Bakı. Trend:
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bu ölkədə tanınmış təhsil ocaqlarından biri olan Kembric Universitetinə (Cambridge University) səfər etmişdir.
Səfirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində universitetin rəhbər şəxsləri, professorlar və tələbələr ilə bir sıra görüşlər keçirilmiş, Azərbaycan ilə təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Həmçinin səfirlik nümayəndələri məşhur Kavendiş (Cavendish) fizika laboratoriyası ilə tanış olmuşlar və Kembric şəhərində yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilmişdir.
Daha sonra Universitetin nəzdində fəaliyyət göstərən Kembric Mərkəzi Asiya Forumu (Cambrigde Central Asia Forum) tərəfindən “Xəzər hövzəsinin Regional Dinamikaları” (Caspian Regional Dynamics) mövzusuna dair seminar keçirilmişdir.
Seminar Kembric Mərkəzi Asiya Forumunun direktoru Professor Montu Saksena tərəfindən aparılmışdır. Seminarda çıxış edən diplomat Azərbaycanın geosiyasi əhəmiyyətindən ətraflı söz açmışdır. Belə ki, Azərbaycan müstəqilliyinin ilk günlərindən regionda sülh, inkişaf və inteqrasiya üçün səy göstərməkdədir. Bu da öz növbəsində Ümummili lider Heydər Əliyev strategiyasının əsas istiqaməti olmuşdur.
Səfir Azərbaycanın dünyada tolerantlıq nümunəsi kimi tanındığını və daim dialoqu dəstəklədiyini bildirmişdir. Hətta müharibədən sonra 30 illik işğala son qoyaraq, növbəti gün cənab Prezident İlham Əliyev sülhə çağırış edərək, Ermənistana əməkdaşlıq və kommunikasiya xətlərinin açılmasını təklif etdiyini diplomat xüsusi olaraq qeyd etmişdir.
Azərbaycan türk dünyasının qovşağıdır, bununla yanaşı qonşu və regional dövlətlər ilə əməkdaşlığını dinamik şəkildə inkişaf etdirir. Qoşulmama Hərəkatı kimi nəhəng bir təşkilata sədr seçilməyimiz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüslərinin beynəlxalq tərəfdaşlarımız tərəfindən səmərəli və yüksək qiymətləndirilməsinin göstəricisidir. Həmçinin, pandemiya dövründə Türk Şurası dövlətlərinin proseslərə çevik şəkildə reaksiya verərək, təcili preventiv tədbirlər həyata keçirdiklərini, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması yüksək qiymətləndirilmişdir və “Peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinə dair qətnamə”nin qəbul edilmişdir.
Diplomat 1994-cü il sentyabr ayının 20-də Xəzər dənizinin enerji ehtiyatlarının hasilatı ilə bağlı dünyanın nəhəng şirkətləri, çoxsaylı beynəlxalq aktorları əhatə edən, “Əsrin müqaviləsi” imzalanmasının o dövrdə keçmiş SSRİ ölkələri arasında ən böyük investisiya layihəsi hesab olunmasından söz açmışdır. Belə irimiqyaslı layihənin həyata keçməsi yalnız təbii sərvətlər hesabına deyil, Heydər Əliyevin uzaqgörən və cəsarətli addımları nəticəsində oldu. Bu bir daha sübut edir ki, həmin dövrdə Azərbaycanın siyasi kursunun və strategiyasının düzgün seçilmişdir.
Səfir Azərbaycanın müstəqillik əldə etdikdən sonra enerji siyasətində davamlı addımlar atmağa başladığını, “Əsrin müqaviləsi”, Bakı-Supsa neft kəməri, Bakı-Tbilisi-Ceyhan neft qaz kəmərləri ilə dünya bazarlarına çıxış əldə edildiyini, Xəzər dənizi Qara dəniz, Aralıq dənizi ilə qovuşduğunu, eyni zamanda Gürcüstan və Türkiyənin regionda fəal aktorlara çevrildiyini bildirdi. Bütün bunlar təsadüf deyildi, əlbəttə ki, Heydər Əliyevin dərin uzaqgörən strategiyasının bir hissəsi idi deyə səfir fikirlərinə əlavə etdi.
Müqayisə olaraq Ermənistanın səhv qərarlarının, öz qonşuları ilə beynəlxalq hüququn normalarına uyğun münasibətlər qurmaq əvəzinə işğalçılıq siyasəti yürütmələrinin nəticəsində dövlətçilik iflas etmiş və Ermənistan beynəlxalq layihələrin qazandırdığı əlavə dividentlərdən kənarda qalmışdır.
Diplomat Azərbaycanın daima qonşu dövlətlər ilə ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməyə hazır olduğunu, belə ki, 3+3 formatınında reallaşmağına doğru növbəti addımlar atıldığını bildirib. Bu yaxınlarda İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin səfərə məhz Füzuli rayonundan başlamasını, eləcə də kommunikasiya və nəqliyyat layihələrinə dair bəyanatı bunun bir nümunəsidir. Həmçinin, Azərbaycanla İranı birləşdirəcək Astaraçay körpüsünü tikilməsi də İranın regionda gedən inteqrasiya prosesində fəal şəkildə iştirak etdiyinin göstəricidir.
“Əgər burada bütün regionu əhatə edən kommunikasiyaların açılmasından söhbət gedirsə, bu bütün bölgə ölkələrinin xeyrinə olacaq. Hal-hazırda Cənubi Qafqazda kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması müzakirə olunur. Düşünürəm ki, bu, hər kəsin xeyrinədir. Münaqişə artıq başa çatıb.Hal-hazırda sülh müqaviləsinin imzalanmasına və ilkin mərhələdə sərhədlərin delimitasiyasına ehtiyac var” deyə səfir fikirlərinə əlavə etmişdir.
Səfir Ermənistan xalqının böyük əksəriyyətinin sülhün regiona töhfəsini başa düşəcəklərini ümid etdiyini bildirmişdir. Hətta artıq ilk addımların atıldığını, Türkiyə və Ermənistan arasında normallaşma prosesinə də diqqət çəkərək, İstanbul-İrəvan aviareyslərinə start verildiyini vurğulamışdır.
Səfir Azərbaycanın hətta müstəqillik elan etməsindən əvvəl qonşu Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal prosesini başlamasını xatırlatmış, beynəlxalq qanunlar, BMT-nin Ermənistanın torpaqlarımızı dərhal və qeyd-şərtsiz azad etməsinə dair məlum 4 qətnaməsi, İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnamələri və s çoxsaylı beynəlxalq-hüquqa uyğun reaksiyalar, Ermənistan əleyhinə olsada 30 il davam edən bütün bu danışıqlar faydasız olduğunu qeyd etmişdir. Danışıqlar nəticəsində nə bir məcburi köçkünümüz öz torpaqlarına geri dönə bilmişdir, nə də 1m2 ərazimiz geri qaytarılmışdır, bunu və keçmişdə qalan formatların səmərəsiz olduğunu beynəlxalq tərəfdaşlarımız nəzərə almalıdırlar.
“2020-ci ildə isə, proses kökündən dəyişdi. Ermənistan tərəfi heç bir səbəb olmadan iyul ayında hücuma başladılar.
Onu da qeyd edim ki, hücum hədəfi Tovuz idi. Bu ərazi Qarabağdan uzaqda yerləşirdi və bir sıra boru kəmərləri oradan keçir. Bu hücum nəticəsində bir dinc sakin və hərbçilərimiz həlak oldu. Onların içərisində qəhraman generalımız Polad Həşimov da var idi”, - deyə səfir Vətən müharibəsinin başlanması və gedişatı barədə ümumi məlumat vermişdir.
Diplomat regionun lider neft-qaz ixracatçısı olan Azərbaycanın, həmçinin yaşıl iqtisadiyyat konsepsiyasının da tam dəstəkləyini demişdir. O, həmçinin Birləşmiş Krallığın BP şirkəti işğaldan azad olunmuş zonalarımızda yaşıl iqtisadiyyatın şaxələndirilməsində ən fəal tərəfdaşlarımızdan biri olduğu iştirakçıların diqqətinə çatdırıb.
Bugün Azərbaycanın təşəbbüsü ilə Cənub-Şərqi Avropada yeni reallıqlar yaranmışdır. Bu təşəbbüslər ideologiya və siyasətə yox, daha çox praktiki və məhsuldar yanaşmalara əsaslanır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında şərtlərə uyğun olaraq ABŞ, Avropa İttifaqının Komissarları və 20 yaxın dövlətin iştirakı da bunu sübut edir.
Seminar ərzində bəzi erməni iştirakçıların suallarını cavablandıran Süleymanov radikal irqçi yanaşmalarının son 30 ildə məhz ermənistanın özünə zərər verdiyini bildirmiş və xaricdə yaşayan radikalları uydurma yalanlardan geri çəkilməsini, ekstremist yanaşmaların əvəzinə iflasa uğramış Ermənistanda yaşayan erməni vətəndaşlarının gələcəyini düşünməyi tövsiyə etmişdir. Həmçinin qeyd etmişdir ki, ermənistan vətəndaşları Sarkisyan və Köçəryan kimi hərbi cinayətkarlardan imtina etmələri göstərir ki, irqçiliyin davamı yoxdur.
Səfir bugün regionda sülh və sabitliyin davamlı olması vacibliyini bildirmişdir. Amma çox təəssüf ki, bəzi radikalların yalnız Azərbaycan və Türkiyəyə qarşı hücumlar ilə məşğul olmaqdan, deyəsən Ermənistanın keçmiş Prezidenti Armen Sarkisyanın istefası haqqında xəbər verməyə vaxtları çatmır.
Səfir sonda, fevral ayının 26-da Xocalı soyqırımının 30 illiyinin qeyd olunacağını bildirmişdir. Bu kimi faciələr bir daha onu göstərir ki, region üçün sülh nə qədər önəmlidir və Azərbaycan tərəfi sülhə aparan addımları daim dəstəkləyir. Amma bütün bunlarla yanaşı, biz ermənilərin Xocalıda törətdiyi misli görünməmiş vəhşiliklərini unutmalıyıq ki, gələcəkdə belə faciələr təkrar olunmasın.
Seminarı video formatda aşağıdakı linkdən izləyə bilərsiniz.