...

Azərbaycan Prezidenti bir sıra ölkələrin dövlət başçılarını təbrik edib

Siyasət Materials 1 Sentyabr 2014 19:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Andrey Kiskaya təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti bir sıra ölkələrin dövlət başçılarını təbrik edib

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Andrey Kiskaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Slovakiya Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Slovakiya arasındakı mövcud dostluq əlaqələri qarşılıqlı maraq doğuran ikitərəfli əməkdaşlığımızın inkişafı üçün yeni-yeni imkanlar açacaqdır.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Dövlət başçısı Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqı da təbrik edib:

"Hörmətli cənab Prezident, Vyetnam Sosialist Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

İlham Əliyev, həmçinin Özbəkistan Prezidenti İslam Kərimova təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur: "Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə bütün Özbəkistan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Bu gün Sizin rəhbərliyinizlə dünya birliyində layiqli yer tutan qardaş Özbəkistan ölkənin ictimai-siyasi, sosial-iqtisadi inkişafı yolu ilə inamla irəliləyir.

Bizim xalqlarımızı tarixin sınağından çıxmış ümumi mənəvi və mədəni dəyərlər, dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri bağlayır. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında çoxplanlı qarşılıqlı əlaqələr bundan sonra da xalqlarımızın əsas mənafelərinə cavab verəcək, ölkələrimizin daha da inkişaf etməsinə və firavanlaşmasına hərtərəfli kömək edəcəkdir".

İlham Əliyev İslam Kərimova möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti