...

Hesabat: Sentyabrda mətbuata qarşı qarayaxma iddiaları ilə bağlı 50-dən çox məhkəmə iclası keçirilib

Cəmiyyət Materials 9 Oktyabr 2007 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Sentyabrda mətbuata qarşı qarayaxma iddiaları ilə bağlı 50-dən çox məhkəmə iclası keçirilib. Media-Hüquq İnstitutunun hazırladığı hesabatda qeyd olunur ki, qəzetlərdə dərc olunmuş məqalələrə görə böhtan və təhqir adı altında məhkəmələrdə baxılmaqda olan və yeni qaldırılmış şikayətlərdəki tələblərə əsasən, 15 jurnalist həbs oluna, mülki iddialara əsasən isə, qəzet redaksiyaları və jurnalistlərin üzərinə 1 milyon 680 min manat ödənc qoyula bilər.

Sentyabrda mediaya qarşı qarayaxma adı altında 6 yeni məhkəmə davası açılıb, əksəriyyəti məmurlar olan iddiaçı və şikayətçilər jurnalistlərin həbsini, qəzetlərin üzərinə onların ödəyə bilməyəcəyi məbləğdə təzminatların qoyulmasını, qapadılmasını tələb ediblər.

Hesabatda qeyd olunur ki, Azərbaycanda jurnalistlərin həbsə atılmasını tələb edənlər sırasına uzaq Nigeriya əsilli bir iş adamı da qoşulub. O "Korrupsiya və cəmiyyət" jurnalının baş redaktorunun üzərinə 300 min manat təzminat qoyulması və onun həbs olunması tələbi ilə məhkəməyə ərizə verib.

Hesabata görə, Bakı Apellyasiya Məhkəməsinin "Azadlıq" qəzetinin üzərinə qoyulan 50 min manatlıq ağır təzminatı ləqv etməsi, başqa bir işdə 50 min manatlıq təzminatı 5 min manata endirməsi ötən ay media ilə əlaqəli yeganə müsbət hadisə olub.

Sənəddə, həmçinin, sentyabrda heç bir iddia ilə bağlı barışığın əldə olunmadığı, mediaya qarşı iddia, şikayətlərin icraata götürülməsindən imtina edilmədiyi, iddia və ya şikayətlərin təmin edilməməsinin baş vermədiyi vurğulanır.

Media Hüququ İnstitutu qeyd edir ki, mediaya qarşı iddiaların sayının artmasının, tələblərin sərtləşməsinin arxasında jurnalistlər haqqında rəsmi dövlət orqanlarının sərt bəyanatları, çoxsaylı jurnalistlərin həbsdə saxlanması, mediaya qarşı rəsmi təbliğat kampaniyasının aparılması durur.

Xəbər lenti

Xəbər lenti