Bakı. Trend:
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xaqla müraciətində deyib.
Dövlət başçısı bildirib:
"İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Hesab edirəm ki, bundan sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün bütün şərtlər təmin edildi və Azərbaycan tərəfindən təklif olunmuş məlum beş prinsip əsasında sülh müqaviləsi imzalana bilər.
Bu il biz hərbi gücümüzü daha da artırmışıq, bu sahəyə daim böyük diqqət göstərilir. Azərbaycan həm İkinci Qarabağ müharibəsi dövründə öz hərbi gücünü göstərmişdir, eyni zamanda, müharibədən keçən iki il ərzində biz aparılan islahatlar nəticəsində, yeni silahlı birləşmələrin yaradılması nəticəsində, silahlar və müasir texnika ilə ordumuzu təchiz etməyimiz nəticəsində daha da böyük hərbi potensiala malik olduq".