...

Politoloq: Ermənistanın müdafiə naziri Seyran Ohanyan kontent-analizi öyrənsə, erməni əsgərləri məhv olmayacaq

Siyasət Materials 17 Fevral 2016 13:15 (UTC +04:00)
Ermənistanın müdafiə naziri Seyran Ohanyan kontent-analizi öyrənsə, erməni əsgərləri məhv olmayacaq.
Politoloq: Ermənistanın müdafiə naziri Seyran Ohanyan kontent-analizi öyrənsə, erməni əsgərləri məhv olmayacaq

Bakı. Trend:

"Bu gün təhlükəsizlik mühiti kifayət qədər kövrək, dəyişkən və qısa müddət ərzində bu və ya digər tərəfə dəyişə bilər. Amma erməni ordusu hazırlığını hərbi ruh və mənəvi-psixoloji keyfiyyətlərinə görə, nisbi sülhü qoruyub saxlaya bilib".

Bu fikirlərin müəllifi Ermənistanın müdafiə naziri S.Ohanyandır. Fikirlərin səsləndiyi məkan Yerevan Dövlət Universitetidir.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatı"nda deyib.

Politoloq bildirib ki, auditoriya isə bu universitetin professor, müəllim heyəti və tələbələridir: "Ən azı 70 faiz normal intellektual qabiliyyətə malik ermənilərdir. S.Ohanyan vəziyyətin qısa müddət ərzində bu və ya digər tərəfə dəyişə biləcəyini bu auditoriya qarşısında etiraf edir. Ermənistanın Müdafiə Naziri hərbi vəziyyətin Azərbaycanın xeyrinə dəyişməsini mümkün hesab edir. Qısa müddət termini isə elə blitskriq anlamındadır. S.Ohanyan Ermənistan ordusunun hazırlığından, mənəvi-psixoloji keyfiyyətlərindən və döyüş ruhundan danışır. Erməni ordusunun silahla təchizatı mövzusundan sükutla keçir. Hərbi ruhu möhkəm, yüksək tərbiyəli erməni hərbçisinin TOS 1A od saçan raketinin qarşısında necə davam gətirəcəyinin sirrini yalnız S.Ohanyan və prezident S.Sərkisyan bilir".

M.Əhmədoğlu qeyd edib ki, Azərbaycan ordusunu dayandırmaq üçün xüsusi mexanizmlərdən istifadə olunduğunu bildirən S.Ohanyan nədənsə bunu dünya hərbinə hədiyyə etmək istəmir: "Çünki dünyada çox məkanlarda müharibə gedir və bu müharibələrlə ABŞ, Rusiya kimi dövlətlər, NATO kimi hərbi-siyasi blok məşğuldur. Bunlar düşmən qüvvəni dayandırmaq mexanizmini bilmirlər. S.Ohanyan isə öyrətmək istəmir. S.Ohanyanın bu səsləndirdiyi bəyanatdan konkret Dağlıq Qarabağ müharibəsi üçün nəticələr çıxarmaq daha faydalıdır. Çünki bu erməni hərbçilərinin işğal etdiyi Azərbaycan torpaqlarında kütləvi məhvinin qarşısını ala bilər. Bunun üçün ən vacib məsələlərdən biri Ermənistanın müdafiə naziri S.Ohanyanın savadlanması lazımdır. Onun kontent-analiz metodlarını öyrənib, özünün son iki ildə Azərbaycan və Ermənistan ordusu barədə səsləndirdiyi bəyanatların kontent-analizini aparsın".

Mərkəz rəhbəri sonra vurğulayıb ki, müdafiə naziri olduğu dövrdən üzü bəri səsləndirdiyi bəyanatların kontent analizini aparmaq istəsə, bunu hökmən reanimobildə etsin: "Hər halda biz S.Ohanyanın vicdanını sonadək itirmiş hesab etmirik. Ən azı yuxarıda səsləndirdiyi fikirlər vicdanının ona yenidən qayıtdığını deməyə əsas verir. Amma onun bilməli olduğu təkcə kontent-analiz deyil, o, Ermənistan ordusunun psixoloqları vasitəsilə bəzi vərdişləri əldə etməlidir. Sərsəng su anbarı ilə bağlı gəldiyi nəticə düzgündür. Amma iki il bundan qabaq ermənilərin ağlına da gəlməzdi ki, Avropa mühitinin Ermənistanın əleyhinə bu qədər dəyişilsin. Bu ciddi psixoloji məsələdir".

Politoloq bildirib ki, S.Ohanyan Müdafiə Nazirliyinin mətbuat xidmətinin işçiləri vasitəsilə yarım hamilə olmağın qeyri-mümkünlüyünü öyrənə bilər: "Ermənistanla Azərbaycan arasında hərbi vəziyyət nisbi ola bilməz. Ermənistan Azərbaycan torpağını işğal edib. Azərbaycan isə öz torpağını işğaldan azad etmək istiqamətində fəaliyyətdədir. S.Sərkisyan yarım hamiləlik və ya yarım həqiqət mərhələsində dayanmasın. Vəziyyəti S.Ohanyanın anlamında nisbi edən Azərbaycandır. Azərbaycan ordusu isə yerində dayanmayıb, geriləmir, ancaq güclənir. Ona görə, S.Ohanyan indiki nisbi təhlükəli və ya təhlükəsiz mühit barədə qərar qəbul etməlidir. Ya hücuma keçib öz ordularının gücünü nümayiş etdirməli və ya Dağlıq Qarabağ da daxil olmaqla işğal etdikləri bütün Azərbaycan ərazisindən işğalçı qoşunlarını çıxarmalıdır. Azərbaycan ordusu vəziyyəti dəyişib, özü məqsədəuyğun hesab etdiyi vaxtda da müharibəyə başlayacaqdır. S.Ohanyan və S.Sərkisyan Azərbaycan ordusunun müharibəyə başlamasının qarşısını ala bilərlər. Bunun üçün onlar öz qoşunlarını bütün işğal olunmuş ərazilərdən çıxarmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti