...

Leyla Əliyeva: Mədəniyyətlər və insanlar arasında dialoq bütün dünyada sülhün və çiçəklənmənin yeganə açarıdır (YENİLƏNİB-4) (FOTO)

Siyasət Materials 6 May 2017 15:38 (UTC +04:00)
Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi yollarını müzakirə etmək üçün bütün dünyadan insanların bir yerə toplaşması ruhlandırır.
Leyla Əliyeva: Mədəniyyətlər və insanlar arasında dialoq bütün dünyada sülhün və çiçəklənmənin yeganə açarıdır (YENİLƏNİB-4) (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi yollarını müzakirə etmək üçün bütün dünyadan insanların bir yerə toplaşması ruhlandırır.

Trend-in məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” adlı 2-ci Plenar sessiyada çıxışında deyib.

Leyla Əliyeva qeyd edib ki, mədəniyyətlər və insanlar arasında dialoq bütün dünyada sülhün və çiçəklənmənin yeganə açarıdır: "Belə bir dialoqun alternativi yoxdur".

Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, insanlar arasında dialoq az olduqca, nifrət və cahillik daha da artır.

Leyla Əliyeva vurğulayıb ki, əsrlər boyu Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub: “Tarix boyu Azərbaycanda bütün insanlar – istər müsəlman, istər yəhudi, istərsə də xristian olsun – dinc şəraitdə birgə yaşayıblar. Lakin heç kəs bunu “mədəniyyətlərarası dialoq” adlandırmayıb. Qarşılıqlı fəaliyyət ölkəmizdə gündəlik həyatın sadəcə bir hissəsi olub”.

Onun sözlərinə görə, dünyanı daha yaxşı etmək üçün Yer kürəsinin hər yerindən insanların toplaşdığı Bakının mədəniyyətlərarası dialoq mərkəzlərindən biri olması təbiidir:

“Mövzusu FAO-nun xoşməramlı səfiri və ətraf mühitin həvəsli mühafizəçisi kimi mənim üçün mühüm əhəmiyyət kəsb edən bu plenar iclasda çıxış etmək xüsusilə xoşdur”.

Leyla Əliyeva qeyd edib ki, ərzaq təhlükəsizliyi, sülh və dayanıqlı inkişaf arasında sıx əlaqə bu tədbiri hazırda zəruri edir:

“Biz hamımız bilirik ki, mədəniyyətlərarası dialoq irqçiliyin və zorakılığın daha da artmasına mühüm müqavimətdir. Lakin mədəniyyətlərarası dialoqun imkanları tolerantlıq və birgəyaşayış ideyalarının inkişaf etdirilməsi çərçivəsindən uzağa çıxır. Həmçinin mədəniyyətlərarası görüşlər ümumi məqsədlərimizə çatmaq üzrə yenilikçi üsulların inkişafına kömək edir".

Leyla Əliyevanın sözlərinə görə, “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy”in qəbul edilməsi dünya ictimaiyyətinin insanların və planetin rifahının təmin edilməsi üzrə missiyasında əlamətdar hadisə oldu:

“Təsadüfi deyil ki, gündəlikdə duran ilk iki məqsəd məhz yoxsulluq və aclığın aradan qaldırılmasına istiqamətlənib. Bu o deməkdir ki, yalnız bu məqsədlərə nail olmaqla dinc, inklüziv və dayanıqlı cəmiyyətlər qura bilərik. Kədərli və qeyri-təbiidir ki, XXI əsrdə dünyada 870 milyon insan hələ də aclıq və az qidalanmadan əziyyət çəkir – bütün bunlar elə bir vaxtda baş verir ki, qlobal miqyasda ərzağın 1/3-dən çoxu atılır. İqlim dəyişikliyi qlobal ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti daha da qeyri-müəyyən edir. Eyni zamanda, qloballaşma ənənəvi biliklər və kənd təsərrüfatının biomüxtəlifliyinin itirilməsinə gətirib çıxarıb. Bir sıra əsas mədəniyyətlərdən hədsiz asılılıq bizim ekosistemimizə, qida məhsullarının müxtəlifliyinə və insanların sağlamlığına mənfi təsir göstərir".

FAO-nun xoşməramlı səfiri bildirib ki, bütün tarix boyu müxtəlif mədəniyyətlər və xalqlar qida istehsalı və hazırlanmasının çoxsaylı üsullarını inkişaf etdiriblər:

“Bu ənənələrin qorunması və mübadiləsi ərzaq təhlükəsizliyini yaxşılaşdırır, icmaların həyat qabiliyyətini möhkəmləndirir, sabitlik və sülhə şərait yaradır. Beləliklə, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ənənəvi kənd təsərrüfatı biliklərinin yayılması və qorunması üçün böyük əhəmiyyət kəsb edir. Başqa sözlə, keçmişdə qalan məhsulun gələcəyin məhsulu olması üçün birləşməliyik”.

O qeyd edib ki, qida məhsullarını bölüşməyin özü mədəni dialoqun bir formasıdır. Mətbəx mədəniyyəti insanlara yaxınlaşmağa, xurafatı aradan qaldırmağa və müxtəlif həyat tərzini daha yaxşı başa düşməyə imkan verir:

“Artıq beynəlxalq ictimaiyyətin mədəniyyətlərarası münasibətlər və birgə çiçəklənmənin yaxşılaşdırılması üçün ərzaq və qida təhlükəsizliyinin istifadəsi üzrə səylərini birləşdirməsinin vaxtı çatıb. Bununla əlaqədar mədəni özünəməxsusluq və müxtəliflik vasitəsilə ərzaq təhlükəsizliyinin konfessiyalar arasında qeyd edilməsinə həsr edilmiş tədbiri alqışlayıram. Bu tədbir oktyabr ayında FAO-nun mənzil qərargahında Azərbaycanın dəstəyi ilə FAO, BMT Sivilizasiyalar Alyansı və tərəfdaşlarla birgə təşkil ediləcək. Bu tədbir “Bakı prosesi”ndən irəli gəlir və tolerantlığın yayılmasında ərzağın mühüm roluna həsr ediləcək. Ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf kimi universal məsələləri heç bir ölkə təkbaşına həll edə bilməz. Dilaoq inkişaf sahəsində qlobal gündəliyin həyata keçməsində həlledici rol oynayır. Bunu nəzərə alaraq, biz 2011-ci ildə Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq – IDEA-nı təsis etdik. Bizim niyyətimiz sadə idi – ictimai platforma olmaq və gənc nəsli daha təhlükəsiz, sağlam və yaşıl gələcəklə təmin etmək. Bizim şüarımız özü hər şeyi deyir: “Bir dünya, bir gələcək”.

Leyla Əliyeva IDEA-nın özündə təhsili, maarifçiliyi, ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizəni və dayanıqlı inkişafı ehtiva edən fəaliyyətinin çoxtərəfli olduğunu qeyd edib:

“Son 5 il ərzində bizim nisbətən gənc olan təşkilatımız gözəl nəticələr əldə edib – biz bütün ölkə üzrə 5 milyondan artıq ağac əkmişik, ceyranların həyatını xilas etmişik və təbiətin mühafizəsi üzrə bir çox digər layihələrə başlamışıq. Biz bütün layihələrimizə yaradıcı və nikbin yanaşmağa çalışırıq. Bizim cari təşəbbüslərimiz arasında Qafqaz bəbirinin xilas edilməsi və bizonların Qafqaza qaytarılması kimi layihələr var. Bundan başqa, Xəzər dənizində nərəkimilərin xilas edilməsi üzrə səylərimiz istiqamətində ötən il IDEA tərəfindən Kür çayının deltasının təmizlənməsi ilə bağlı layihə başlanılıb. Layihənin məqsədi balıqların populyasiyasını artırmaq, suyun və sahil rayonlarının ümumi ekologiyasını yaxşılaşdırmaqdır. Həmçinin sevinclə qeyd etməliyəm ki, bir neçə həftə bundan öncə FAO ilə birgə Azərbaycanın regionlarında aztəminatlı sakinlər üçün meyvə bağlarının salınması üzrə layihəyə start vermişik. Konkret olaraq bu layihə kənd rayonlarında ev təsərrüfatlarını torpaq sahəsi və meyvə ağacları ilə təmin edəcək, onlara sabit gəlir əldə etməyə imkan verəcək. Mən FAO-nun Azərbaycanda tərəfdaşlıq və əlaqələndirmə ofisinə və onun rəhbəri Mələk Çakmaka bütün səyləri və işinə görə təşəkkürümü bildirirəm”.

FAO-nun xoşməramlı səfiri bildirib ki, irqindən, dinindən, ənənə və etiqadından asılı olmayaraq, biz hamımız eyni planetdə yaşayırıq və ümumi gələcəyə malikik:

"Ekoloji çağırışlar sərhəd tanımır. Acı həqiqət odur ki, insanın təbiətin qanunlarını pozan fəaliyyəti böyük qlobal faciələrə səbəb ola bilər. İnsanlar malik olduqları xəzinələrin dəyərini onu tamamilə itirməmişdən öncə bilməlidirlər”.

O, amerikalı rejissor, prodüser və müəllif Tom Şedyakdan sitat gətirərək bildirib ki, təbiətdə heç bir şey ona lazım olandan artıq götürmür: "Ağac torpaqdan bütün qidalandırıcı maddələri deyil, yalnız onun böyüməsi üçün lazım olanları götürür, şir də bütün ceyranları yemir. Verdiyindən daha çox alanın adı – xərçəngdir".

Leyla Əliyeva deyib: "Hər bir insanın fəaliyyəti, həyat tərzi və vərdişləri bu və ya başqa şəkildə ətraf mühitə təsir göstərir. Hər bir insan hiss oluna biləcək müsbət dəyişiklik həyata keçirə bilər. Deməli, hər kəs ümumi sabit gələcəyimizin təmin edilməsinə öz töhfəsini verməlidir. Ümid edirəm ki, Azərbaycanda keçirdiyiniz bir neçə gün ərzində sizin gözəl mətbəximizi tanımaq, görməli məkanlarda olmaq və yerli sakinlərlə ünsiyyət qurmaq imkanınız olub. Mən əminəm ki, bu, sizə müxtəlifliyin gücünü daha çox qiymətləndirməyə kömək edəcək".

FAO-nun xoşməramlı səfiri qeyd edib ki, müxtəliflik və dialoq qruplar arasında qarşılıqlı anlaşma körpüləri yaradır ki, bu da təbii olaraq münaqişələrdən qaçmaq və gərginliyi azaltmağa kömək edir: "Belə körpüləri rəsmi görüş və danışıqlarda qurmurlar, daha çox pərdə arxasında, dostluq və qeyri-formal söhbət və görüşlərdə, nahar fasilələri və kofe-breyklərdə qururlar. Mən sizin hamınızı hər bir zaman dialoqa açıq olmağa çağırıram. Sizə xoşbəxtlik, sevgi və çiçəklənmə arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti