...

Əsl erməni faciəsi: küsülü həmsədrlər, qorxmuş Paşinyan və yaramaz sabiqlər

Siyasət Analytics 22 Aprel 2023 12:35 (UTC +04:00)
Əsl erməni faciəsi: küsülü həmsədrlər, qorxmuş Paşinyan və yaramaz sabiqlər
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan rəhbərliyi özünü geosiyasi dalana saldığının fərqində olduğundan, vurnuxaraq çıxış yolu aramağa başlayıb. Nikol Paşinyan hamını və hər kəsi suçlayır, kənarda dəstək arayır, siyasi məhvini triumfa çevirməyə çalışır.

"Təsəvvür edin ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bir-biri ilə danışmırlar. Bu qrup çərçivəsində danışıqlar və ya müzakirələr aparmaq mümkünsüz işə çevrilib. Onlar deyirlər: "Onunla danışmayacağam, bununla bir masa arxasına oturmayacağam". Ermənistanın hakimiyyət dairələri nəyi necə etsinlər ki, Minsk Qrupunun həmsədrlərini bir masa arxasına oturda bilsin?! Mən bilmirəm".

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə müxalifətçilərinin, ələlxüsus da parlamentdəki müxalifətçi deputatların "İrəvan niyə Minsk Qrupu çərçivəsində danışıqları bərpa etmir?" sualını, daha doğrusu, ittihamı cavablayarkən belə deyib.

Daha sonra o, Ermənistanın əvvəlki hakimiyyəti dövründə Qarabağla bağlı Azərbaycanla aparılmış müzakirələrdən və danışıqlardan bəhs edib.

Onun açıqlaması yetərincə maraqlı olduğundan olduğu kimi təqdim edirik: "Mən müxalifətdə olanda hakimiyyət mənsubları ilə görüşür, Qarabağ məsələsini, danışıqları müzakirə edirdik. İlkin təəssürat belə idi ki, sanki o insanlar bizi bisavad, sadəlövh sayırdılar. Axı nə üçün Azərbaycanla aparılan danışıqların nəticələri barədə görüşlər vasitəsilə məlumat almalıydıq? Bəyəm Ermənistan dövlət deyil? Harada idi XİN-nin qeydə aldığı danışıqların gedişatı?! Bir-iki kağız tapdıq, onları yapışdırdıq, vəssəlam. Necə olur ki, Serj Sarqyan yanıma adamını göndərib evi ilə bağlı məsələnin həllini xahiş edir? Bəyəm Qarabağ məsələsində filan nüansın filan olması ilə bağlı xəbər yollaya bilməzdi? Özünü Dağlıq Qarabağın "prezidenti" elan etmiş Bako Saakyan aylarla, illərlə yanıma kofe içməyə gəldi. Heç olmasa adi kağız parçasında, imzasız xəbər yollayardı danışıqların gedişatından.

Deyəsən, Vardan Oskanyan, o vaxtkı xarici işlər naziri, həmin zamanda nə isə deməliydi. Qoy, indi desin. O danışır ki, "Ya 5, ya 7, ya 4, ya da 3 rayonu ver" söyləməli imiş. O vaxt deyərdi də! Açıq-aşkar deyərdi ki, "torpaqları qaytarmalıyıq!" Niyə demirdilrə? Axı niyə indi müxalifətçilər deyir ki, "Paşinyan Qarabağı təhvil verməyə gəlib" Halbuki, deməlidirlər ki, "Budur, nəhayət, legitimsən sən, torpaqları qaytar!"

Göründüyü kimi, Nikol Paşinyan Azərbaycanla aparılan danışıqlar prosesində İrəvanın yaratdığı süni maneələri, yekun sülh sazişinin imzalanmasına gedən yolu mümkün qədər uzatmağa çalışmasını fərdi davranışı yox, az qala Robert Köçəryan və Serj Sarqsyanın hakimiyyətinin qalığı, siyasi rudimenti kimi qələmə verməyə çalışır.

44 günlük İkinci Qarabağ Müharibəsinin başa çatdığı gündən rəsmi İrəvanın yürütdüyü siyasət bitmək bilməyən oyunbazlıq, siyasi təlxəklikdir və yeganə məqsəd Bakı ilə sülh sazişini imzalamaqdan yayınmaqdır.

Ermənilərin reallaşdırmağa çalışdıqları sxem çox bəsitdir.

Nikol Paşinyan ilk əvvəl ya ölkə mediasına açıqlamalarında, ya da çıxışlarında "münaqişənin tam və yekun həllinə yönəlmiş sülh danışıqlarını davam etdirmək əzmi"ndən bəhs edir. Beləcə, kollektiv Qərbdə və ermənilərdə yanlış rəy formalaşmağa başlayır ki, sən demə, Ermənistan rəhbərliyi müsbət davranır, yekun sülh sazişinin imzalanmasına yönəlmiş proses aktivləşir.

Lakin az sonra əvvəlcə Ermənistan XİN-indən, daha sonra ölkə parlamentindən və Təhlükəsizlik Şurasından aqressiv ritorikalı bəyanatlar, Azərbaycana qarşı absurd iddialar və az qala hədələr səslənməyə başlayır. Sonrakı açıqlamaların məzmunu iki il yarımdır ki, fərqlənmir: "Rəsmi Bakının yürütdüyü siyasət dayanıqlı sülhün əldə edilməsinə mane olur".

Sonda Paşinyan komandasındakı bir neçə deputat danışır və məlum olur ki, rəsmi İrəvan sülh gündəmində maraqlı deyil.

Nikol Paşinyanın çıxışından uzun-uzadı iqtibas gətirməyimiz səbəbsiz deyil.

Ermənistanın baş naziri "sabiqlər"i, yəni Robert Köçəryan və Serj Sarqsyan iqtidarlarını "həqiqəti xalqdan, xüsusilə də müxalifətdən gizlətmək"də və "sülh danışıqlarının gedişatını sürətləndirməkdə maraqlı olmamaqda" suçlasa da, özü həmin bədnam "komanda"ların siyasətinin alqoritmini bütünlüklə təkrarlayır.

Belədirsə, Nikol Paşinyanın bəyanatlarına və açıqlamalarına inanmaq çətindir: rəsmi İrəvanın siyasəti real işlərə yox, fəaliyyət görüntüsünün yaradılmasına yönəlib.

Ermnistan rəhbərliyi Azərbaycanla danışıqlardan danışır, "Qarabağ Azərbaycan ərazisidir" deyir, amma bununla yanaşı qonşu ölkədə revanşist təmayüllər sürətlə güclənir, İrəvandan Xankəndində silah-sursat və canlı qüvvə göndərmək cəhdləri artır.

Nikol Paşinyan yaranmış situasiyalardan faydalanmağa çalışaraq görüntülər yaradır və belə mimikriya siyasəti ilə məqsədlərinrə çatmağa çalışır.

Onun bəyanatları və açıqlamalarının söz yığını olmadığını Bakının təklif etdiyi 5 məlum şərt əsasında Ermənistanın sülh sazişini imzalamasından sonra təsdiqləmək olar.

Həmin vaxtadək Ermənistan rəhbərliyinin sözlərinə zərrə qədər inanmağa dəyməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti