...

Rafael Cəbrayılov: Müsavat Partiyasının boykot qərarı siyasi cığallıqdan savayı bir şey deyil

Siyasət Materials 29 Oktyabr 2015 15:03 (UTC +04:00)
"Müsavat Partiyasının parlament seçkilərini boykot etməsi ilə bağlı məlum addımı mənim üçün gözlənilməz deyildi. Çünki bu addım Müsavat Partiyasının - istər parlament seçkiləri olsun, istər prezident seçkiləri olsun, bütövlükdə seçkilərlə bağlı "ənənəvi" münasibətinin növbəti ifadəsi idi".
Rafael Cəbrayılov: Müsavat Partiyasının boykot qərarı siyasi cığallıqdan savayı bir şey deyil

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

"Müsavat Partiyasının parlament seçkilərini boykot etməsi ilə bağlı məlum addımı mənim üçün gözlənilməz deyildi. Çünki bu addım Müsavat Partiyasının - istər parlament seçkiləri olsun, istər prezident seçkiləri olsun, bütövlükdə seçkilərlə bağlı "ənənəvi" münasibətinin növbəti ifadəsi idi".

Trend-in məlumatına görə, bunu Milli Məclisə seçkilərdə 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov dilə gətirib.

"Biz həmişə bunun şahidi olmuşuq ki, hətta seçkiöncəsi, seçkiyə uzun müddət qalanda belə, Müsavat Partiyası və yaxud bir sıra onun kimi qaragüruhçu partiyalar var ki, seçkinin guya saxtalaşdırılacağı ilə bağlı bir ekstrasenslik "fəaliyyət" aparıb, bəyanatlar verib. Şəxsən mən özüm indiyə kimi konkret olaraq, Müsavat Partiyasının deputatlığa namizədlərinin normal bir təbliğat apardığının da şahidi olmamışam. Biz Müsavat Partiyasından belə bir ucuz və qeyri-ciddi hərəkəti onsuz da gözləyirdik. Əslində isə Azərbaycandakı bu demokratik seçki mühitindən bu gün sui-istifadə halları o qədər çoxdur ki, o sui-istifadənin biri də elə Müsavat Partiyasının məlum addımıdır", - deyə o bildirib.

R. Cəbrayılov vurğulayıb ki, Müsavat Partiyasının bu addımı siyasi cığallıqdan savayı bir şey deyil. "Onlar əgər həqiqətən də parlament seçkilərini boykot etmək fikrindəydilərsə, səmimi görünmək istəyirdilərsə, bunu elə əvvəlcədən də edə bilərdilər. Yaxud da, seçki qanunvericiliyinə görə hazırda heç bir namizədin öz təşəbbüsü ilə seçki marafonundan geri çəkilmək, daha doğrusu, namizədliyini geri götürmək hüququ yoxdur. Bu, məhkəmə qaydasında olmalıdır. Yəni, bu addımı namizədlərin öz namizədliyini geri çəkmək, geri götürmək üçün müəyyən edilən vaxtda ataydılar və o zaman bu, daha səmimi addım kimi qəbul olunardı. Yoxsa, başa düşmək olmur, cəmi 3 gündən sonra seçki-səsvermə günüdür, onlar indi belə bir addım atmaqla nə düşünürlər və bu addımın nə faydası var ki? Hesab edirəm ki, bu, ucuz siyasi divident qazanmaq üçün xatirinə edilən siyasi cığallıqdır", - deyə o, sözlərinə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti