...

Türkiyənin hakim partiyasının deputatı: "Türkiyənin 11-ci prezidentini Böyük Millət Məclisi seçəcək"

Siyasət Materials 13 İyul 2007 18:30 (UTC +04:00)
Türkiyənin hakim partiyasının deputatı: "Türkiyənin 11-ci prezidentini Böyük Millət Məclisi seçəcək"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyənin 11-ci prezidentini Böyük Millət Məclisi seçəcək. Bu barədə Trend ə müsahibəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili, NATO Parlament Assambleyası sədrinin müavini və Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Vahid Ərdəm məlumat verib.

Ərdəmin sözlərinə görə, 22 iyulda keçiriləcək parlament seçkilərində böyük ehtimalla AKP səs çoxluğu qazanacaq və yenidən iqtidara gələcək. AKP partiya olaraq parlament seçkisində təxminən 300 nəfər namizədi ilə iştirak edir. Ərdəmin sözlərinə görə, seçkidən sonra parlamentdə üç partiyanın təmsil olunacağı gözlənilir - AKP, Cümhuriyyət Xalq Partiyası (CPH) və Milliyyətçi Xalq Partiyası (MHP). Onlardan AKP və CHP-nin üstünlük qazandığı artıq məlumdur. MHP isə baryerin sərhədindədir və parlamentə düşmək üçün 10 faizlik baryeri keçmək şansı böyükdür.

Ərdəm qeyd edib ki, üç partiya arasından yenə də səs çoxluğunu AKP qazanacaq, buna görə də cümhurbaşqanlığına (prezidentliyə) namizədi də bu partiya irəli sürməlidir.

Türkiyə Konstitusiyasına görə, oktyabrın 21-də ölkənin 11-ci cümhurbaşqanının (prezident) seçilməsi üçün referendum keçirilməlidir. İyulun 22-də formalaşacaq yeni parlament həmin vaxta qədər prezidenti seçə bilər.

Qeyd edək ki, Türkiyədə prezidentin artıq Böyük Millət Məclisi deyil, xalq tərəfindən seçilməsi məsələsi gündəmə gəlib və parlament bu barədə qərar çıxarıb. Lakin prezidentin xalq tərəfindən seçilməsinin reallaşması ehtimalı azdır. Ərdəmin sözlərinə görə, bu, vaxt çatışmazlığı ilə bağlıdır. Çünki prezident seçimini xalqın ixtiyarına vermək üçün Konsitusiyaya dəyişiklik edilməli, bunun üçün isə referendum keçirilməlidir. Hazırda parlament tətildədir və seçki kampaniyası gedir.

Millət vəkili Ərdəm qeyd edib ki, Anayasaya (Konstitusiyaya) görə, artıq noyabrın 21-dək prezident seçilməlidir, həmin dövrə qədər referendum keçirmək isə vaxt baxımından mümkün deyil: "Ona görə də böyük ehtimalla Türkiyənin 11-ci cümhurbaşqanını yenə də Böyük Millət Məclisi seçəcək. AKP də səs çoxluğu qazanacağı üçün cümhurbaşqanlığına da o namizəd irəli sürəcək" - deyə Ərdəm qeyd edib.

Millət vəkili bildirib ki, hazırda Türkiyədə seçiklərlə bağlı yaşanan siyasi gərginlik seçki başa çatan kimi ortadan qalxacaq.

Xəbər lenti

Xəbər lenti