Bakı. Trend:
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Azərbaycana səfərinin məqsədləri məlum olub.
ABŞ səfirliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Lui Bono mayın 25-dək regionda səfərdə olacaq.
Bildirilib ki, Lui Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır.
“O, həm də Ermənistana səfər edəcək. Bu, Bono üçün ABŞ və digərlərinin ev sahibliyi etdiyi son danışıqların inkişafı üçün bir fürsət olacaq. Ermənistan və Azərbaycanın sülh prosesində səmərəli iştirak etmək üçün son səyləri bizi ruhlandırır və Bono bunu sürətləndirməyə ümid edir. Bono ABŞ-ın Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq olduğunu vurğulayacaq”, - deyə səfirlik bildirib.
Qeyd edək ki, Lui Bono bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.