...

Politoloq: Rusiya ilə ABŞ arasındakı münasibətlərin dinamikası müharibəni yeganə həll variantına çevirə bilər

Siyasət Materials 5 Fevral 2016 13:24 (UTC +04:00)
Rusiya ilə ABŞ arasındakı münasibətlərin dinamikası müharibəni yeganə həll variantına çevirə bilər.
Politoloq: Rusiya ilə ABŞ arasındakı münasibətlərin dinamikası müharibəni yeganə həll variantına çevirə bilər

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

Rusiya ilə ABŞ arasındakı münasibətlərin dinamikası müharibəni yeganə həll variantına çevirə bilər.

Rusiya ilə ABŞ arasında münasibətlər gündəliyinin ən aktual hissəsidir. ABŞ prezidenti B.Obama V.Putinlə telefon danışığında Ukrayna və Yaxın Şərq, Koreya məsələlərini müzakirə etdilər. Koreya Xalq Demokratik Respublikasının nüvə bombası sınağı keçirməsi barədə məlumatların yayılması ABŞ və Rusiyanı birlikdə olmağa vadar edir.

Rusiyaya qarşı ABŞ-ın siyasəti Ribbentrop-Molotov paktının fəlsəfəsinə uyğun davam etməkdədir. Bəzi məsələlərdə ABŞ Rusiyaya ciddi güzəştə gedir, digər məsələlərdə isə Rusiyaya qarşı ciddi addımlar atır. ABŞ artıq birbaşa V.Putinin özünü hədəfə götürüb. WADA-nın (Ümumdünya Anti Dopinq Assosiasiyası) məruzəsinin əlavəsində Rusiya yüngül atletlərinin dopinqdən istifadə etməsini prezident V.Putinlə əlaqələndirdi.

Böyük Britaniya məhkəməsi A.Litvinenkonun öldürülməsi barədə qərarını açıqladı. Məhkəmə qərarında A.Litvinenkonun öldürülməsi göstərişini V.Putin tərəfindən verilməsi fikri ciddi şəkildə ehtimal olunur. Bütün bunlar səbəbsiz deyil. Yaxınlarda digər məhkəmə və cinayət işlərində V.Putinin adı hallana bilər. Donbasda kütləvi qırğınlar haqqında Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıla bilər. Burada da cinayətin əsas iştirakçısı kimi RF prezidenti V.Putin göstərilə bilər.

ABŞ Maliyyə nazirliyinin yaxından iştirakı ilə RF prezidenti V.Putinin korrupsiyaya qurşanması barədə film çəkildi. B.Obama administrasiyası bu filmi dəstəklədi. V.Putinin və ətrafının varlandığı barədə fikirlər geniş yayılır. Beləliklə, Beynəlxalq Cinayət Məhkəməsinin V.Putini həbs etmək qərarı çox ehtimallıdır. Hətta V.Putin bir neçə günlük hər hansı xarici ölkəyə səfəri zamanı Beynəlxalq Cinayət Məhkəməsi toplaşıb qərar çıxara bilər. V.Putinin səfərdə olduğu ölkədə onun dərhal həbs olunması tələb oluna bilər.

Yaranmış vəziyyət kifayət qədər qeyri-ciddi olmaqla yanaşı, həm də təhlükəlidir. Rusiya nüvə dövlətidir, Rusiya strateji raket komplekslərinə malik dövlətdir. Belə dövlətin başçısının öz ölkəsindən kənardakı davranışına maneələr yaratmaq dünyadakı təhlükəsizlik üçün ən böyük təhlükədir.

ABŞ Rusiya təcavüzünün dayandırılmasını özünün Avropa siyasətinin prioriteti hesab edir.

ABŞ-ın Rusiyaya qarşı apardığı neft qiymətinin dempinq siyasəti sırf Rusiyanı çökdürməyə yönəlib. Populyar Qərb informasiya agentlikləri neftin indiki qiymətləri ilə SSRİ vaxtındakı qiymətlə müqayisə edirlər. Neftin bir barrelinin 28 dolları, SSRİ vaxtının 17 dollarına müvafiqdir. Maraqlı analogiyadır. SSRİ-ni dağıtmaq üçün neftin qiymətini Səudiyyə Ərəbistanı uzun müddət 15 dollarda saxladı, 9 dollara düşən vaxtı da oldu. Bunun hesabına SSRİ dağıldı. Rusiyanın yadına həmin dövrü salırlar. Görünür neft dempinqi siyasətinin qarşısını almaq üçün V.Putin müharibəyə getməli olacaqdır. ABŞ-da bunu bilirlər, ona görə bəzi məsələlərdə Rusiyaya güzəştə getməklə Putinin belə qərar qəbul etməyə imkan vermirlər. Diqqət çəkən məsələ buradadır ki, Suriyada ABŞ-la Rusiyanın müharibə edəcəyi ideyası da dövriyyəyə buraxılıb. Müharibənin Şərqi Asiya regionunda baş verməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti