...

Prezident Çıonq Tan Şanq: Azərbaycan-Vyetnam əlaqələrinin strateji əsası var

Siyasət Materials 14 May 2015 16:03 (UTC +04:00)
Bu gün sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Prezident Çıonq Tan Şanq: Azərbaycan-Vyetnam əlaqələrinin strateji əsası var

Azərbaycan, Bakı, 14 may /Trend/

Bu gün sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Prezident Çıonq Tan Şanq bəyanatında deyib ki, Azərbaycana səfər etmək imkanından çox məmnundur. Azərbaycan çox gözəl ölkədir, qədim tarixə, mədəniyyətə malikdir: "Biz bilirik ki, bu ölkənin çox zəngin potensialı var və Azərbaycan bizə çox dost ölkədir. Bizə göstərilən səmimi qəbula və ehtirama görə cənab Prezident, Sizə, azərbaycanlı dostlarımıza minnətdarıq. Vyetnam nümayəndə heyətinə və mənə yüksək qonaqpərvərlik göstərilmişdir. Bizim ölkələrimiz arasındakı münasibətlər inkişaf edir.

Bizim bu gün cənab Prezident İlham Əliyev ilə çox məhsuldar və səmərəli danışıqlarımız oldu. Cənab Prezident ilə biz yekdilik ki, Vyetnam və Azərbaycan çox böyük imkanlara malikdirlər. Bu, bizə imkan verir ki, əlaqələrimizi, əməkdaşlığımızı, iqtisadi və ticari sahədə işbirliyimizi daha da artıraq və digər sahələrdə işləyək. Biz, həmçinin qeyd etdik ki, artıq imzalanmış sazişlər həyatda öz əksini tapsın və bu gün imzalanan sazişləri də icra edək. Biz bu gün nəzərdən keçirməliyik ki, yaxın gələcəkdə daha hansı sazişləri imzalayaq ki, əməkdaşlığımızı daha da inkişaf etdirək".

Dövlət başçısı qeyd edib ki, digər vacib məqamlar da nəzərdən keçirildi. Hər iki tərəf razılığa gəldi ki, nümayəndə heyətlərinin səfərlərinin, xüsusən də yüksək səviyyəli səfərlərin sayı artsın: "Cənab Prezident qeyd etdi ki, son bir il ərzində biz olduqca mühüm iki dövlət səfərini həyata keçirdik. Bu, bir daha bizim etimada əsaslanan münasibətlərimizi nümayiş etdirir. Bizim Xarici İşlər nazirliklərimiz arasında daha sıx məsləhətləşmələrin aparılması vacibdir ki, beynəlxalq səviyyədə atdığımız addımlarımızı əlaqələndirək. Nümayəndə heyətlərinin səfərləri daha da artmalıdır. Müxtəlif nazirliklər və qurumlar arasında səfərlər mübadiləsi aparılmalıdır. Biz imzalanmış sazişləri icra etməliyik".

Vyetnam Prezidenti Çıonq Tan Şanq ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin də inkişaf etdiyini diqqətə çatdırdı, bu sahədə yaxşı perspektivlərin olduğunu bildirərək dedi: "Bizim ölkələrimiz arasında əməkdaşlıq artıb. 2014-cü ildə ticarət dövriyyəsi 422 milyon ABŞ dolları təşkil edib ki, bu da 2013-cü il ilə müqayisədə 30 faiz artım deməkdir. Qeyd etmək istəyirik ki, hökumətlərarası komissiyanın ilk iclası keçirilmişdir. Bu məqsədlə biz neft və qaz sahəsində əməkdaşlığı genişləndirmək əzmindəyik. Bu, əməkdaşlıq üçün olduqca vacib bir sahədir".

Onun sözlərinə görə, bu əlaqələrimizin strateji əsası var: "Çünki Prezidentimiz Xo Şi Min vaxtilə Bakıda zəngin neft-qaz yataqlarına səfər etdikdə onun bir arzusu var idi ki, biz bu sahələrdə birgə işləyək".

Vyetnamın Prezidenti regional təhlükəsizliyin təmin olunmasının sülh və danışıqlar yolu ilə həllinin vacibliyini bildirərək dedi: "Biz istərdik ki, məhz Vyetnam ilə Azərbaycan arasındakı əməkdaşlıq, dostluq geniş şəkildə inkişaf etsin. Bu, hər iki ölkəyə, bizə çox konkret fayda verəcəkdir.

Cənab Prezident, hörmətli dostlar, diqqətinizə görə çox sağ olun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti