...

Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır

Siyasət Materials 21 Dekabr 2017 16:18 (UTC +04:00)
Azərbaycan Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır.
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır

Bakı. Trend:

Azərbaycan Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir: "Bu məsələ bizim üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.

Xalqımız qədim tarixə malikdir. Bizim dini memarlıq abidələrimiz bunun əyani sübutudur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim müsəlman diyarıdır. Bizim digər tarixi dini abidələrimiz də milli sərvətimizdir".

Prezident bildirib ki, Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bilib: "Biz cəmi 26 ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində ikitərəfli və üçtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, gündən-günə güclənir. Biz BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilmişdir və Kontakt Qrupu yaradılmışdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür, ölkəmizdə bir çox konfranslar, tədbirlər keçirilmişdir. Azərbaycanın təşəbbüsü ilə İƏT-in Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası yaradılmışdır. Eyni zamanda, Azərbaycan ISESCO-nun fəal üzvüdür. ISESCO İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatıdır və bu təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Beləliklə, ISESCO və bütün müsəlman aləmi Azərbaycana daim diqqət və dəstək göstərir. Bir neçə il bundan əvvəl ISESCO tərəfindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir və bir il ərzində ölkəmizdə, Bakıda bir çox tədbirlər keçirilmişdir. Qeyd etməliyəm ki, gələn il isə bizim digər qədim şəhərimiz – Naxçıvan İslam mədəniyyəti paytaxtı adına layiq görülübdür.

Ölkə daxilində İslam həmrəyliyi tam təmin olunubdur. Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önəmli addımları atır. Bizim beynəlxalq təşkilatlar çərçivəsində və dünya gündəliyində duran məsələlərin həlli işində onlara münasibətimiz bir daha göstərir ki, İslam həmrəyliyi bizim üçün, sadəcə olaraq, bir şüar deyil, bizim üçün bu, əsas istiqamətlərdən biridir".

İlham Əliyev əlavə edib ki, bununla bərabər, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni, bərabər hüquqlara malikdir: "Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur, olmayıb və ola da bilməz. Bu, bizim böyük sərvətimizdir.

Ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qeyd edə bilərəm. Bir neçə dəfə keçirilmiş və ənənəvi xarakter alan Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Humanitar Forumu da, ilk növbədə, öz işini dinlərarası, mədəniyyətlərarası dialoqa həsr etmişdir. Belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbiidir. Çünki, ilk növbədə, Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti