...

Ermənistan tarixində ən zəif prezident

Siyasət Materials 18 Fevral 2015 22:00 (UTC +04:00)
O, prezidentliyi dövründə sələfləri Levon Ter-Petrosyan və Robert Koçaryanla müqayisədə "çox əzabkeş" erməni millətinin əzablarını daha artırıb.
Ermənistan tarixində ən zəif prezident

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend

Serj Sarkisyan Ermənistanın 1991-ci ildə müstəqillik qazanmasından etibarən bu ölkəyə rəhbərlik etmiş ən zəif prezidentdir. O, prezidentliyi dövründə sələfləri Levon Ter-Petrosyan və Robert Koçaryanla müqayisədə "çox əzabkeş" erməni millətinin əzablarını daha artırıb. Sarkisyanın prezident vəzifəsində uğursuzluqları, demək olar, ölkə həyatının bütün sahələrini əhatə edir.

Başlayaq iqtisadiyyatdan. Ölkəyə rəhbərlik etməzdən əvvəl sələflərinin rəhbərliyi altında müxtəlif güc strukturlarında rəhbər vəzifələrdə işləmiş Sarkisyan hərbi iqtisadi rejim tətbiq edib. Ölkədə hərbi xuntaya rəhbərlik edən Sarkisyan yerli iş adamlarına qarşı terror siyasətini dövlət səviyyəsinə yüksəldib. Təsadüfi deyil ki, erməni sahibkarlar arasında intihar halları artmağa başlayıb.

Onun prezidentliyi dövründə ölkə iqtisadiyyatı eniş dövrünü yaşayır, investisiyalar kəskin azalıb, yoxsulluğun səviyyəsi isə artıb. Ermənilər daha yaxşı həyat arzusu ilə kütləvi şəkildə Rusiyaya üz tuturlar. Sarkisyanın idarəçiliyində ölkənin Rusiya tərəfindən özəlləşdirilməsi prosesi başa çatıb. Prosesin son mərhələsi isə Ermənistanın Avrasiya Gömrük İttifaqına qoşulması oldu.

İqtisadi cəhətdən Rusiyadan tam asılı vəziyyətə düşən Ermənistan bunun əziyyətini Moskvaya tətbiq edilən sanksiyalar zamanı bir daha hiss etdi. Rublun dəyərdən düşməsi avtomatik olaraq Ermənistan dramını hörmətdən saldı, ölkə valyutası devalvasiyaya uğradı.

Siyasətlə davam edək. Prezidentliyə mart hadisələrində xalqın qanını tökməklə gələn Sarkisyana qarşı ölkə tarixində ən güclü müxalifət bloku yaradıldı. "Çiçəklənən Ermənistan", "Ermənistan Milli Konqresi" və "İrs" üçlüyü mütəmadi olaraq əhalini mitinqlərə və rejimə qarşı mübarizə aparmağa səsləyir. Rusiyalı hərbçinin 7 ermənini qətlə yetirməsi zamanı isə Sarkisyanın mövqesizliyi onun oyuncaq fiqur olduğunu göstərdi.

Sarkisyan xarici arenada da etibarsız siyasətçi kimi ad qazanıb. "Futbol" diplomatiyası ilə başlayan və sonra əlaqələrin normallaşdırılmasını nəzərdə tutan protokolla davam edən Türkiyə-Ermənistan münasibətlərində Sarkisyan səmimi davranmadı. Bura Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqları da aid etmək olar.

Bu proseslər onu göstərdi ki, Sarkisyanla deyil, onun himayədarları ilə danışıqlar aparmaq daha səmərəlidir. Sarkisyanın bir siyasətçi kimi tam gözdən düşməsi isə Avrasiya Gömrük İttifaqının iclasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin çıxışı ilə baş tutdu. O, Nazarbayevə yalnız mat vəziyyətində baxmaqla yadda qaldı.

Son olaraq hərbi sahə barədə. 1994-cü ildə atəşkəsin elan olunmasından etibarən Ermənistan tərəfinin ən çox itki verdiyi dövr məhz Sarkisyanın prezidentliyi dövrünə düşür. Düşmən tərəfin canlı qüvvəsi ilə yanaşı, hərbi texnikaları da sıradan çıxarılır. Cəbhə boyunca daim təxribatlara əl atan Sarkisyan rejimi hər dəfə itki verməklə geri çəkilir. Onun dövründə Ermənistan ordusu da etibarını itirib.

Sadalan faktları nəzərə alaraq demək olar ki, o, Ermənistan tarixinin ən zəif prezidentidir. Sarkisyanın bu vəziyyətə düşməsində Azərbaycanın "günahı" böyükdür. Sarkisyanın prezidentliyi Azərbaycanın ən güclü dövrünə düşüb.

Azərbaycanın daha da gücləndiyini nəzərə alsaq, Sarkisyanı daha çətin günlər gözlədiyini söyləmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti