Bakı. Trend:
Son dövrlərdə Azərbaycan bütün dünyada olduğu kimi koronavirusun yayılması təhlükəsi ilə üzləşib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında COVID-19 pandemiyası ilə mübarizədə genişmiqyaslı tədbirlər görülür, fəal şəkildə sosial dəstək və həssas əhali qrupunun, o cümlədən pandemiyadan zərər çəkmiş sahələrdə işləyən sakinlərin məşğulluğunun təmin olunması siyasəti həyata keçirilir.
Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planı əhalinin məşğulluğu və sosial təminatının dəstəklənməsi sahəsində dörd istiqamətdə on tədbirin reallaşdırılmasını əhatə edir. Aprelin 17-də Prezidentin elan etdiyi yeni dəstək tədbirlərinə uyğun olaraq 2,5 milyon vətəndaşın məşğulluğu və sosial təminatının dəstəklənməsi üçün 600 milyon manat ayrılıb.
Həm dövlət, həm də özəl sektorda iş yerlərinin və əməkdaşların əməkhaqlarının qorunması üzrə kompleks işlər aparılıb. Bu istiqamətdə fəaliyyət nəzarəti elektron sistem vasitəsilə hər gün keçirilir. Bu proqram çərçivəsində 1 milyon 629 min işçinin, o cümlədən 910 min dövlət qulluqçusu və 719 min özəl sektor işçisinin əhatə olunması nəzərdə tutulub.
Qeyd etmək lazımdr ki, ölkənin koronavirusun yayılması ilə bağlı üzləşdiyi çətinliklərə baxmayaraq, yanvarın 1-də aprelin 17-dən imzalanan əmək müqavilələrinin sayı 77 min, aprelin 1-dən aprelin 17-dək isə 55 min artıb. Bundan başqa, 300 min muzdlu işçinin əməkhaqqının bir hissəsinin ödənilməsi maliyyələşdirilib və 300 minədək fərdi sahibkara maliyyə yardımı göstərilib.
Əhalinin məşğulluğu xidmətinin fəaliyyəti gücləndirilib. DOST Mərkəzləri vasitəsilə aprel-may ayları ərzində 50 min ödənişli ictimai iş yerinin yaradılması prosesi işə salınıb. Bu məqsədlər üçün 30 milyon manat ayrılıb. Bu günədək 5 min nəfər işlə təmin olunub. Ümumilikdə proqram çərçivəsində yaradılan ictimai iş yerlərinin sayı 90 minə çatıb. Xüsusi karantin rejimi tətbiq olunanadək 38 minə yaxın insan işlə təmin olunub və işlərini davam etdirir.
İşsiz və xüsusi karantin rejimi ilə əlaqədar işini itirmiş şəxslərin ölkədə yaşayış minimumu həcmində, 190 manat məbləğində birdəfəlik ödənişlə təmin olunması mexanizmi işə salınıb. Azərbaycan Prezidentinin qərarına əsasən, aprel və may aylarında birdəfəlik ödənişlərlə 600 min nəfər təmin olunacaq. Növbəti mərhələdə bütün zəruri informasiya toplanıb sistemləşdiriləcək, sözügedən şəxslər məşğulluğun təmin olunması məqsədilə qeydiyyata alınacaq.
Aprelin 7-də təsdiqlənən qaydalara əsasən, ödənişlər çox qısa müddətdə, qeydiyyatdan sonrakı 3 iş günü ərzində həyata keçirilir. Ümumilikdə, aprelin 9-dan 17-dək 140 min işsizə birdəfəlik ödənişlər verilib. Eyni zamanda, işsizlik üzrə sığorta ödənişlərinin genişləndirilməsi nəzərdə tutulub ki, bu da əmək müqaviləsinin müddəti bitmiş əməkdaşlara şamil olunacaq. 2020-ci ildə bu ödənişlərin 20 min nəfəri əhatə edəcəyi gözlənilir. İşsizlik sığortası üzrə ödənişlərin, eləcə də peşəkar tədrislə bağlı fasilələrlə əlaqəli müavinətlərin verilməsi müddəti uzadılacaq. 2 min nəfəri əhatə edəcək bu sosial tədbirə 600 min manat ayrılıb.
Qeyd etmək lazımdır ki, 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb olunması fəaliyyəti başlayıb. Bu məqsədlə İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Proqramın inkişafına Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ildə 250 ailə cəlb etməklə fəal şəkildə kömək edir.
