...

Hüquq müdafiəçisi baş redaktora aclığı dayandırması üçün müraciət edib

Cəmiyyət Materials 13 Dekabr 2007 17:30 (UTC +04:00)

Azərbaycan,Bakı Trend , müxbir K.Zərbalıyeva/ Hüquq müdafiəçisi "Azadlıq" qəzetinin həbsdə olan baş redaktoruna aclıq aksiyasını dayandırması xahişi ilə müraciət edib.

Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək, noyabrın 11-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

Behbudov bildirib ki, baş redaktor dekabrın 8-dən etibarən, jurnalistlərin həbsinə və özünün qanunsuz həbsinə etiraz olaraq, aclığa başlayıb.

Söz və Mətbuat Azadlığının Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva baş redaktor Qənimət Zahidə müraciətində onun revmatizm və digər xəstəliklərdən əziyyət çəkdiyini və aksiyanın səhhətinə mənfi təsir göstərəcəyini və himayısində 4 azyaşlı uşağının olduğunu qeyd edərək, aclığı dayandırmasını xahiş edib.

Baş redaktor çərşənbə günü İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudovla görüşündə, tələbləri yerinə yetirilməyənədək aclığı davam etdirəcəyini bildirib.

Baş redaktorun həbsinə noyabrın 7-də, saat 16 radələrində "Azadlıq" qəzeti redaksiyasının yerləşdiyi "Azərbaycan" nəşriyyatının binası qarşısında baş vermiş insident səbəb olub. Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Zahid arasında yaranan mübahisə əlbəyaxa dava ilə nəticələnib. Həmin gün Yasamal Rayon Polis İdarəsinə müraciət edən Həsənov məhkəmə-tibb ekspertizasından keçib və ona kəllə-beyin travması alması barədə rəy verilib.

Baş redaktor barəsində cinayət işi baxılmaq üçün Yasamal rayon məhkəməsinə göndərilib.

Əgər ittihamlar sübut olunarsa, baş relaktoru 3 ilə qədər həbsi gözləyir.

İnsan hüquqlarının müdafiəsini həyata keçirən beynəlxalq təşkilatlar Zahidin həbsini pisləyən bəyanatla çıxış edib və bunu Azərbaycanda söz azadlığına təzyiq kimi qiymətləndiriblər.

Zahid həbsini ona qarşı hazırlanmış təxribat hesab edir.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 9 jurnalist cəzalandırılıb. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar.

Xəbər lenti

Xəbər lenti