...

Xəzəryanı ölkələrin Həştərxan sammiti – səmimi müzakirələr və əməkdaşlıq məsələləri

Siyasət Materials 29 Sentyabr 2014 14:47 (UTC +04:00)
Həştərxanda bazar ertəsi bir çox beynəlxalq oyunçuların diqqətinin yönəldiyi Xəzəryanı dövlətlərin rəhbərlərinin növbəti forumu keçirilir.
Xəzəryanı ölkələrin Həştərxan sammiti – səmimi müzakirələr və əməkdaşlıq məsələləri

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Elmira Tariverdiyeva, Trend-in icmalçısı

Həştərxanda bazar ertəsi bir çox beynəlxalq oyunçuların diqqətinin yönəldiyi Xəzəryanı dövlətlərin rəhbərlərinin növbəti forumu keçirilir. Bu, təəccüblü deyil. Çünki bu gün Xəzər regionunda təkcə coğrafi baxımdan deyil, həm də geosiyasi və iqtisadi baxımdan bir çox ölkələrin maraqları toqquşur. "Şərq-Qərb" və "Şimal-Cənub" qitələrarası nəqliyyat istiqamətlərinin və kommunikasiyaların kəsişməsində yerləşən regionun ölkələri ABŞ, Avropa və Rusiya kimi iri beynəlxalq oyunçuların mühüm maraqları zonasına daxildirlər.

Həştərxanda Xəzəryanı ölkələrin liderlərinin sammiti bütün regionun və ayrı-ayrılıqda regionun hər bir ölkəsinin taleyində çox böyük önəm kəsb edəcək.

Xəzər regionu ölkələri üçün başlıca məsələyə - Xəzərin statusuna gəldikdə, bu halda çətin ki, ölkələr heç olmasa müəyyən konsensusa gələ bilsinlər, çünki Xəzər regionu ölkələrində bu məsələnin hər bir ideal həlli haqqında son dərəcə müxtəlif təsəvvürlər mövcuddur. Bunun da səbəbi aydındır. Beş Xəzəryanı dövlət regionda həddindən artıq müxtəlif rollara malikdirlər.

Statusa dair cari məsələlərin Xəzəryanı dövlətlərin müxtəlif səviyyəli nümayəndələrinin görüşlərində həll olunmasına baxmayaraq, əsas məsələlər müzakirədən kənarda qalır, çünki onlar Xəzəryanı dövlətlərin xarici siyasətində əngəllər törədir. Mövqelər bir-birinə tam zidd olduqda region üçün bu son dərəcə mühüm məsələ ilə bağlı yekdil fikrə gəlmək çətindir. Və yaxın gələcəkdə bu vəziyyəti dəyişmək çətin ki, mümkün olsun. Belə ki, növbəti zirvə toplantısında başlıca mövzu status yox, Xəzəryanı ölkələrin qarşılıqlı siyasi və iqtisadi fəaliyyəti olacaq.

Həm də bu gün bir sıra səbəblər üzündən Azərbaycan regionda əsas rollardan birini oynayır və müxtəlif sahələrdə Bakı ilə əməkdaşlıq zirvə toplantısının əsas mövzularından biri olacaq.

Qərb ölkələri bir çox illər Xəzər regionuna, əsasən Azərbaycana enerjidaşıyıcı mənbəyi kimi baxırlar. Eləcə də artıq 2017-ci ildə Azərbaycanla Qərbi birləşdirən qaz kəmərinin tikintisinə başlanacaq. Enerji sahəsində əməkdaşlıqda məhz Azərbaycana Xəzər regionundan Qərbə alternativ ixrac marşrutları açan ölkə kimi baxmaq olar.

Bu gün Azərbaycanın strateji hədəfi, ilk növbədə, öz maraqları nəzərə alınmaqla bütün maraqlı xarici oyunçular arasında münasibətlərin tarazlığının qorunub saxlanmasıdır. Bu mənada Azərbaycanın maraqları Rusiyadan enerji müstəqilliyi qazanmağa çalışan Qərbin maraqları ilə üst-üstə düşür. Respublikanın əlverişli geostrateji yerləşməsi, zəngin karbohidrogen ehtiyatları, ölkənin dünyəviliyi - bunların hamısı bu məsələdə Bakının xeyrinə işləyir. Bununla yanaşı, Azərbaycan Rusiyanın təsirini şişirtmədən iqtisadi məqsədəuyğunluğa görə Moskva ilə bərabər əməkdaşlıq münasibətlərini dəstəkləyir.

Rusiyaya gəldikdə, Xəzəryanı əməkdaşlıq kontekstində оnun Azərbaycana İran ilə qarşılıqlı fəaliyyət üçün tranzit yol kimi baxması vacibdir. Hazırda Azərbaycan ərazisindən həyata keçiriləcək İrana elektrik enerjisinin ixracı məsələsinə baxılır. Artıq Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar Rusiya və İran arasında əmtəə dövriyyəsinin xeyli artırılması planlaşdırılır. İranın müxtəlif mallarla Rusiya bazarına çıxması üçün çoxlu imkanları yaranır ki, bu da öz növbəsində Azərbaycana hər iki ölkə ilə mal dövriyyəsini artırmaq, eləcə də yüklərin tranziti üçün əlavə maliyyə vəsaitləri əldə etmək fürsəti verəcək. Azərbaycan həm də Xəzərdə üçüncü qüvvənin yaranmaması məsələsində Rusiya və digər Xəzər dövlətləri ilə həmrəydir ki, bu da zirvə toplantısında müzakirələrin əsas mövzusu ola bilər.

Xəzər regionunda mühüm regional oyunçulardan Rusiyanın müttəfiqi olan Qazaxıstandır, çünki bir çox iqtisadi məsələlərdə onunla bağlıdır. Lakin bu respublika müstəqil xətt yürütməyə və digər Xəzəryanı ölkələr arasında münasibətlərdə vasitə olmağa cəhd göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti