Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti qarşıdan gələn seçkilərlə bağlı məsuliyyəti hiss edir və lazım olan bütün addımları atır. Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çərşənbə günü açıqlama verib.
O qeyd edib ki, Azərbaycanın seçki tarixində ilk dəfə olaraq 125 seçki dairəsinin hamısında hərtərəfli monitorinq aparılıb, çox faydalı işlər görülüb: "Seçkilərin keçirilməsi, hazırlanması MSK-nın səlahiyyətindədir, amma dövlət orqanlarının da bu işdə məsuliyyəti var. Onlar dairə seçki komissiyalarını (DSK) lazımi iş şəraiti ilə, binalarla təmin etməli, şərait yaratmalıdır, MSK isə DSK-ların fəaliyyətini nəzarətdə saxlamalıdır. Bu işlər nəticəsində 70-ə yaxın DSK üçün yeni binalar tikilir, 30-a yaxın dairəinin yerləşdiyi binalar təmir olunur, otaqları artırılır" -deyə Pənahov bildirib.
Onun sözlərinə görə, sentyabra qədər bütün bu proseslər başa çatacaq. MSK sədri deyib ki, seçki komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət başçısının göstərişi var. MSK sədri bütün DSK-ların lazımi avadanlıqlarla təchiz edilməsi üçün maliyyə vəsaitinin ayrıldığını deyib: "2008-ci ilin əvvəlindən 125 dairənin hamısı yürksək səviyyədə iş şəraitinə malik olacaq".