...

Ramil Usubov ərazi polis orqanlarına idarəçilik təsirinin artırılmasını tələb edib (FOTO)

Siyasət Materials 15 Yanvar 2018 13:23 (UTC +04:00)
Ramil Usubov ərazi polis orqanlarına idarəçilik təsirinin artırılmasını tələb edib.
Ramil Usubov ərazi polis orqanlarına idarəçilik təsirinin artırılmasını tələb edib (FOTO)

Bakı. Trend:

Daxili İşlər Nazirliyində (DİN) 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq-mühafizə siyasəti sayəsində daxili işlər orqanlarında da fəaliyyətin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, asayişin, təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələrin, dövlət plan və proqramlarının icrası təmin edilib. Qeyd olunub ki, ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqeyini saxlayıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb. Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə qlobal rəqabətlilik" hesabatına əsasən “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə respublikamız 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü yerdə qərarlaşması da diqqətəlayiq fakt kimi vurğulanıb.

Hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri R.Usubov deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində DİN Daxili Qoşunlarının maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətinin sosial müdafiəsinin və xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2017-ci ildə də mühüm tədbirlər həyata keçirilib. Sistemli şəkildə aparılan müvafiq işin nəticəsi olaraq, komandirlərin və idarəetmə orqanlarının fəaliyyətinin effektivliyi, hərbi hissələrin döyüş qabiliyyəti, əsgər və zabitlərin vətənpərvərlik ruhu və mənəvi-psixoloji durumu əhəmiyyətli dərəcədə yüksəlib.

Ümumən ötən il ölkədə keçirilmiş 657, o cümlədən 367 respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə Daxili Qoşunların, Əlahiddə Çevik Polis Alayının və ərazi polis orqanlarının şəxsi heyəti tərəfindən asayişin və təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirildiyi də diqqətə çatdırılıb.

General-polkovnik qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası daim ciddi nəzarətdə saxlanılıb və ardıcıllıqla yerinə yetirilib. Nazirliyin rəhbərliyi tərəfindən 2.018, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 64 şəhər və rayonundan olan 416 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Göstərilən sahədə həyata keçirilən tədbirlərin nəticəsi olaraq, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayətlərin sayı 12,2 faiz azalıb.

İclas iştirakçılarının nəzərinə o da çatdırılıb ki, respublikada cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini, vətəndaşların qanuni mənafelərinin müdafiəsi sahəsində əldə edilmiş müsbət nəticələrə ümumi sayı dünyanın əksər ölkələri ilə müqayisədə xeyli az, yəni əhalinin hər 100 min nəfərinə 259 vahid nisbətində olan polis qüvvələrinin aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlığı şəraitində nail olunub.

Nazir daxili işlər orqanlarına xidməti vəzifələrin icrasında yaxından köməklik göstərdiklərinə görə ölkə vətəndaşlarına, hüquq mühafizə və xüsusi xidmət strukturlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və əməkdaşlarına təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov çıxış edərək ölkə Prezidenti zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosial yönümlü proqramların uğurla həyata keçirildiyini xatırladıb.

Respublikamızda ictimai-siyasi sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyatı Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin yüksək səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini sahələrində bir sıra uğurlar qazanıldığını qeyd edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyətini, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyini nəzərə çatdırıb.

Məruzə ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov, Daxili Təhqiqatlar İdarəsinin rəisi Sahib Mirzəyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov və başqaları çıxış edərək hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qarşıya qoyulmuş vəzifələrdən, həyata keçiriləcək konkret tədbirlərdən danışıblar.

İclasa yekun vuran daxili işlər naziri 2017-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcud olduğunu bildirib, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.

R.Usubov yerlərdə münaqişəli ailələrin vaxtında uçota götürülməsini, barələrində zəruri profilaktik tədbirlərin keçirilməsinə nəzarətin, əvvəllər məhkum olunmuş şəxslərlə profilaktikanın, eləcə də yol hərəkətinə nəzarətin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, xüsusən güclü təsirə malik narkovasitələrin aşkarlanması işinin gücləndirilməsini, istintaq və təhqiqat aparatının cinayətkarlığa qarşı mübarizədə aparıcı rolunun, aidiyyati baş idarə və idarələr tərəfindən ərazi polis orqanlarına idarəçilik təsirinin artırılmasını tələb edib.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında möhtərəm dövlət başçımızın dünyanın müxtəlif yerlərində risklərin, təhlükələrin artdığı bir zamanda ölkəmizdə sabitliyin, ictimai təhlükəsizliyin, normal həyatın təmin edildiyini, son illər respublikamızın dinamik inkişafının əsasında məhz stabillik, əmin-amanlıq amilinin dayanmasını bir daha vurğulamasına diqqət çəkən nazir sabitliyin və təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətə verdiyi bu ali dəyərə cavab olaraq, daxili işlər orqanlarının bütün qurumlarının böyük əzmlə çalışmasının, peşəkarlığın artırılmasının diqqət mərkəzində saxlanılmasının, Azərbaycan Polisinin 100 illik yubileyini də Vətənə və dövlətə xidmətdə qazanılan yeni uğurlarla qarşılanmasının əhəmiyyətini vurğulayıb.

General-polkovnik R.Usubov şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, ölkədə sabitlik, təhlükəsizlik, fundamental insan hüquq və azadlıqları digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə bundan sonra da etibarlı qorunacaq, qanunla müəyyən edilmiş vəzifələr və qarşıya qoyulmuş bütün tapşırıqlar tam həcmdə yerinə yetiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti