Bakı. Trend:
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunun bütün heyəti adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Fürsətdən istifadə edərək, mən müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.
Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirmiş, Azərbaycanın müstəqillik və dövlətçilik tarixində müstəsna iz buraxmışdır.
Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini, milli dəyərlərini təbliğ edən təşəbbüs və fəaliyyətləri həmişə dəstəkləmişdir. BP şirkəti olaraq biz Cümhuriyyətin 100 illiyinin bayram edilməsinə qoşulmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq.
Bu möhtəşəm yubileylə bağlı olaraq, biz Şərqin ilk demokratik respublikasına həsr edilmiş “Cümhuriyyətin qurucuları” adlı tədqiqat əsərlərinin, eləcə də “Son iclas” adlı bədii-sənədli filmin ərsəyə gəlməsinə töhfə vermək imkanımızdan böyük iftixar hissi duyuruq.
Cənab Prezident, bu əlamətdar bayram münasibətilə Sizi bir daha təbrik edir, Zati-alinizə cansağlığı və Azərbaycan xalqının davamlı rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".
XXX
Belçikalıların Kralı Filipdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib:
"Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimi çatdırır, rifah və firavanlıq arzulayıram".
XXX
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Zati-aliləri. Dost ölkənizin milli bayramı - Respublika Gününün ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyur, xalqınızın ümidlərini və istəklərini həyata keçirməkdə Sizə davamlı uğurlar arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, bütün sahələrdə yaxşı əlaqələrimizin möhkəmləndirilməsi və dost ölkələrimizin maraqlarına uyğun şəkildə təşviq edilməsi istəyində olduğumu əminliklə bildirmək istərdim.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza tərəqqi və rifah arzu edirəm".
XXX
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan:
"Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Respublika Gününün yubiley ildönümü münasibətilə böyük məmnuniyyətlə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Bu əlamətdar hadisə mənə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq, sülh və tərəqqi arzu etmək imkanı verir.
Müasir Azərbaycan özünün sosial-iqtisadi və siyasi inkişafında sanballı uğurlara nail olub. Ölkəniz beynəlxalq arenada layiqli nüfuz sahibidir. Biz Tacikistanda səmimi dostlar kimi Azərbaycanın nailiyyətlərinə sevinirik.
Sevindirici haldır ki, möhkəm tarixi dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Tacikistan-Azərbaycan münasibətləri durmadan inkişaf edir. Biz bu münasibətləri Sizinlə birlikdə qətiyyətlə zamanın reallıqlarına uyğun yeni məzmunla zənginləşdirmək əzmindəyik.
Əminliyimi ifadə edirəm ki, qarşıdakı yüksək səviyyəli görüşlərimiz qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına və möhkəmlənməsinə yeni təkan verəcək".
XXX
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib:
"Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan Respublikası müstəqillik illərində ölkənin sosial-iqtisadi inkişafına yönəlmiş islahatların aparılmasında sanballı uğurlar qazanıb.
Əminəm ki, ənənəvi dostluğa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan qardaş Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra da durmadan möhkəmlənəcək və xalqlarımızın rifahı naminə inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, firavanlıq, ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm."
XXX
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Müasir Azərbaycanın sabit sosial-iqtisadi inkişafı Sizin ardıcıl surətdə həyata keçirdiyiniz, müstəqilliyin və suverenliyin möhkəmlənməsinə yönəlmiş dövlət xəttinin nəticəsidir.
Ürəkdən sevinirəm ki, Belarus-Azərbaycan əməkdaşlığı həm xalqlarımız arasında tarixən formalaşmış dostluq münasibətləri ilə, həm də ölkələrimizin strateji tərəfdaşlığı dərinləşdirməyə fəal səy göstərməsi ilə səciyyəvidir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və tükənməz enerji, Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzu edirəm".