Bundan başqa, aprelin 8-dən başlayaraq bir çox banklar bu proqramın iştirakçıları ilə əməkdaşlığa qoşulub. Layihə Dünya Bankı ilə birgə icra olunur və ildə 5 min ailənin özünüməşğulluğunun təmin olunmasına yönəlib. Həmçinin, BMT-nin İnkişaf Proqramı ilə tərəfdaşlıqda məhdud imkanı olan 500-dək şəxsin biznesə çıxışının təmin olunması nəzərdə tutulub.
Xüsusilə həssas əhali qrupunun sosial müdafiəsi istiqamətində tədbirlər gücləndirilib.
2019-cu ildə Dövlət Sosial Müdafiə Fondunun yaratdığı ehtiyatdan 200 milyon manatı əhaliyə dayanıqlı sosial ödəmələrin təmin olunmasına yönəldilib. Hazırda 2,3 milyona yaxın şəxs pensiya, müavinət, təqaüd formasında bu cür ödəmələr əldə edir. Aprelin 8-dən 15-dək ölkədə aprel ayı üzrə pensiyalar tam şəkildə ödənilib. Müavinət, pensiya və təzminatlar hər ayın 20-21-də, ünvanlı dövlət sosial yardımı isə ayın 28-də ödəniləcək.
Ünvanlı dövlət sosial yardımının verilməsi mexanizmi genişləndirilib və sadələşdirilib. Vaxtı başa çatmış ünvanlı dövlət sosial yardımının ödənilməsi müddəti xüsusi karantin rejiminin başa çatdığı aydan sonrakı ayın 1-dək uzadılıb. Bu məqsədlər üçün daha 3 milyon manat ayrılıb. Aprelin 1-dən ünvanlı dövlət sosial yardım alanların sayı daha 10 min ailə artıb. Hazırda 80 min ailənin 330 min üzvü ünvanlı dövlət sosial yardım proqramı ilə əhatə edilib. Hər ailəyə verilən yardımın məbləği 222 manat təşkil edir.
Xüsusi karantin rejimində tətbiq olunan məhdudiyyət tədbirləri zamanı xüsusi diqqət 65 yaşdan yuxarı şəxslərə və xüsusi qayğıya ehtiyacı olan şəxslərə evlərdə sosial xidmət göstərilməsinə yönəlib. Sosial xidmətlər 15 mindən çox tənha yaşlı şəxslərə təqdim edilir. Sosial tərəfdaşlıq proqramı çərçivəsində tənha şəxslərə və əlillərə 17 minə yaxın ərzaq payı təqdim edilib və bu proses davam edir.
Hazırda mindən çox şəxsə 9 sosial xidmət müəssisəsində stasionar şəraitdə sosial xidmət göstərilir.
Qeyd olunanlardan əlavə, 2020-ci il martın 1-dən xüsusi karantin rejimi müddətində əlillərin, o cümlədən əlil uşaqların başa çatmış fəaliyyət qabiliyyətsizliyi müddəti xüsusi karantin rejiminin sona yetdiyi aydan sonrakı ayın 1-dək uzadılıb. Bu addım 14 min nəfəri əhatə edir və bunun üçün 2,6 milyon manat ayrılıb.
Digər sosial dəstək tədbirləri sırasında əhalinin güzəştli tariflə elektrik enerjisi istehlak limiti aylıq 100 kilovatt/saat artırılıb. Əhalinin sosial həssas qrupuna daxil olan tələbələrin tədrisi üzrə xərclərin ödənilməsi üçün dövlət büdcəsindən 40 milyon manat ayrılıb.
Azərbaycan dövləti hər zaman, xüsusilə də mürəkkəb dövrdə, öz xalqının yanındadır, hər bir insanın həyatı və sağlamlığı, onun sosial rifahı Prezident İlham Əliyevin siyasətinin əsasını təşki edir. Onun rəhbərliyi altında həyata keçirilmiş genişmiqyaslı iqtisadi və sosial islahatlar sayəsində etibarlı təhlükəsizlik yastığı formalaşıb və Azərbaycan sırf öz ehtiyatlarına bel bağlamaqla pandemiyanın yayılması ilə mübarizədə səmərəli tədbirləri vaxtlı-vaxtında həyata keçirdi. Bu çətin dövrdə ölkəmizin bütün vətəndaşları Prezidentin diqqət və qayğısını hiss edərək qarşılıqlı dəstək, şüurluluq və həmrəylik nümayiş etdirir və başa düşür ki, "Biz birlikdə güclüyük!"
Yusif Ağayev
Trend siyasət şöbəsi