...

Əhməd Oruc: "Müsavatda baş verənlərə təəssüf hissi ilə baxırıq"

Siyasət Materials 9 İyun 2015 22:09 (UTC +04:00)
Müsavat Partiyasında insanlara mühacirət üçün saxta sənəd verilməsi ilə bağlı məsələ qurultaydan sonrakı proseslərin tərkib hissəsidir.
Əhməd Oruc: "Müsavatda baş verənlərə təəssüf hissi ilə baxırıq"

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyasında insanlara mühacirət üçün saxta sənəd verilməsi ilə bağlı məsələ qurultaydan sonrakı proseslərin tərkib hissəsidir. Bunu Trend-ə Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Ə.Oruc qeyd edib ki, qurultaydan sonra partiya daxilində ikiyə bölünmə və qarşı tərəfi nüfuzdan salma prosesi gedir: "Mənə elə gəlir ki, bu da həmin prosesin tərkib hissəsidir. Müsavat Partiyasında baş verənlərə təəssüf hissi ilə baxırıq. Ciddi bir partiya, 20-25 ilin əqidə yoldaşları bir-biriləri haqqında həqiqətə uyğun olub-olmamasından asılı olmayaraq, belə xoşagəlməz fikirlər yayırlar".

O, Müsavat Partiyasında baş verənlərin ümumi müxalifətə mənfi təsir göstərdiyini bildirib: "İctimaiyyətin "hansı partiya yaxşıdır, fərqlidir" kimi bir araşdırma aparmaq imkanı yoxdur. Faktiki olaraq hansısa müxalifət partiyası adına baş verən proses ümumi müxalifət düşərgəsinin adına yazılır. Bu baxımdan belə hadisələr ümumi müxalifətin zəifləməsinə səbəb olur".

Qeyd edək ki, ötən il sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Digər qrup narazı üzvlər isə Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaradıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti