...

Fransa Mərkəzi Asiyanın qapısı olan Azərbaycanla çox möhkəm əlaqələr qurmalıdır (MÜSAHİBƏ) (FOTO/VİDEO)

Siyasət Materials 24 Noyabr 2023 11:06 (UTC +04:00)
Fransa Mərkəzi Asiyanın qapısı olan Azərbaycanla çox möhkəm əlaqələr qurmalıdır (MÜSAHİBƏ) (FOTO/VİDEO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Mərkəzi Asiyanın qapısı olan Azərbaycanla çox möhkəm əlaqələr qurmalıdır.

Bu barədə Trend-ə özəl müsahibəsində Parisin Lagazetteaz.fr onlayn qəzetinin baş icraçı direktoru Jan-Mişel Brun deyib.

"Hətta Ermənistanın da gələcəyi Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlərdən asılıdır. Azərbaycan bütün bunların mərkəzindədir, Qafqazın Mərkəzi Asiyaya giriş qapısıdır. Biz Azərbaycanla çox möhkəm əlaqələr qurmalıyıq. Çox güclü iqtisadi və mədəni əlaqələrimiz olmalıdır", - o deyib.

O, Fransanın Ermənistana hərbi texnika tədarükündən danışaraq bunun axmaq siyasət olduğunu deyib.

"Lakin daxili siyasətin mahiyyəti sadəcə sağçı partiyalara "sivilizasiyanı müsəlman dünyasından qoruduğumuzu" göstərməkdir. Bu, tamamilə axmaqlıqdır. Lakin bunu ciddi qəbul etmək lazım deyil. Bu, sadəcə, Fransa KİV-in hər gün eyni şeyi dediyinə görədir. Lakin onlar bu cür informasiya verməyə son qoysalar, hər şey dəyişəcək", - deyə Brun əlavə edib.

Fransanın xarici siyasətində ikili standartlar

"Fransanın xarici siyasətində hər hansı ardıcıllıq axtarırsınızsa, bu, çətin olacaq. Əsas problem ondadır ki, adətən, dostlarımızın düşmənləri bizim düşmənimiz, dostlarımızın dostları isə bizim də dostlarımız olur. Misal üçün, Fransa Ermənistanın dostu və İranın düşmənidir, lakin İran Ermənistanın dostudur. Yəni burada ardıcıllıq yoxdur. Əslində, fikrimcə, Fransanın xarici siyasəti daxili siyasətlə müəyyən olunur. Bizdə Fransada 800 min nəfərlik böyük erməni diasporu var və bu diaspor çox güclüdür, çünki KİV-in əksəriyyətinə rəhbərlik edir, seçkilərdə səs verə bilirlər və s. Ermənilər Fransanın üç əsas şəhərində - Paris, Lion və Marseldə cəmləşiblər. Əlbəttə ki, bu da səbəblərdən biridir", - o deyib.

Brunun sözlərinə görə, ikinci səbəb hazırda Fransa siyasətinin son dərəcə sağçı olması ilə əlaqəlidir.

"Fransa hökuməti Ermənistanın köməyi ilə Bakı və İrəvan arasındakı fikir ayrılıqlarını sivilizasiya münaqişəsinə çevirməyə çalışır. Yəni Fransanın hakim dairələri xristian Ermənistanı müsəlman Azərbaycana qarşı dəstəklədiyini bəyan edir. Hamı bilir ki, Azərbaycan dünyəvi ölkədir. Yəni bu axmaqlıqdır. Fransa siyasətində bu cür əlaqəsizliyə və ikili standartlara təəccüblənməyin. Fransa hazırda Yaxın Şərqdəki münaqişə ilə bağlı da bu cür ikili standartlar siyasəti yeridir", - o deyib.

Fransız jurnalist ölkəsində erməni diasporunun güclü olduğunu qeyd edib.

