...

Deputat: Azərbaycan-Türkiyə ittifaqı bölgədə sülhün, sabitliyin və iqtisadi tərəqqinin qarantıdır

Siyasət Materials 7 Sentyabr 2020 10:25 (UTC +04:00)
Deputat: Azərbaycan-Türkiyə ittifaqı bölgədə sülhün, sabitliyin və iqtisadi tərəqqinin qarantıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycan uğurlu daxili və xarici siyasəti, sürətli iqtisadi inkişafı, həyata keçirdiyi irimiqyaslı layihələr nəticəsində dünyada etibarlı siyasi-iqtisadi tərəfdaşa çevrilib. Bütün xarici süni maneələrə baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi nəhəng neft-qaz layihələri nəticəsində Azərbaycan neftinin və qazının Avropa bazarına çıxarılması dünya düzənində geosiyasi şəraitə də öz təsirini göstərdi. Eyni zamanda Böyük İpək yolunun bərpası ilə bağlı yeni nəqliyyat sisteminin yaradılması Azərbaycanı nəinki nəhəng nəqliyyat qovşağına, həm də güc mərkəzinə çevirdi.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, şübhəsiz ki, bu layihələrinin gerçəkləşdirilməsi qardaş Türkiyə ilə qarşılıqlı əməkdaşlığın birgə fəaliyyətə keçməsi nəticəsində mümkün olub:

“Zaman-zaman bəzi dövlətlər birbaşa və ya dolayısı yolla həm Azərbaycana, həm də Türkiyəyə qarşı ikili standartlara əsaslanan qərəzli siyasət apararaq bu birliyin, dünya düzənini dəyişə biləcək əsrin nəhəng layihələrinin baş tutmaması üçün hər vasitədən, o cümlədən ermənilərdən istifadə ediblər. Amma Azərbaycan-Türkiyə birliyinin başlatdığı bütün layihələr uğurla başa çatdırılib.

Əldə edilmiş uğurları, əhalinin təhlükəsizliyini, dayanıqlı inkişafın xarici müdaxilələrdən qorunması güclü hərbi müdafiə sisteminin yaradılmasını zəruri edir. Nəzərə alsaq ki, həm Türkiyə sərhədləri yaxınlığında terrorist qruplaşmalarının məlum qüvvələr tərəfindən silahlandırılması və fəallaşdırılması, həm də Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaması nəinki iki qardaş dövlət, həmçinin də bütün region üçün böyük təhlükə mənbəyidir, onda Türkiyə-Azərbaycan hərbi ittifaqının bu təhlükələri önləyə biləcək yeganə yol olduğu tam aydın olur.

Ermənistanın Rusiya ilə hərbi mütəfiq olduğu və ərazisində Rusiya hərbi bazası olduğu halda Yunanıstan və Kiprlə hərbi ittifaq yaratmaq avanturası ən böyük təhlükə ocağının məhz Ermənistan olduğunu göstərir. Ermənistan bütün bu destruktiv, avanturist, amma tarixin sınağından çıxardıqları erməni hiyləgərliyi vasitəsilə region dövlətlərini XIX-XX əsrlərdə olduğu kimi yenə də əxlaqsızcasına müharibəyə sürükləyəmə cəhd edərək, öz çirkin niyyətlərinə-yeni ərazilər əldə etməyə can atırlar. Əlbbəttə, ermənilər burada digər dövlətlər üçün yaxşı bəhanə “vasitə”sidir və tarixin müxtəlif dövrlərindən bu “vasitə”dən maraqlı tərəflər istifadə edərək yararlanıblar.

Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin edilən səfirinin etimadnaməsini qəbul edərkən Ermənistanın çirkin oyunlarında Yunanıstanın iştirakını anlaşılmayan və narahatedici məsələ olduğunu açıq şəkildə vurğulaması təsadüfi deyildi. Prezident həmişə olduğu kimi qarşılıqlı münasibətlərin səmimi, xeyirxah, xalqların rifahına, dövlətlərin suverenliyinə, sülhə xidmət etməli olduğunu bir daha vurğulamış oldu. Azərbaycanın Yunanıstanın iqtisadi inkişafına əvvəlki hökümətlərin xahişi ilə vaxtilə verdiyi və bundan sonra da verə biləcəyi önəmli töhfələri də qeyd edərək, TAP layihəsi ilə bağlı Yunanıstana edilən jesti də xatırladıb. Bəs görəsən Ermənistan Yunanıstana nə verə bilər ki, bu işğalçı, faşist rejimlə Yunanıstan məhz hərbi ittifaqa girsin? Türkiyəyə, bütövlükdə regionda sabitliyin pozulmasına təhlükə olan belə bir ittifaqın yaranmasında üçüncü dövlətlərin canfəşanlığı da nəzərdən qaçırılmamılıdır.

Bununla bağlı İlham Əliyev bildirib ki, “zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelə­rimizi bilək...Sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Bildiyiniz kimi, Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib,...işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur...Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub... Hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır”. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

Baş verənlər və tarixin ibrət dərsləri göstərir ki, Azərbaycan-Türkiyə birliyi bölgənin sabitliyi və tərəqqisi üçün əsas güc mərkəzi kimi zərurətdən yaranıb. Bölgənin gələcək taleyini bu birlik yönləndirəcək.

Prezident İlham Əliyev Azərbaycan dövlətinin siyasətini açıqlayaraq siyasi prosesləri yönləndirəcək tarixi fikir söylədi: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik... Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”. Azərbaycan-Türkiyə hərbi ittifaqı barışın, sülhün, tərəqqinin qarantıdır!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti