...

Rəbiyyət Aslanova: "Azərbaycan qanunlarına tabe olmayan missioner təşkilatların fəaliyyətinin qarşısı alınmalıdır"

Cəmiyyət Materials 18 Sentyabr 2007 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Azərbaycan qanunlarına tabe olmayan və milli-mənəvi dəyərlərə zidd təbliğat aparan missioner təşkilatların fəaliyyətinin qarşısı alınmalıdır. Bu barədə çərşənbə axşamı Bakıda parlamentin İnsan hüquqları daimi komissiyasının sədri, millət vəkili Rəbiyyət Aslanova bildirib.

"Çünki bu, milli təhlükəsizlik məsələsidir. Necə ola bilər ki, Avropa ölkələrində qadağan olunan missioner təşkilatların Azərbaycanda fəaliyyət göstərməsinə icazə verilsin? Bəzən bizə irad tuturlar ki, Avropa ölkələrində tam qadağan olunan missioner təşkilatların fəaliyyətinə niyə imkan yaratmırsız. Azərbaycan ölkə qanunlarına tabe olan bütün dini konfensiyalar üçün açıqdır. Qanunları pozan və azaçıq da olsa milli maraqlarımıza zidd olan istənilən fəaliyyətin qarşısı alınacaq" - deyə Aslanova Azərbaycanda qeyri-ənənəvi dini icma üzvlərinin fəaliyyətinə qadağa qoyulması ilə bağlı fikirləri şərh edərkən bildirib.

ABŞ Dövlət Departamenti sentyabrın 14-də 2006-2007-ci illərə dair insan haqları və dini azdlıqlar haqqında hesabat yayıb. Sənəddə Azərbaycanda Konstitusiya ilə məhdudiyyətsiz dini hüquqlar mövcud olduğu halda dini hüquqların məhdudlaşdırılması geniş yer alıb. Qeyd olunur ki, bir neçə dini qrupların qeydiyyatına icazə verilməyib, bəzilərinin üzvləri həbs olunub, dini ədəbiyyatın yayılmasına qoyulan qadağa davam edib. Yerli orqanlar və ya Komitənin məmurları Baptistlərə, İeqova Şahidlərinə və digər qeydiyyata düşmək və dini fəaliyyət aparmaq istəyən qurumlara tez tez maneələr yaradıb. Məruzədə müsəlman dini təşkilatlarının fəaliyyətinə də qoyulan məhdudiyyətlər yer alıb.

Aslanovanın sözlərinə görə, dini sahədə Azərbaycanda olan tolerant vəziyyəti bütün beynəlxalq təşkilatlar və ekspertlər müsbət qiymətləndirirlər.

"Azərbaycandakı dini icmaların, konfensiyaların fəaliyyətinə heç bir zaman məhdudiyyət qoyulmayıb" - deyə komissiya sədri əlavə edib.

Azərbaycanda yəhudilər, rus provaslavları, katoliqlər və müsəlmanların bir məkanda mehirban şəkildə yaşayıb, fəaliyyət göstərdiklərini qeyd edən Aslanova deyib ki, bundan başqa ölkədə çox sayda dini təriqətlərin nümayəndələri də var: "Qərblə Şərqin qovşağında yerləşən bir ölkədə müxtəlif dinlərin təmsilçiləri fəaliyyət göstərirlər. Bu, tarixən həmişə belə olub və gələcəkdə də belə olacaq. Çünki Azərbaycanda dini zəmində heç vaxt qarşıdurma olmayıb".

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti bu tip məruzələri bir deyil, dünyanın 146 ölkəsi üçün hazırlayır. Bu zaman müxtəlif ölkələr, cəmiyyətlər, siyasi mühütlərlə bağlı konkret yazılar və məlumatlar vermək əvəzinə şablon xarakterli hesabatlar hazırlanır.

"ABŞ Dövlət Departamenti hesabat obyekti olan dövlətin özünəməxsusluğunu, həmin dövlətdə olan dinlər və mədəniyyətlərarası dialoqun vəziyyəti və tarixi köklərinə dair heç bir məlumat açıqlamır" - deyə Aslanova qeyd edib.

Komissiya sədri Azərbaycanda olan dini tolerantlığa nümunə kimi Bakıda olan hərbi şəhərçiklərdən birinin ərazisində yerləşən və uçub-dağılmış qədim rus kilsəsinin azərbaycanlı biznesmen Aydın Qurbanovun vəsaiti hesabına təmir olunmasını, Bakının mərkəzində katloik kilsəsinin tikintisi üçün ərazinin ayrılmasını, yəhudi sinoqoqunun təmir olunmasını göstərir: "Elə şəhərlər var ki, ora daxil olanda hər addımda kilsə ilə rastlaşırsan. Lakin Azərbaycanda məscidlərlə yanaşı kilsələr, sinoqoqlar da fəaliyyət göstərir".

Aslanova qeyd edib ki, Azərbaycanda dini icmaların qeydiyyatı ilə bağlı da problem yoxdur. Qanunvericilikdə bu məsələ tam asanlaşdırılıb. Dini icmalar Qeyri-Hökumət Təşkilatlar kimi çox asanlıqla qeydiyyatdan keçə bilərlər.

Xəbər lenti

Xəbər lenti