"Çünki əslində, biz onun güclü olmasına imkan vermişik. Ermənilər təbliğata milyonlarla dollar yatırım edirlər, çünki bu onların son döyüşüdür", - o deyib.

"Yadımdadır ki, bir neçə həftə bundan əvvəl Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva yerli telekanallara müsahibə verdi. Bu müsahibə çox güclü mesajlar ötürdü. Mənə hər yerdən, hətta ABŞ-dən zənglər gəlirdi və deyirdilər ki, bu çox gözəldir, biz nə isə öyrəndik. Çünki Fransa KİV-də biz Azərbaycanın "ermənilərə hücum etdiyini", "Qarabağı işğal etdiyini" deyirik. Əslində, hər şey əksinədir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində Qarabağın Azərbaycanın bir hissəsi olduğu deyilir. Ermənilər Qarabağı Azərbaycan istədiyi üçün deyil, özləri getməyə qərar verdikləri üçün tərk etdi. Kommunikasiya çox vacibdir. Mənim kimi bəzi jurnalistlər bunun üçün mümkün olan hər şeyi edirik. Əlbəttə, erməni lobbisi böyük nüfuza malikdir. Lakin biz də nələrsə edə bilərik", - Brun deyib.

Fransada milliyyətçiliyin artması

Brun qeyd edib ki, ölkə özünü zəif hesab etdikdə ümumi düşməni tapmağa çalışır.

"Fransada heç nə qaydasında getmir. Bizim həkimlərimiz, müəllimlərimiz çatışmır, vergilər çox yüksəkdir. Fransızlar indi ümidsizlik içərisindədir. Biz yenidən fransız olduğumuz üçün fəxr etmək istəyirik. Məsələ fransız olmağın məhz nə demək olduğundadır. Siz bu suala cavab verə bilməzsiniz. Siz bu sualı verəndə bu irqçiliyə, ksenofobiyaya gətirib çıxarır. Fransa hökuməti daxili və xarici düşmənlərini müəyyən edib. Fransa hökumətinin fikrincə, daxili düşmənlər müsəlmanlardır.

Fransada 10 milyon müsəlman var. Xarici düşmənlər isə Türkiyə və Azərbaycan kimi müsəlman ölkələr hesab olunur. Bu problemdir. Fransada müsəlmanlar üçün, həqiqətən, çətindir. Hökumət insanların Fələstinə dəstək nümayiş etdirməsini qadağan edir. Siz Fələstinə dəstək nümayişinə qatılırsınız və buna görə cərimə olunursunuz", - o deyib.

Brunun fikrincə, təkcə hökumət deyil, siyasi partiyalar da bircə son dərəcə sağçıların səslərini ala biləcəklərini zənn etməklə böyük səhv edirlər.

"Bilirəm ki, bu axmaqlıqdır, irqçilik və ksenofobiyadır. Məhz bu səbəbdən Sarkozi və Olland təkrar seçkilərdə uduzdular. Xarici siyasət aparmaq üçün uzaqgörənlik lazımdır. Bu iki keçmiş prezidentin uzaqgörənliyi yox idi, hazırkı prezidentdə də yoxdur. Onlar anlamır ki, dünya dəyişir", - deyə Brun əlavə edib.

O, bir neçə gün öncə Bakıda keçirilən dekolonoziyasiya üzrə beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb.

"Bakıda Qoşulmama Hərəkatının müstəmləkəçiliklə mübarizəyə həsr olunmuş böyük konfransı keçirildi. Fransa anlamır ki, artıq müstəmləkəçiliyə son qoyulub. Uzun illər ərzində Fransa müstəmləkə ölkələrinin insan resurslarını və təbii sərvətlərini oğurlayırdı. Sizin qarşınızda şirniyyat dolu kasa var və istədiyiniz qədər yeyə bilərsiniz və budur bir gün o kasanı əlinizdən alsalar, əlbəttə, acacaq və qəzəblənəcəksiniz. Məhz bu baş verdi. Onlar anlamır ki, yer üzü ancaq dünyanın üç ölkəsinə məxsus deyil. Fransa imperiyası, Böyük Britaniya imperiyası, İspaniya imperiyası artıq yoxdur. Bizdə Fransada müstəmləkə vaxtları üçün nisgillənən insanlar var. Bəzi insanlar düşünür ki, Əlcəzair, əvvəlki kimi, Fransaya məxsus olmalıdır. Biz insanların bu cür düşüncələrini dəyişməliyik. Çox maraqlıdır ki, Bakıda keçirilən konfransda Fransanın 18 dairəsindən nümayəndələr toplaşmışdı və müxtariyyət, azadlıq istədiklərini bəyan etdilər. Onlar ilk dəfə azad olmaq istədiklərini deyirdilər. Fikrimcə, bu vəziyyəti, həqiqətən, dəyişəcək", - Brun deyib.

Makronun Afrikadakı uğursuzluğu

"Fikrimcə, Makron realist deyil. O, xaricdə olanda davranışları cəfəng görünür. Bir dəfə Makronun Afrika ölkələrinin prezidentləri ilə görüşü oldu. Makron Afrika ölkəsinin prezidentindən kondisioneri təmir etməsini istədi. Bu gülüncdür. O, mövcud olmayan dünyadadır. Haradasa başqa bir yerdə yaşayır. Məhz bu səbəbdən fransızlar onun siyasətindən qətiyyən razı deyillər. Makron opportunistdir. Bir neçə gün öncə bizdə antisemitizmə qarşı nümayiş keçirildi, lakin bu nümayişin islamofobiya nümayişinə keçdiyi aydın idi və Makron burada iştirak etmirdi. Ondan başqa bütün hökumət orada idi. Lakin o islamofobiyanın immiqrasiyaya, müsəlmanlara qarşı mübarizədə işinə yarayacağını düşünəndə bundan istifadə edir", - deyə o qeyd edib.

Brunun fikrincə, Afrika siyasəti təkcə Makronun deyil, həm də Ollandın, Sarkozinin, hətta Şirakın uğursuzluğudur.

"Bu səbəbdən onlar Fransa imperiyasının artıq mövcud olmadığını qəbul etmirlər. Biz Fransa imperiyasının ideyası ilə böyümüşük. Fransa Afrika və Polineziyadan sərvətlərin hasilatı üçün yer olaraq istifadə edib. Fransa sənayesi Əlcəzair nefti sayəsində inkişaf edib, nüvə silahı Polineziyada keçirilən sınaqlar sayəsində hazırlanıb. Fransa Polineziyanı öz mülkiyyəti olaraq saxlamaq istəyirdi. Lakin dünya dəyişir və biz azadlığın əslində nə olduğunu bilirik", - o deyib.

Azərbaycanla Fransa arasında gələcək münasibətlər

"İnanıram ki, Azərbaycanla Fransa arasında möhkəm əlaqələr hamı üçün əlverişli olacaq. Bizim möhkəm mədəni əlaqələrimiz var. Gələcəkdə Azərbaycanla Fransa arasında möhkəm əlaqələrin olacağını düşünürəm. Zənnimcə, hər şey hətta gözlənildiyindən də tez yoluna düşəcək, çünki fransızlar Ermənistana görə narahat deyil. Onlar heç Ermənistanın harada yerləşdiyini bilmirlər. Gələcəkdə Cənubi Qafqazdakı proseslərə daha da fəal cəlb olunacağımızı düşünmürəm", - deyə o qeyd edib.

Brun bildirib ki, Azərbaycana səfər etmiş bütün tanışları buranın möhtəşəm ölkə olduğunu deyir.

"Azərbaycandan xoşu gəlməyən heç kimi tanımıram. Onlar bu ölkəni sevirlər", - deyə o sonda deyib.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti