Bakı. Trend:
İslamofobiya ilə bağlı beynəlxalq konfrans çərçivəsində "Qərb mədəniyyətlərində müsəlmanlarla bağlı konspiroloji nəzəriyyələr: Böyük Yerdəyişmə Nəzəriyyəsi" mövzusunda panel müzakirəsi keçirilib.
Trend-in məlumatına görə, paneldə iştirak edən ABŞ-dən olan iştirakçı, Əməkdaşlıq və Sivilizasiyalar Fondunun təsisçisi və prezidenti Məhəmməd Bəşər Arafat yeni qlobal və transmilli çətinliklər barədə danışarkən bildirib ki, bu, ABŞ və Çin arasında gərginlikdən, Türkiyə, Hindistan, İran, Cənubi Amerika ölkələri kimi regional güclərin maraqlarının toqquşmasından qaynaqlanır.
O, həmçinin, çıxışında qeyd edib ki, gənclərin, xüsusilə də qeyri-müsəlman ölkələrindən olan gənclərin proqramlar çərçivəsində bir araya gətirilməsi, onların maarifləndirilməsi vacibdir.
Notre Dam Universitetinin təmsilçisi, professor İbrahim Musa deyib ki, İslamofobiyanın tarixinə baxmaq, ona tarixi kontekstdən yanaşmaq lazımdır. Professorun sözlərinə görə, anti-islamafobik aktivitslər konspirologiya teorilərindən uzaq olmalı, mövzu ilə bağlı müvafiq bilgiyə və faktlara malik olmalıdırlar.
O, təqdimatında Avropa siyasi təsəvvüründə İslamın yeri barədə danışıb. Kantın, Hegelin, Karl Şmittin, Jak Derridanın nəzəriyyələrində İslamla bağlı yanaşmalar barədə məlumat verib. Bildirib ki, teoloji və mədəni fərqlər müsəlmanların mövcudluqla bağlı iddialarını legitimisizləşdirmək üçün instrument kimi istifadə olunur.
Corc Taun Universitetində Müsəlman-Xristian Anayışı Mərkəzinin tədqiqatçısı Arsalan İftixar çıxışında bildirib ki, qərbdə İslamla, müsəlmanlarla bağlı konspiroloji nəzəriyyələrdən ən aparıcısı "böyük yerdəyişmə"dir: "Qərbdə belə bir fikir var ki, guya müsəlmanlar qərbə köç edir, onların malik olduqlarını ələ keçirir, dəyərlərini dəyişdirirlər, onların yerini tutmağa çalışırlar".
Arsalan İftixar 2019-cu ildə Yeni Zelandiyada məsciddə törədilən terror hücumunda məhz "böyük yerdəyişmə" konspiroloji nəzəriyyəsinin əsas motiv olduğunu vurğulayıb.
İslamofobiyanın Monitorinqi Layihəsində müstəqil araşdırmaçı İneke van der Valk panel müzakirəsində çıxış edərək bildirib ki, İslamofobiya rasizmin bir növüdür.
O qeyd edib ki, rasizm üç mərhələdə qeydə alınır ki, bunlar da institusional rasizm, siyasi rasizm və fərdlər arasında rasizmdir. İllər ərzində İslama qarşı kampaniyalar aparılıb.
İneke van der Valk bildirib ki, İslamla bağlı mübahisəli yanaşma bu gün Abropada yalnız ifrat-sağ qrupların gündəliyində deyil, həm də digər siyasətçilərin gündəliyində rast gəlinir.
Paneldə Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru Ahmet Uysal da çıxış edib. O deyib ki, İslama qarşı kampaniyalar müxtəlif ölkələr tərəfindən fərqli məqsədlər üçün aparılır.
Ahmet Uysal əlavə edib ki, bu gün bəzi İslam ölkələrində də islamofobiya var, "onlar siyasi İslama qarşı mübarizə üçün bunu edir, başqa güclər üçün ölkə daxili də lobbiçilik edirlər".
O çıxışında Ermənistan və Azərbaycan münaqişəsində məsələni xristian-müsəlman toqquşması kontekstində təqdim etməklə bağlı cəhdləri xatırladaraq bunu qlobal ictimaiyyəti yanıltmağa yönəldiyini vurğulayıb.