...

Azərbaycan və Gürcüstanın regionun maraqlarına xidmət edən yeni iqtisadi perspektivləri (TƏHLİL)

Siyasət Materials 7 Aprel 2023 11:41 (UTC +04:00)
Azərbaycan və Gürcüstanın regionun maraqlarına xidmət edən yeni iqtisadi perspektivləri (TƏHLİL)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazın əhəmiyyəti qlobal miqyasda sürətlə artır, beləliklə regionun əsas iştirakçıları olan Azərbaycan və Gürcüstanın da rolu yüksək templə artmaqdadır. Sürətlə dəyişən qlobal geosiyasət şəraitində Prezident İlham Əliyevin öz yaxın qonşuları ilə münasibətdə atdığı qətiyyətli və uzaqgörən addımlar regionu müəyyən yeni səviyyəyə çıxarıb. Gürcüstanla Azərbaycan arasında möhkəm dostluq əlaqələri qədim tarixə malikdir. İki ölkə arasında münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı hörmət təməli üzərində qurulub.

Ümummilli lider Heydər Əliyevin 1996-cı ilin mart ayında Gürcüstana tarixi səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" Müqavilə, həmçinin "Tbilisi bəyannaməsi" kimi tanınan "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında" Bəyannamə iki ölkə arasında münasibətlərin qurulmasında təməl daşı rolunu oynayıb.

Gürcüstanın azərbaycanlı əhalisi əhalinin ümumi sayının 6,5 faizini təşkil edir və hazırda ölkədəki etnik qruplar arasında sayına görə ikinci yerdədir.

Bugünədək Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatına 3,5 milyard dollardan çox investisiya qoyublar. Təkcə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstana təqribən 1,5 milyard dollar dəyərində investisiyia qoyub. Eyni zamanda Gürcüstan Azərbaycana 260 milyon dollar sərmayə qoyub.

Azərbaycan şirkətləri, o cümlədən SOCAR Gürcüstanda ən böyük vergi ödəyiciləridir. Bundan əlavə, bu şirkətlərin ölkədəki investisiyaları sayəsində minlərlə iş yeri açılıb. Statistikaya əsasən, Gürcüstanda Azərbaycan kapitalına malik 3200-ə yaxın şirkət qeydiyyatdan keçib. Bu şirkətlər energetika, nəqliyyat, kommunikasiya, tikinti, istehsalat, otel və restoran xidmətləri, daşınmaz əmlak, maliyyə, faydalı qazıntıların hasilatı kimi sferalarda fəaliyyət göstərirlər.

Bundan başqa, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən qeyri-neft sektorunda fəaliyyət göstərən, Gürcüstan kapitalına malik 700-dən çox şirkət qeydiyyatdan keçib və həmçinin uğurla fəaliyyət göstərir.

Ötən il Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsi 1,3 milyard dollar təşkil edib ki, bu da öncəki ilin analoji dövrü ilə müqayisədə (2021-ci ildə 1,1 milyard dollar) 18,1 faiz yüksəkdir. 2022-ci ildə Gürcüstanın ümumi ticarət həcmində Azərbaycanın payı 6,9 faiz təşkil olub. Burada Azərbaycandan Gürcüstana ixrac 672,6 milyon dollar, Gürcüstandan idxal isə 642 milyon dollar təşkil edib.

Bundan başqa, iki ölkə arasında qarşılıqlı səfərlərin sayı ildən ilə artmaqdadır. 2022-ci ildə Gürcüstana 152 969 nəfər azərbaycanlı səfər edib. Bu rəqəm 2021-ci illə müqayisədə 84,9 faiz artıb, belə ki, 2021-ci ildə Azərbaycandan Gürcüstana 82 718 nəfər yola düşüb. 2022-ci ildə Azərbaycana səfər etmiş gürcülərin sayı 1,5 dəfə artaraq hesabat dövründə Azərbaycana səfər etmiş bütün əcnəbilərin 5,7 faizini təşkil edib.

İki ölkə arasında enerji əməkdaşlığı hər iki ölkə müstəqillik qazandıqdan sonra ikitərəfli münasibətlərin inkişafının əsas sütunlarından biri olub.

Ötən ilin iyununda Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanmış Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu tədarüklərin 2027-ci ilədək 20 milyard dollaradək artırılmasını nəzərdə tutur. Bununla əlaqədar olaraq, Gürcüstan ərazisindən keçən Trans-Anadolu boru kəmərinin (TANAP) ötürücülük qabiliyyətinin artırılması birinci dərəcəli əhəmiyyət daşıyır. Azərbaycan həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixracı artırmağı planlaşdırır. Bundan başqa, hazırda fəaliyyət göstərməyən Bakı-Supsa neft kəmərinin istifadəsinə başlamaq planlaşdırılır. Beləliklə, Avropada Azərbaycanın enerji resurslarına yüksək tələbat fonunda Gürcüstanla əməkdaşlıq böyük potensiala malik ola bilər.

Azərbaycan tərəfindən Avropaya alternativ elektrik enerjisinin ixracına başlamaq üçün atılan son mühüm addımlardan biri də "Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş"in imzalanması oldu ki, buraya həmçinin Gürcüstan daxildir.

Layihə çərçivəsində Gürcüstanla Rumıniya arasında 1000 meqavat gücə malik 1195 km uzunluqda elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin quraşdırılması planlaşdırılır. Bu məqsədlə Dünya Bankının dəstəyi ilə 2023-cü ilin sonunadək layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması planlaşdırılır.

Hazırda bütün dünyada və Avropada enerji resurslarına tələbat böyük olduğundan, Gürcüstan və Azərbaycan bu məsələdə əlaqəli şəkildə hərəkət edərək öz milli maraqlarını qorumalı və bir məqama fokuslanmalıdırlar.

Beləliklə, enerji, nəqliyyat və bir sıra digər sahələrdə prinsipial əhəmiyyət kəsb edən sazişlər imzalanıb və çoxusu Gürcüstanın ərazisi ilə əlaqəli olduğundan, bütün bu sazişlər həmçinin Gürcüstanın maraqlarına toxunur.

Nəticədə dəyişməkdə olan regional və qlobal şəraitdə səylərini bu möhkəm əsasda əlaqələndirən Azərbaycan və Gürcüstan nəinki Cənubi Qafqazın müasir simasını yaratmağa, həm də Şərqlə Qərb arasında etibarlı "körpü"yə çevrilməyə müvəffəq oldular.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti