...

Mərkəzi Seçki Komissiyası dekabrın 14-də təkrar parlament seçkiləri ilə bağlı Təqvim Planını təsdiqləyəcək

Siyasət Materials 13 Dekabr 2005 16:37 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərlə bağlı Təqvim Planını dekabrın 14-də təsdiq edəcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verib.

O bildirib ki, mayın 13-nə təyin olunmuş təkrar seçkilərlə bağlı "Seçkilərin hazırlanması və keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim Planı" artıq hazırdır. MSK-nın dekabrın 14-də keçiriləcək iclasında bu sənəd müzakirəyə çıxarılacaq və təsdiqlənəcək. N.Məmmədov bildirib ki, Təqvim Planında təkrar seçkilərlə bağlı bütün hərəkət və tədbirlərin müddəti, başlama və başa çatma vaxtları, seçki prosesinin prosedura qaydaları əksini tapıb.

MSK katibi qeyd edib ki, qanunla artıq seçkidə iştirak etmək istəyənlərin öz namizədliyini irəli sürməsi vaxtı başlanıb. Lakin hələ ki, təkpap parlament seçkisinə namizədliyini irəli sürən yoxdur. N.Məmmədov bunu hələ seçkiyə çox vaxt qalması ilə əlaqələndirib.

Qeyd edək ki, namizədlər seçkiyə ən azı 70 gün qalmış imza vərəqələrini və digər sənədlərini seçki komissiyasına təqdim etməlidirlər. Seçki komissiyası da həmin vaxtdan 10 gün ərzində namizədin sənədlərinə baxıb qərar çıxarmalıdır. Səsverməyə 60 gün qalmış seçkinin təbliğat-təşviqat kampaniyası başlayacaq. Bu kampaniya səsvermədən 24 saat əvvəl başa çatacaq.

Xəbər lenti

Xəbər lenti