Bakı Slavyan Universitetində polyak dili və mədəniyyəti mərkəzi açılacaq. Polşanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, mərkəzin açılması layihəsinin texniki tərəfi başa çatmaq üzrədir.
Məsələ yaxın vaxtlarda həllini tapacaq. Səfirlik layihənin gerçəkləşdirilməsində texniki yardım göstərib, Polşa haqqında lazımi ədəbiyyat və materiallarla kömək edib, o cümlədən mərkəzin texniki təchizatını həyata keçirib. Səfirlikdən verilən məlumata görə, layihədə məqsəd universitetin tələbə və müəllimlərinə Polşanın tarixi, mədəniyyəti və müasir həyatı haqqında daha çox material verməkdir. Hazırda BSU-da təxminən 80 nəfər azərbaycanlı tələbənin polyak dilini öyrəndiyi polyak dili və ədəbiyyatı bölməsi fəaliyyət göstərir. Hər il onlar Varşava universitetlərində ixtisasartırma kursları keçir.
Səfirlikdən bildirilib ki, Varşava Universitetində də Azərbaycan dili və ədəbiyyatı kursları açılıb.