...

Astanadakı Azərbaycan diasporunun həmsədri: Biz bir-birimizə həmişə kömək edirik

Siyasət Materials 25 Sentyabr 2006 16:09 (UTC +04:00)
Astanadakı Azərbaycan diasporunun həmsədri: Biz bir-birimizə həmişə kömək edirik

Bu gün Qazaxıstanda 300 min azərbaycanlı yaşayır. Onların yarısı bu ölkədə doğulub və bugünədək də burada yaşayır və işləyir. Qazaxıstandakı "Xəzər" Azərbaycan diaspor təşkilatının həmsədri Vidadi Salahov Trend in Astanadakı xüsusi müxbirinə eksklüziv müsahibəsində ölkədəki azərbaycanlıların yaşayışı barədə danışıb.

- Zəhmət olmasa, "Xəzər" Azərbaycan diasporu təşkilatının fəaliyyəti haqqında məlumat verərdiniz.

- Bizim diaspor təşkilatı 1999-cu ildə yaradılıb və 5 min nəfərdən ibarətdir, Qazaxıstan xalqlarının Kiçik Assambleyasının tərkibinə daxildir. Biz çox mehribanıq və fəaliyyətimiz hərtərəflidir. Yeri gəlmişkən, biz Azərbaycan və Qazaxıstanın bütün milli və dövlət bayramlarını qeyd edirik. Bizim özümüzün "Xəzər" mahnı və rəqs ansamblı var və heç bir tədbirimiz Azərbaycan mahnı və rəqsi olmadan ötüşmür. Biz həm də diasporun cari problemlərinin həlli, biznesin aparılması məsələlərinə həsr olunmuş görüşlər keçirir və həmişə bir-birimizə kömək edirik.

- Qazaxıstandakı Azərbaycan diasporu necə formalaşıb?

- Əgər ümumi desək, Qazaxıstandakı Azərbaycan diasporu bir neçə yolla formalaşıb. Adamların bir qismi bura öz xoşu ilə, xüsusilə xam torpaqların mənimsənilməsi zamanı gələnlərdən ibarətdir. O illərdə komsomol putyovkaları ilə Qazaxıstana minlərlə könüllü gəlib. Onlar arasında mənim həmvətənlərim də olub. Burada mənim kimi orduda xidmət etdikdən sonra qalıb yaşayanlar da var.

Diasporun digər tərkib hissəsi isə bu ölkəyə öz istəyi ilə gəlməyib. Onlar əsasən, 1937-ci ildən 1943-cü ilədək çeçenlər və yunanlarla birlikdə Şimali Qafqaz və Gürcüstandan, o cümlədən almanların kompakt yaşadığı Azərbaycanın Şamxor rayonundan zorla sürgün edilənlərdir.

Deməliyəm ki, xalqımızın tarixi faciəli fakt və məqamlarla doludur. Bu gün Qazaxıstanda yaşayanlar arasında yarım əsr ərzində iki dəfə deportasiyanın acısını çəkmiş, daha doğrusu, müharibədən əvvəl və müharibə illərində zorla öz doğma vətənindən sürgün edilən insanlar da var. Onların bir hissəsi Özbəkistana düşmüşdü. Xatırladığınız kimi, vaxtilə burada Məshəti türkləri ilə bağlı xoşagəlməz hadisələr baş vermişdi. Bu hadisələr azərbaycanlılardan da yan keçmədi və onlar bu dəfə Özbəkistandan qaçmağa məcbur oldu - kimi öz tarixi vətəninə, kimi Rusiyaya, kimi isə Qazaxıstana.

- Azərbaycanlı uşaqlara doğma dil və mədəniyyət öyrədilirmi?

- Əlbəttə! Bu, çox vacibdir və biz bunun üçün hər cür şərait yaratmağa çalışırıq. Məsələn, Astanada bazar günü məktəbi fəaliyyət göstərir. Burada uşaqlarımıza Azərbaycan əlifbası, mədəniyyəti və musiqisi öyrədilir. Təhsil bir neçə istiqamət üzrə aparılır. Doğrudur, təəssüflər olsun ki, hər şey insanların ruh yüksəkliyinə əsaslanır. Məsələn, mən qardaşımla bazar günü məktəbinin müəllimlərinin əmək haqlarını özümüz verməyə məcburuq. Ancaq biz əminik ki, bu, xalqımız üçün çox lazımdır!

Xəbər lenti

Xəbər lenti