...

Heydər Əliyevin bir günü: Ümummilli lider BMT-nin münaqişələrin həllində acizliyindən danışır

Siyasət Materials 7 İyul 2023 17:37 (UTC +04:00)
Heydər Əliyevin bir günü: Ümummilli lider BMT-nin münaqişələrin həllində acizliyindən danışır

Bakı. Trend:

Trend BİA Ümummilli Liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin bir günü" adlı xüsusi layihə başladıb. Ümummilli Liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını xronikada bizimlə birgə yada salmağı təklif edirik.

2000-ci il iyulun 7-də ümummilli lider BMT-nin Vyana şəhərindəki mərkəzində olmuş, burada BMT baş katibinin müavini, BMT-nin Avstriyadakı ofisinin rəhbəri Pino Arlakki ilə görüşmüşdür. Heydər Əliyev etnik münaqişələrdən söhbət gedəndə beynəlxalq institutların işindəki problemləri ətraflı təsvir etdi.

O, 1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın dərhal BMT tərəfindən tanındığını və BMT-nin üzvü olduğunu xatırladıb. "Biz bunu müstəqilliyimizin ən mühüm amillərindən biri hesab edirik. Birləşmiş Millətlər Təşklatı ilə daim əməkdaşlıq edirik və bundan sonra da edəcəyik. Doğrudur, Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığımız dövründə bəzi məsələlərdən narazıyıq. Bu da ondan ibarətdir ki, bölgəmizdə Ermənistanla Azərbaycan arasında münaqişənin qarşısının alınmasında Birləşmiş Millətlər Təşkilatı təsirli qərarlar qəbul edə bilmir. Bilirsiniz ki, bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan zorla çıxarılıb və uzun müddətdir - altı-yeddi ildir ölkəmizin müxtəlif yerlərində, çadırlarda çox ağır vəziyyətdə yaşayırlar.”, - deyə Heydər Əliyev qeyd edib.

Onun sözlərinə görə, 1992-1993-cü illərdə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edəndə Azərbaycan BMT-yə müraciət edib. "Birləşmiş Millətlər Təşkilatı bu müraciətlərə Təhlükəsizlik Şurasında dörd dəfə, bəlkə də çox baxmışdır. Hər halda 1992-1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycandan qeyd-şərtsiz çıxması haqqında dörd qətnamə qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının bu barədə bir neçə xüsusi bəyanatı da olmuşdur..Amma Birləşmiş Millətlər Təşkilatının üzvü olan Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların heç birisini yerinə yetirməyibdir. Belə çıxır ki, Təhlükəsizlik Şurası qərar qəbul edir, amma yerinə yetirmir. Bu da Birləşmiş Millətlər Təşkilatına hörmət gətirmir.”, - ümummilli lider vurğulayıb.

Heydər Əliyev qeyd edib ki, ona deyiblər ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamə və qərarlarının icra mexanizmi yoxdur. " Əgər belə bir mexanizm yoxdursa, onu yaratmaq lazımdır. Əgər o, yaradılmırsa, demək, Birləşmiş Millətlər Təşkilatı özü qəbul etdiyi qətnamələrin həyata keçirilməsinə biganə qalır. Mən bu gün burada bu sözləri deməyə məcburam. Çünki ölkəmizin düşdüyü vəziyyət məni buna məcbur edir” deyə vurğulayıb.

Onun sözlərinə görə, bu sualları qaldırmamaq mümkün deyil. "Ümid edirəm ki, bu sözlər sizin üçün yalnız məlumat olmayacaq, mənim fikirlərimə öz tərəfinizdən reaksiya verəcəksiniz. "Reaksiya" deyəndə mən Birləşmiş Millətlər Təşkilatı tərəfindən əməli hərəkətləri nəzərdə tuturam”, - deyə Heydər Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti