...

Aydın Mirzəzadə: "Türkiyəsiz Avropanı təsəvvür etmək mümkün deyil"

Siyasət Materials 5 Sentyabr 2006 17:19 (UTC +04:00)

Türkiyəsiz Avropanı təsəvvür etmək mümkün deyil. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədr müavini, politoloq Aydın Mirzəzadə Avropa Parlamenti Xarici Əlaqələr Komissiyasının "2006 Türkiyə" raportunun qəbul edilməsinə münasibət bildirərəkən qeyd edib.

Xatırladaq ki, Avropa Parlamentinin hollandiyalı deputatı Samiel Eurlinqsin hazırladığı raportda Türkiyədən ifadə azadlığı, dini və milli azlıqların haqları, vətəndaş cəmiyyətiylə ordunun əlaqələri, qadın haqları, mədəni haqlar sahəsində islahatların həyata keçirilməsinin sürətləndirilməsi, məhkəmənin müstəqilliyinin möhkəmləndrilməsi istənilir.

Raportda Türkiyədən Ermənistan ilə diplomatik əlaqələrin qurulması, Ankaranın şərt irəli sürmədən addımlar atması, bu ölkəylə sərhəd keçid məntəqələrini dərhal açması, Türkiyənin limanlarını yunan Kiprinin gəmilərinə açması yönündə tələb də yer alıb.

Politoloq Avropa Parlamentinin hüquqi aspektlərə deyil, daha çox siyasi aspektlərə söykənərək Türkiyəyə qarşı məxsusi münasibət ortaya qoyduğuna təəssüfləndiyini bildirib: "Avropanın heç bir ölkəsi ilə bağlı hər hansı bir məsələnin müzakirəsində onun tarixi nəzərə alınmayıb. Avropa Parlamenti ilk növbədə qanunlarla işləməlidir. 1915-ci ilin hadisələrinə tarixçilər qiymət verməlidir. Tarixçilər də erməni soyqırımının uydurma olduğunu bildiriblər".

A.Mirzəzadə bu məsələdə digər maraqların olduğunu da önə çəkib. Bildirib ki, ya Avropa Türkiyəni qəbul etməyə hazır deyil, ya da Kipr məsələsinin həll edilməməsi bu gün Türkiyə ilə Avropa arasında anlaşmanın yaranmasına ciddi maneçilik törədir: "Erməni diasporu isə uydurma soyqırım məsələsini Kipr məsələsinə calayıb. Ancaq mənə elə gəlir ki, bu qərar nə vaxtsa dəyişdirilə bilər. Çünki Türkiyə Avropanın bir hissəsidir və Türkiyəsiz Avropanı təsəvvür etmək mümkün deyil".

Xəbər lenti

Xəbər lenti