdə tutulmuş səfərini alqışlayırıq".

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq hökumətlər və dövlət qurumları arasında əməkdaşlıqla məhdudlaşmır: " Biz xalqlarımızı və cəmiyyətlərimizi bir araya gətirmək üçün çalışırıq və Prezident Əliyev Avropa Komissiyasına səfər edərkən Azərbaycan və Avropa İttifaqının mümkün qədər yaxın olması arzusunu ifadə etmişdi. Biz bu yaxınlarda viza sadələşdirilməsi və readmissiya Sazişini imzaladıq. Ümid edirəm ki, bu saziş Azərbaycan və Avropa İttifaqı arasında gediş-gəlişi sadələşdirəcəkdir. Açıq səma Sazişi də bu sahədə öz töhfəsini verə bilər. Biz, həmçinin Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etdik. Avropa İttifaqının qənaətinə görə bu münaqişənin ədalətli həlli olmadan Cənubi Qafqazda sülh və sabitlik bərqərar olmayacaqdır. Status-kvo davamlı deyildir. Biz ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını və irəliləyişin əldə edilməsi çağırışlarını dəstəkləyirik. Mən bu münaqişənin həllində Avropa İttifaqının münaqişə tərəflərinin mövqelərinin yaxınlaşdırılmasında konstruktiv rol oynamağa hazır olduğunu Prezident Əliyevin diqqətinə çatdırdım. Bundan əlavə, biz Ukrayna kimi qlobal və regional əhəmiyyətli məsələləri müzakirə etdik. Cənab Prezident, Azərbaycan bizim üçün çox yaxın tərəfdaşdır və biz artıq enerji sahəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişik. Ümid edirəm ki, Sizin rəhbərliyiniz və dəstəyiniz sayəsində biz yaxın zamanlarda Strateji Modernləşmə Tərəfdaşlığı Sazişini imzalayacağıq ki, bu da qeyd etdiyimiz kimi, Azərbaycanı Avropa İttifaqına mümkün qədər yaxınlaşdıracaqdır. Qeyd edə bilərəm ki, aramızda yüksək səviyyəli strateji etibar da mövcuddur".

Joze Manuel Barrozu bildirib ki, Avropa İttifaqı Azərbaycanın beynəlxalq müstəvidə qlobal sülh və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə tutduğu mövqeyə görə də minnətdarlığını bildirir: " Burada biz görürük ki, Azərbaycan və Avropa İttifaqının mövqeləri bir-birinə çox yaxındır. Bu səbəbdən biz əməkdaşlığı inkişaf etdirmək arzusundayıq. Təbii ki, bu əməkdaşlıq demokratiya və qanunun aliliyi kimi birgə dəyərlər üzərində qurulmalıdır. Əminəm ki, bugünkü görüşümüz ikitərəfli münasibətlərimizi möhkəmləndirdi. Avropa İttifaqı olaraq biz Azərbaycan ilə açıq, səmərəli əməkdaşlığı dərinləşdirmək niyyətindəyik, siyasi, iqtisadi və sosial müasirləşmə kimi strateji əhəmiyyətli məsələlərdə Azərbaycana dəstək verməyə hazırıq. Hesab edirik ki, bu, eyni zamanda, Avropa İttifaqının marağındadır və həmin səbəbdən bu əməkdaşlığı inkişaf etdiririk. Diqqətinizə görə təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti