...

Ermənistan Naxçıvanı zəhərləmək istəyir - İrəvanın "çirkli" PLANI

Siyasət Materials 8 İyun 2023 12:33 (UTC +04:00)
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan hazırda Sədərək rayonu yaxınlığında, daha dəqiq desək Arazdəyən kəndində metaləritmə zavodu inşa etməyə başlayıb. Ermənistan KİV-ində yayılan məlumata görə sahəsi 16 500 km/kv olacaq zavodda ildə 180 min ton metal istehsalı nəzərdə tutulur.

Ermənistanın bu planı yeni olmasa da, çox keçmişə də gedib söykənmir. İstisna edilmir ki, 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra 10 noyabr üçtərəfli bəyanatına imza atan Ermənistan siyasi rəhbərliyi üzərinə götürdüyü öhdəliklərdən yayınmaq, prosesə mane olmaq üçün bir çox məsələlərlə bağlı geridə qalan 3 il ərzində artıq planlar qurub. Bu məsələlərdən biri məhz hələ də rəsmi İrəvandan icrası istiqamətində ciddi bir irəliləyişin nəzərə çarpmadığı Zəngəzur dəhlizi ilə bağlıdır.

Ermənistana bu zavod nə üçün lazımdır?

1. İqtisadisadi imkanları artırmaqmı? Prioritet o deyil. Nəzərə alsaq ki, son zamanlar Zəngəzur marşurutu istiqamətdə tərəflər arasında qənaətbəxş irəliləyişlər nəzərə çarpmaqdadır, istisna edilmir ki, Ermənistan tərəfi yenidən bu dəhlizin fəaliyyətə başlamasına əngəl olmaq üçün növbəti dəfə metaləritmə zavodu məsələsini ortaya ataraq qarşı tərəfdə narazılıq, qıcıq yaratmağa çalışır.

2. Arazdəyən Zəngəzur dəhlizinin əsas, vacib bir hissəsi olduğunu düşünsək, bu, iddiadan çox reallığı özündə əks etdirir. Burada bir məsələ diqqətdən yayınmır: bir neçə gün öncə Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazilərinin müavinləri arasında keçirilən İşçi Qrupunun 12-ci iclasında Arazdəyən-Culfa-Mehri-Horadiz dəmiryolunun bərpası üzrə ümumi anlaşma əldə olundu və zavod mövzusu da məhz həmin tarixdən sonra meydana atıldı.

3. Bu zavodu inşa etməklə Ermənistanın digər və ən təhlükəli planı isə Azərbaycanın Naxçıvan əhalisinə qarşı ekoloji terroru sürətləndirmək, insanları zəhərli tullantılarla zəhərləmək məqsədi daşıyır.

30 il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan Azərbaycan xalqına və dövlətinə qarşı misilsiz cinayətlər törətməsi azmış kimi, bu gün bu məkirli niyyətindən əl çəkmək niyyətində görünmür. Özü də bu cinayətlər təkcə insanlara qarşı deyil, eyni zamanda, torpağa, təbiətə, meşələrə, təbii sərvətlərimizə qarşı nəzərdə tutulub.

Məğlub olmasına baxmayaraq Ermənistanın öz terrorçu, işğalçı, talançı siyasətini istər işğaldan azad olunan ərazilərdə basdırılan on minlərlə minalarla, istərsə də bu kimi addımlarla davam etdirməkdə israrlı görünür.

Əslində, Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürmüş və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdır.
Hamıya məlumdur ki, Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir.

Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşmasına başqa ad vermək olmur. Ərazidə zavodun tikintisinə 70 milyon dollar dəyərində ABŞ sərmayəsinin qoyuluşu nəzərdə tutulur ki, bu da kifayət qədər ciddi rəqəmdir.

Məhz bu bölgədə ağır sənaye zavodunun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Təəssüf ki, geridə mina terroruna görə Ermənistana gözün üstə qaşın var deməyən, ona təzyiqlər edib, bu əməllərindən çəkindriməyən beynəlxalq birlik, xüsusilə də ekologiyanın qorunmasını özünün başlıca prinsipi hesab edən xarici təşkilatlar bu prosesi də hələ ki, sükutla qarşılayırlar.

Zəhərli tullantıların Araz şayına, ərazidəki digər xırda çaylara axıdılması oradakı yüzlərlə, minlərlə köçəri quşun, balıq növlərinin məhvinə gətirib çıxara bilər. Bəli, beynəlxalq hüquqa görə hər bir ölkə öz ərazisində təsərrüfat ilə məşğul ola bilər, lakin həmən fəaliyyət digər ölkənin ərazisinə təsir edirsə, bu, mütləq razılaşma yolu ilə beynəlxalq hüquq və beynəlxalq ekoloji hüquq normalarına uyğun həyata keçirilməlidir.

Lakin beynəlxalq təşkilatların, bu məsələyə görə birbaşa məsuliyyət daşıyan qlobal qurumların Ermənistanın belə əməllərini sükutla qarşılaması rəsmi İrəvanın yenidən cəzasızlıq sindromundan yararlanıb, bildiyi şəkildə terror əməllərini davam etdirməsinə rəvac verəcək. Amma Ermənistanın silsilə cinayətlərinə "dur" deməyən həmin beynəlxalq qurumlar, böyük dövlətlər bunu ütləq bilməlidirlər ki, Azərbaycan bu vəzifəni üzərinə götürsə hamilik etdikləri Ermənistandan ələ gələcək heçnə tapmayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti