...

MSK müsavatçıların şikayətinə baxdı

Siyasət Materials 29 Sentyabr 2015 17:03 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK müsavatçıların şikayətinə baxdı

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Elçin Mehdiyev

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend xəbər verir ki, iclasda bu il noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

MSK-nın katibi Arifə Muxtarova deyib ki, 94 saylı Bərdə kənd seçki dairəsindən namizədliyini irəli sürmüş Müsavat Partiyasının üzvü Dadaş Əhmədli seçki dairəsinin qərarını mübahisələndirib. A.Muxtarova deyib ki, D.Əhmədlinin müraciətini Ekspert Qrupu araşdırıb. Məlum olub ki, onun təqdim etdiyi 550 imzadan 192-si etibarsızdır. İclasda dairə seçki komissiyasının D.Əhmədlinin namizədliyinin qeydə alınmaması ilə bağlı qərarı qüvvədə saxlanılıb.

Müsavat Partiyasının Ağcabədi rayon təşkilatının sədri Rəşid Rəcəblinin müraciətinə də baxılıb. 82 saylı Ağcabədi seçki dairəsindən namizədliyini irəli sürən R.Rəcəbli dairə seçki komissiyasının qərarını mübahisələndirib. O, müraciətində bildirib ki, DSK-ya təqdim edilən imza vərəqələrinin yoxlanılmasında onun iştirakı təmin edilməyib və əsassız olaraq namizədliyi qeydə alınmayıb. Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, R.Rəcəbli DSK-ya 550 imza təqdim edib. Həmin imzalardan 224-nün sahibi bundan imtina edib, bildiriblər ki, imzalar aldadılma nəticəsində yığılıb. MSK R.Rəcəblinin şikayətini təmin etməyib və onun namizədliyi qeydə alınmayıb.

MSK-nın iclasında iştirak edən R.Rəcəbli MSK-nın qərarına etirazını bildirib və deyilənlərin əssasız olduğunu qeyd edib.

61 saylı Neftçala seçki dairəsindən Kamran Əsədovun MSK-ya müraciəti müzakirəyə çıxarılıb. MSK üzvü Qabil Orucov deyib ki, K.Əsədovun tələbi aydın olmadığından müraciət baxılmamış hesab edilsin.

74 saylı Lənkəran kənd seçki dairəsindən Tural Hüseynovun müraciətində qeyd edilib ki, müvafiq dairə seçki komissiyası əsassız olaraq onun namizədliyini qeydə almayıb. T.Hüseynov ona imza verənlərə təzyiq edildiyini qeyd edib.

Ekspert Qrupunun araşdırması nəticəsində bəlli olub ki, imzalarını geri götürən şəxslərin imzaları istisna edilərsə, namizədliyin qeydə alınması üçün imzalar yetərli sayda deyil. Beləliklə, DSK-nın onunla bağlı verdiyi qərar qüvvədə saxlanılıb, T.Hüseynovun namizədliyi qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti