Bakı. Trend:
Sülh yolu ilə nizamlanmanın baş verməməsində günahkar Ermənistan və yalnız Ermənistandır
Trend-in məlumatına görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı deyib.
Nazirin sözlərinə görə, Ermənistanın öz qoşunlarını Azərbaycan
ərazisindən tam, dərhal və qeyd-şərtsiz
çıxarılmasına dair öhdəliklərini yerinə yetirməməsi Ermənistanın 30
il əvvəl Azərbaycana qarşı başlatdığı silahlı münaqişənin həlli
istiqamətində bütün beynəlxalq səylərin uğursuzluğa düçar olmasına
səbəb olub.
"Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri qarşıya qoyulan məqsədlərə nail oldu. Əgər Ermənistan Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsəydi, bu sülh yolu ilə çoxdan əldə oluna bilərdi. Bunun baş verməməsində günahkar yalnız Ermənistandır", - deyə o bildirib.
C.Bayramov qeyd edib ki, Ermənistanın Azərbaycanın suveren
ərazisində davam etdirdiyi qeyri-qanuni hərbi
mövcudluğu Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni
sakinlərinin reinteqrasiyası səylərinə ən ciddi maneə olaraq
qalmaqda idi.