...

Tacikistan Prezidentinə ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib (YENİLƏNİB - 2) (FOTO)

Siyasət Materials 11 Avqust 2018 11:59 (UTC +04:00)

Bakı. Fikrət Doluxanov - Trend:

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona avqustun 11-də ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib.

ADA Universitetinə gələn Tacikistan Prezidenti Emoməli Rəhmon təhsil ocağı ilə tanış oldu. Ali qonağa məlumat verildi ki, burada təhsil üçün yüksək şərait yaradılıb. ADA Azərbaycan Diplomatik Akademiyası adı altında 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində qurulan ali təhsil müəssisəsidir. Prezident İlham Əliyevin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılıb. Universitetin yaradılmasında əsas məqsəd diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır.

Təhsil müəssisəsində yaradılan şəraiti yüksək qiymətləndirən Tacikistan Prezidenti universitetin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Sonra Prezident Emoməli Rəhmonla universitetdə görüş keçirildi.

ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun tədbirdə məruzə ilə çıxış edəcəyini vurğulayaraq, bunun yüksək dəyərləndirildiyini bildirdi. SSRİ-nin dağılmasından sonra bir çox ölkələr kimi Tacikistanın da iqtisadi və siyasi baxımdan qeyri-sabit şəraitdə dövlət qurmalı olduğunu deyən rektor bildirib ki, Emoməli Rəhmonun rəhbərliyi ilə Tacikistan ötən əsrin 90-cı illərinin vətəndaş müharibəsinin fəsadlarını aradan qaldırmağa, sülh quruculuğuna, iqtisadi inkişaf üçün şəraitin yaradılmasına nail oldu.

“Tacikistan və Azərbaycan qarşılıqlı səmərəli münasibətləri inkişaf etdirən dost ölkələrdir”, - deyən Hafiz Paşayev dövlətlərimiz arasında etibarlı siyasi dialoqun qurulduğunu, biznes münasibətlərinin möhkəmləndiyini, humanitar və sosial sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırdı. Rektor bildirdi ki, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığa ADA-nın da kiçik töhfəsi var. Belə ki, bu il ADA Universiteti ilə Tacikistanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb və Tacikistanın ilk tələbəsi universitetin magistr proqramında təhsil üçün təqaüd alıb.

Azərbaycan-Tacikistan münasibətlərinin regional əməkdaşlığa da sanballı töhfələr verdiyini diqqətə çatdıran Hafiz Paşayev beynəlxalq arenada ölkələrimizin mövqeyinin üst-üstə düşdüyünü qeyd etdi. Bildirdi ki, biz Tacikistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini və Azərbaycanın ərazi bütövlüyünün bərpasına Tacikistanın dəstəyini çox yüksək qiymətləndiririk. Azərbaycan və Tacikistan prezidentlərinin etimada və dostluğa əsaslanan münasibətləri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin gələcəkdə də uğurla inkişafına əminlik yaradır. Hafiz Paşayev onu da qeyd etdi ki, Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfəri və imzalanan mühüm sənədlər iqtisadiyyat və nəqliyyat sahələri ilə bağlı konkret layihələrin həyata keçirilməsinə təkan verəcək.

Sonra Mərkəzi Asiyada sülhün və sabitliyin möhkəmlənməsinə, həmçinin Azərbaycan və Tacikistan respublikaları arasında qarşılıqlı əməkdaşlığa şəxsi töhfəsinə görə ADA Universitetinin elmi şurasının qərarı ilə Emoməli Rəhmona ADA-nın fəxri doktor diplomu təqdim edildi.

Tacikistan Prezidenti Emoməli Rəhmon ADA Universitetinin elmi şurasına bu etimada görə təşəkkür etdi, ali təhsil müəssisəsinin beynəlxalq münasibətlər sahəsində yüksəkixtisaslı kadrlar hazırladığını xüsusi vurğuladı.

Daha sonra Prezident Emoməli Rəhmon müstəqilliyin ilk illərində Tacikistanın keçdiyi çətin dövrdən geniş söhbət açdı, sülh quruculuğu prosesində ölkənin təcrübəsini bölüşdü. Ötən əsrin 90-cı illərinin əvvəlində ölkədə iqtisadi vəziyyətin çox ağır olduğunu, müxtəlif istiqamətlərdə siyasi qüvvələr arasında mübarizənin getdiyini qeyd edən ali qonaq sülh quruculuğu prosesində xalqın əsas təkanverici qüvvə olduğunu söylədi. Prezident qeyd etdi ki, bu gün dünya birliyi terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq kimi qlobal çağırışlarla üzləşib və Tacikistan təhlükəsizliyə təhdid yaradan amillərlə mübarizə aparan bütün dövlətlərlə müttəfiqdir. Tacikistanla qonşu olan Əfqanıstanda sülhün bərpasının hələ də nəticə vermədiyini təəssüflə qeyd edən Emoməli Rəhmon vurğuladı ki, milli təhlükəsizliyin, ərazi bütövlüyünün təmini bütün ölkələr kimi Tacikistanın da siyasətinin əsas prioritetləridir.

Ali qonaq, həmçinin Tacikistan iqtisadiyyatının hazırkı vəziyyəti haqqında məlumat verdi, bu gün ölkədə vahid energetika sisteminin yaradıldığını, respublikanın nəqliyyat-kommunikasiya dalanından çıxarıldığını, ərzaq təhlükəsizliyi sahəsində mühüm işlərin görüldüyünü söylədi.

Tacikistan Prezidenti bu gün ölkəsinin Azərbaycanla demək olar ki, bütün istiqamətlər üzrə sıx əməkdaşlıq etdiyini, beynəlxalq arenada fəaliyyətin əlaqələndirildiyini bildirdi.

Prezident Emoməli Rəhmon ADA Universitetinə xatirə hədiyyəsi təqdim etdi.

Rektor Hafiz Paşayev də Tacikistan Prezidentinə ADA Universitetinin medalını və Frederik Starrın “İtirilmiş maarif” kitabını hədiyyə etdi.

Tacikistan Prezidenti ADA Universitetində yüksək təhsil şəraitinin yaradıldığını vurğulayaraq, gələcəkdə burada tacik tələbələrin təhsil almalarını arzuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti