...

Rafael Cəbrayılov: Şirvanda namizədlər sağlam siyasi mübarizə aparırlar

Siyasət Materials 28 Oktyabr 2015 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Milli Məclis seçkiləri üçün təbliğat-təşviqat kampaniyası çox yüksək səviyyədə gedir. Bunu Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov deyib.

Deputat bildirib ki, bunun bir sıra obyektiv səbəbləri var: "Mən əslən Şirvanlıyam. Şirvanda böyümüşəm. Orta məktəbi burada bitirmişəm. Hər zaman bu insanların içində olmuşam. Elə bir vaxt olmayıb ki, 15 gündən artıq müddət keçsin və mən Şirvana getməyim. Bilirsiniz ki, mənim evimdə də Şirvandadır. Ona görə də təbliğat-təşviqat kampaniyası ürəyimcədir".

Şirvanda demokratik mühitin olduğunu deyən R.Cəbrayılov qeyd edib ki, namizədlər üçün bütün şərait yaradılıb.

Onun sözlərinə görə, namizədlərin seçicilərlərlə görüşməsi məqsədi ilə ayrılan yerlərdən hər kəs maneəsiz istifadə edə bilir: "Şirvanda lap əvvəllərdən hər bir şərait yaradılıb. 6 namizəd var. Bütün namizədlər təbliğat kampaniyalarını aparırlar. Düzdür, görüşlərə gələn insanların sayında böyük fərqlər var. Amma namizədlərin seçicilərlə görüşüb təbliğatlarını aparmaları üçün heç bir məhdudiyyət yoxdur. İndiyə kimi namizədlər arasında hər hansı anlaşılmazlığın yaşanmasını görməmişəm. Elə bu yaxınlarda namizədlərlə qərargahımda çay süfrəsi ətrafında geniş fikir mübadiləsi apardıq. Bununla yanaşı, bir-birimizi dinlədik və seçkilərdə uğurlar arzuladıq. Şirvanda sağlam rəqabət var. Şirvanda namizədlər öz təbliğat-təşviqat kompaniyalarını əks-təbliğat üzərində qurmurlar. Digərlərinə qarşı ədəbsiz hərəkət etmirlər, şərəf və ləyaqətinə, heysiyyatına toxunan addımlar atmırlar, bir sözlə sağlam siyasi mübarizə aparırlar".

Millət vəkili bu yaxınlarda bəzi Kütləvi İnformasiya Vasitələrində ona qarşı şər-böhtan xarakterli yazıların dərc edilməsi məsələsinə də toxunub. Azərbaycan mətbuatının öz üzərinə düşən işi layiqincə yerinə yetirdiyini vurğulayan R.Cəbrayılov bildirib ki, öz xidməti vəzifəsini namusla, alnı açıq, şərəflə, ləyaqətlə yerinə yetirən mətbuat işçiləri var: "Bununla yanaşı, mətbuatın tör-töküntüləri və üzdən iraqları da var. Yəni, utanmadan özünü jurnalist adlandıranlar var. Onları mən Azərbaycan mətbuatı sırasına aid etmirəm. Çünki onlar Azərbaycan mətbuatından kilometrlərlə uzaq insanlardır. Azərbaycan mətbuatının üz qarası, belə deyək, tör-töküntüləridir. Azərbaycan mətbuatına şərəf gətirməyən kəslərdir. Mən onu deyim ki, belə kəslər bütün fəaliyyət sahələrində var".

Ona atılan şər xarakterli məqalələri yazan şəxsin təhsilsiz və jurnalistikadan uzaq biri olduğunu vurğulayan deputat qeyd edib ki, belə adamlar Azərbaycan mətbuatının üz qarasıdır: "Azərbaycan jurnalistikasının üz qarası olan bu insanlar ilk növbədə jurnalistlərin sıralarını korlayırlar. Belə insanlardan Azərbaycan mətbuatının yaxa qurtarması ilk növbədə jurnalistikanın özünün maraq dairəsindədir. Siz əgər fikir vermirsinizsə, Azərbaycan jurnalistikasında qələmi, sözü, mövqeyi olan, tanınan bir jurnalist tapa bilməzsiniz ki, "Diffamasiya haqqında qanun"un qəbul olunmasını tələsdirsin. Yəni ki, böhtan və təhqirə görə, Cinayət Məcəlləsində 147 və 148-ci maddələri çıxarılmasını istəsin. Mənim jurnalistikaya həmişə xüsusi rəğbətim olub. Həmişə demişəm ki, Azərbaycanda demokrtaiyanın inkişafı ilə bağlı hər kəs öz sferasında fəaliyyət göstərir. Amma jurnalistlər demokratiyanı sanki çiyinlərində daşıyırlar. Yəni, birbaşa onların fəaliyyəti demokratiya ilə, şəffaflıqla, aşkarlıqla bağlıdır. Amma bu şəxslər üzdən iraq fəaliyyətləri ilə jurnalistikanın sıralarını korlayırlar. Mən bununla bağlı Milli Məclisin ilk iclaslarında cari məsələlər olan kimi çıxış edəcəyəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti