Bakı. Trend:
Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqla öz gələcəyi üçün məsuliyyəti üzərinə götürməlidir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun İsrailin "Jerusalem Post" qəzetində dərc olunan məqaləsində deyilir.
Səfir qeyd edir ki, Ermənistanın Azərbaycan ərazilərinin otuz illik işğalının gətirdiyi bütün bəlalara baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev ölkənin qətiyyətli hərbi qələbəsindən və 2020-ci ilin noyabrında hərbi əməliyyatların dayandırılmasından dərhal sonra Ermənistanı sülh razılaşması əldə etməyə çağırdı.
Məqalədə deyilir ki, müstəqil, sürətlə inkişaf edən dövlətin lideri kimi Prezident İlham Əliyev əmindir ki, dayanıqlı sülh bütün regionumuz üçün davamlı təhlükəsizliyin və inkişafın ən yaxşı təminatıdır.
Səfir qeyd edib ki, Azərbaycan nəqliyyat və iqtisadi əlaqələrin bərpasının əhəmiyyətini anlayır və hazırda uğurlu iqtisadi əməkdaşlıq vasitəsilə regional inteqrasiyaya, iri infrastruktur layihələrə və rifaha dəstək siyasətini təşviq edir.
"Hazırda müşahidə etdiyimiz hal Ermənistanın mövcud olduğu regionun tam inteqrasiya olunmuş bir hissəsi olmamaq üçün səy göstərməsinin əksinə olaraq, Azərbaycanın praqmatik, reallığa əsaslanan yanaşmasıdır", - E.Süleymanov yazıb.
Müəllif yazır ki, sülhün gətirə biləcəyi dividendlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının əsas elementidir və bu gün Ermənistan nəhayət bunu dərk etməlidir.
"Ötən iki ilin açıq şəkildə göstərdiyi odur ki, sülh sazişinin imzalanmasının ləngiməsi İrəvanın mövqeyini yaxşılaşdırmadı, əksinə, onu daha təhlükəli vəziyyətə saldı. İndi Ermənistanın hərəkətə keçməsi və qeyri-müəyyən bəyanatlardan sülhə keçməyə real hazır olduğunu nümayiş etdirməsi lazımdır", - səfir yazıb.