Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
"Prinsipial mövqe nümayiş etdirən Baş nazir Kemeron kimi olar. Müstəqillik iddiasında olan Kataloniyaya əməlli-başlı hədə qorxu gəlib".
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: "Amma cənab Kemeron, görünür, Bako Saakyanın Londona səfərini, görüşlərini və çıxışlarını normal hesab edir. Yəqin Kataloniya çıxsa, əvəzinə Avropa İttifaqına qondarma "Dağlıq Qarabağ respublikası"nı qəbul etmək niyyətləri var".
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Devid Kemeron Kataloniyanın İspaniyadan ayrılacağı təqdirdə avtomatik olaraq Avropa İttifaqından kənarda qalacağı və Aİ-yə üzv olmaq istəyən ölkələr sırasında növbə gözləyəcəyi ilə bağlı açıqlama verib.
Daha əvvəl Kataloniya Milli Assambleyasının prezidenti Jordi Sançes Kataloniyanın müstəqilliyinin elan ediləcəyi təqdirdə onun Avropa İttifaqı daxilində qalmaqda davam edəcəyi və avrodan imtina etməyəcəyi barədə açıqlama vermişdi. Onun təmsil etdiyi qurum Kataloniyanın İspaniyadan ayrılması üçün aktiv fəaliyyət göstərən təşkilatdır.