...

BSTDB dövlət-özəl tərəfdaşlığı layihələrində Azərbaycana dəstək göstərməyə hazırdır - Serhat Köksal (ÖZƏL MÜSAHİBƏ)

Siyasət Materials 21 May 2025 17:30 (UTC +04:00)
BSTDB dövlət-özəl tərəfdaşlığı layihələrində Azərbaycana dəstək göstərməyə hazırdır - Serhat Köksal (ÖZƏL MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) dövlət-özəl tərəfdaşlığı layihələrində Azərbaycana dəstək göstərməyə hazırdır.

Bunu BSTDB-nin prezidenti Serhat Köksal İslam İnkişaf Bankı Qrupunun (IsDB) Əlcəzairdə keçirilən illik toplantıları çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

“Azərbaycan Avrasiya nəqliyyat qovşağının inkişafına fəal şəkildə investisiya yatırır – dəmir yolları, avtomobil yolları, limanlar inşa olunur və bu layihələr indiyə qədər, əsasən, dövlət vəsaitləri hesabına maliyyələşdirilib.

2023-cü ildə İqtisadiyyat Nazirliyi nəzdində dövlət-özəl tərəfdaşlığı üzrə bir strukturun yaradılmasını məmnuniyyətlə qarşıladıq. Bu, çox vacib addımdır, çünki dövlət-özəl tərəfdaşlığı layihələri dərin ixtisaslaşmış bilik və bacarıqlar tələb edir. Bankımız aqrobiznes, logistika və səhiyyə sahələrində bu cür layihələrin reallaşdırılmasında geniş təcrübəyə malikdir. Biz portfelimizi həm dövlət-özəl tərəfdaşlığılayihələri, həm də dövlət təşəbbüsləri hesabına genişləndirmək niyyətindəyik. Biz gələcək dövlət-özəl tərəfdaşlığı layihələrində Azərbaycana dəstək verməyə şad olarıq”, – deyə Köksal vurğulayıb.

O, Ziya Əliyevin bankda fəaliyyətə başladığını bildirib:

“Onun komandamıza qoşulmasından məmnunuq. Artıq bir aya yaxındır işləyir və bank rəhbərliyinə ciddi dəstək göstərir”, – deyə BSTDB prezidenti bildirib.

Azərbaycan üçün yeni strategiya

Köksal bankın 2023–2026-cı illəri əhatə edən ortamüddətli strategiya və biznes plan həyata keçirdiyini diqqətə çatdırıb.

“Adətən, biz hər il ölkə üzrə fərdi strategiyalar hazırlayırdıq. Lakin Qara dəniz regionunda geosiyasi gərginlik və bunun fəaliyyətimizə təsiri səbəbindən bu dördillik dövr ərzində ölkələr üzrə fərdi strategiyalar hazırlanmayıb. İndi vəziyyəti sabitləşdirmişik və münaqişənin nəticələrinin öhdəsindən uğurla gəlmişik,” – deyə o bildirib.

Bankın planlarına əsasən, 2027-ci ildən etibarən ölkə üzrə fərdi strategiyalar yenidən tətbiq olunacaq.

“Biz 2027–2030-cu illər üçün illik ölkə strategiyalarına qayıdacağıq. Bildiyiniz kimi, bankın ikili mandatı var – iştirakçı ölkələr arasında iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləmək. Bu məqsədlərə xidmət edən istənilən layihələr təqdir olunacaq və prioritet dəstəklə təmin olunacaq”, – deyə o izah edib.

İslam İnkişaf Bankı ilə əməkdaşlıq

“Azərbaycan, Türkiyə və Albaniya – BSTDB və IsDB-nin ortaq üzvləridir. Onların ortaq mandatı Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağa töhfə verməkdir. Bu, təcrübə mübadiləsi, innovativ həllərin müzakirəsi və digər qurumlarla əməkdaşlığın inkişafı üçün əla platformadır. Bu görüş çərçivəsində sənəd imzalanması planlaşdırılmır. Lakin artıq “Standard Chartered” bankı ilə 150 milyon avro məbləğində kredit sazişi imzalamışıq. Bu saziş İslam İnvestisiyaların və İxrac Kreditlərinin Sığortası Korporasiyasının (ICIEC) zəmanəti ilə həyata keçirilib. ICIEC-ə bu razılaşmadakı dəstəyinə görə minnətdarlığımızı bildiririk”, - deyə Köksal qeyd edib.

BSTDB regionunda islam bankçılığı prinsiplərinin tətbiqi

Bank rəhbəri bildirib ki, Qara dəniz regionundakı bütün ölkələrdə islam maliyyə institutları fəaliyyət göstərmir. Lakin bu, xaricdən islam maliyyəsi cəlb olunmasına maneə yaratmır.

“Biz hər zaman yeni maliyyələşdirmə alətlərinə açığıq. Türkiyə, Azərbaycan və Albaniya kimi ölkələrdə artıq islam maliyyə institutları fəaliyyət göstərir. Digər ölkələrdə isə hələlik islam maliyyələşməsinə tələb aşağıdır, buna görə yaxın zamanda bu cür strukturların yaradılması gözlənilmir. Bununla belə, əgər maraq yaranarsa, biz BSTDB üzv ölkələrində islam maliyyəsinin yayılmasına kömək edə bilərik. Əgər kifayət qədər tələbat görsək, islam maliyyə məhsullarını bankın özündə də təqdim etməyə hazırıq”, - deyə Köksal sonda bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti