Hesab edirəm ki, bütün siyasi və iqtisadi, o cümlədən sosial sahədə olan problemlər 2008-ci ilədək öz həllini tapacaq. Bunu Milli Məclisin payız sessiyasının açılışında Azərbaycan prezidenti İlham Əliyev parlamentarilərə müraciəti zamanı bəyan edib.
"Biz mövcud problemləri birgə həll etməliyik", - deyə prezident parlamentarilərə müraciət edərkən bildirib. "Xalq arasında parlamentin rolu artır və artmaqda davam etməlidir. Sevindirici haldır ki, ölkənin siyasi və iqtisadi inkişafı paralel gedir. Azərbaycan öz mövqelərini daha da möhkəmləndirib. Həm daxili, həm də xarici siyasətdə proseslər müsbət istiqamətdə irəliləyir", - deyə prezident qeyd edib.
Trend in xəbər verdiyi kimi, dövlət başçısının sözlərinə görə, regionların inkişafı proqramı uğurla həyata keçirilir, bölgələrdən şəhərlərə miqrasiya azalır ki, bu da gələcəkdə öz istiqamətini dəyişə bilər. Prezidentin sözlərinə görə, dövlət büdcəsinin artması mövcud olan bütün problemlərin həllinə imkan verəcək. Bütün iri infrasturktur layihələri - elektrik stansiyalarının, yolların, qaz və su xətlərinin, məktəblərin inşası və s. 2007-2008-ci illərdə başa çatdırılmalıdır, - deyə İlham Əliyev bildirib.
İqtisadi potensial, ictimai-siyasi mühit, beynəlxalq əlaqələrin inkişafı respublikadan kənar risklərin azalmasına gətirib çıxarır. Regional münasibətlərdə Azərbaycanın sözü həlledici olub. "Bizim razılığımız və ya iştirakımız olmadan regionda heç bir layihə gerçəkləşdirilmir", - deyə İ. Əliyev bəyan edib. Onun sözlərinə görə, Azərbaycan siyasəti, eyni zamanda, regiona böyük töhfəsini verir. "Mən şəxsən Azərbaycan qarşısında ciddi problemlər görmürəm. Bütün problemlər gələcəkdə həll olunacaq", - deyə İlham Əliyev bəyan edib.