...

Litvada azərbaycanlı tələbələrin işlə təmin olunması müzakirə edilib

Siyasət Materials 22 May 2015 10:37 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın daxili işlər naziri Saulius Skvernelislə görüş keçirib.
Litvada azərbaycanlı tələbələrin işlə təmin olunması müzakirə edilib

Azərbaycan, Bakı, 22 may /Trend/

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın daxili işlər naziri Saulius Skvernelislə görüş keçirib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Litva Daxili İşlər Nazirliyinin strukturu Yanğınla Mübarizə və Xilasetmə, Miqrasiya, Dövlət Sərhədinin Mühafizəsi, Regionların İnkişafı, İnformasiya Texnologiyaları və bir sıra digər departamentləri əhatə edir.

Görüş zamanı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin son illər ərzində Litva Daxili İşlər Nazirliyi ilə sıx və məhsuldar əməkdaşlığı, qarşılıqlı səfərlərin həyata keçirilməsi, konkret işlərin aparılması xüsusi ilə vurğulanıb. Eyni zamanda, bu cür təcrübənin Litva Daxili İşlər Nazirliyinin digər fəaliyyət istiqamətləri üzrə də davam etdirilməsinin mümkünlüyü qeyd edilib və Azərbaycan Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi maraq kəsb etdiyi bildirilib.

Miqrasiya məsələlərinə toxunan S.Skvernelis hazırda əcnəbilərin Litvada təhsil aldıqdan sonra ölkədə qalıb qanuni yaşayıb işləməyə icazə verən qanuna baxıldığını qeyd edib. Mövzu ilə bağlı səfir Azərbaycan Prezidenti tərəfindən təhsil sahəsinə xüsusi diqqətin yetirildiyini qeyd edib. O, hazırda Litvanın 5 universitetinin Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramına daxil edildiyini və Litva ali məktəblərində 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti