...

Heydər Babayev: 2006-cı ildə Azərbaycanın regionlarında investisiyalar $450 mln. təşkil edəcək

Siyasət Materials 17 Fevral 2006 18:52 (UTC +04:00)
Heydər Babayev: 2006-cı ildə Azərbaycanın regionlarında investisiyalar $450 mln. təşkil edəcək

Ölkənin sosial-iqtisadi inkişafının gücləndirilməsi ilə bağlı olaraq respublika regionlarının inkişaf proqramı qarşısında qoyulan vəzifələrin əhəmiyyəti də artır. Trend bildirir ki, fevralın 17-də regionların inkişafı dövlət proqramının gerçəkləşdirilməsinin iki illiyinə həsr olunmuş tədbirdə iqtisadi inkişaf naziri Heydər Babayev bu barədə bəyan edib.

Nazir qeyd edib ki, ötən il Azərbaycanda ÜDM həcmi 26,4% artıb. Beləliklə, əhalinin adambaşına $1518 düşür. 2005-ci ildə dövlət investisiyalarının ümumi həcmindən təxminən 75% ölkə regionlarının payına düşüb. Bu vəsaitlər çərçivəsində Naxçıvanda "H.Əliyev adına" Vayxır su ambarının inşası, Astara - QazıMəmməd qaz kəməri, Gəncə hava limanının, Masallı- Yardımlı avtomobil yolunun yenidən qurulması layihələri həyata keçirilib.

Respublikanın bütün rayonlarında yeni müəssisələr açılıb.Bunlardan 160-ı emal, 300-dən çoxu tikinti, 200 kəndtəsərrüfatı və 900 ticarət və xidmət göstərilməsi sahəsində olan obyektləri əhatə edir. İndiyədək cəmi 346 min yeni iş yeri açılıb, bunlardan 173 mini daimi iş yeridir.

Proqramın başlıca vəzifələrindən biri regionlarda kommunal xidmətinin inkişaf etdirilməsidir. Ötən il 155 km EÖX çəkilib, 64 yeni yarımstansiya tikilib, 600-dən çox transformator, Astarada modul elektrik stansiyası qurulub. Bu il Naxçıvan, Şəki və Xaçmazda belə stansiyalar inşa ediləcək. 2005-ci ildə həmçinin NMR-in qaz təminatı layihəsinin ilk mərhələsi başa çatdırılıb. Təxminən 500 min metr uzunluqda yeni qaz kəmərləri çəkilib. 2006-cı ildə Lerik və Yardımlı, 2007-ci ildə isə Beyləqan və Ağcabədi rayonları qazla təmin olunacaq. Nazir qeyd edib ki, beləliklə, ölkənin bütün rayonları qazla təchiz olunacaq.

2005-ci ildə 75 km yeni su xətləri, eləcə də 19,6 km kanalizasiya xətləri çəkilib, 4 qazanxana inşa edilib, 10-u isə təmir olunub. Həmçinin rayonlararası və daxili avtomobil yollarının yenidən qurulması üzrə işlər davam etdirilib. Gəncə - Şəmkir, Lənkəran -Lerik yollarının yenidən qurulması başa çatdırılıb, Culfa - Ordubad, Biləsuvar -İran sərhədi yollarında işlər davaim etdirilir. Bu məqsədlə təxminən 70 mlrd. manat xərclənib.

H.Babayevin sözlərinə görə, sahibkarlığa dəstək çərçivəsində də işlər davam etdirilir. Sahibkarlığa dəstək fondunda nəzərdə tutulmuş 200 mlrd. manatdan təxminən 90%-i regional layihələrə ayrılıb. Bu il fondun kreditləşdirilmə üçün nəzərdə tutulmuş vəsaitləri iki dəfə artırılacaq və 400 mlrd. manat təşkil edəcək. Bundan başqa, kreditlərin verilməsi prosedurası yüngülləşdiriləcək. Hazırda iqtisadi inkişaf nazirliyi tərəfindən bu məsələ ilə bağlı təkliflər hazırlanıb və təsdiq üçün təqdim olunub.

2006-cı ildə beynəlxalq maliyyə institutları ilə iş davam etdiriləcək. Bu il Azərbaycanda layihələrə təxminən $450 mln. sərf olunacağı nəzərdə tutulur. Bundan Dünya bankı suvarma sisteminin bərpasına $40 mln., SCADA energetika layihəsinə $48 mln., kənd təsərrüfatı layihəsinə $35 mln., qaçqınların sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasına $11,5 mln təqdim edəcək. Asiya inkişaf bankı Ağdaş, Göyçay və Naxçıvan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə $30 mln. təqdim edəcək, Almaniyanın KFW bankı İsveçrə hökuməti ilə birgə Gəncə və Şəkidə $54 mln.dəyərində su təchizatının yenidən qurulması layihəsini maliyyələşdirəcək.İslam inkişaf bankı və ərəb fondları Xanarx - $22,5 və Vəlvələçay - $42,5 kanallarının inşasına vəsait təqdim edəcək. Bakı - Gürcüstan sərhədi, Bakı -Rusiya sərhədi və Ələt - Astara avtomobil magistrallarının yenidən qurulması layihələrinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti